Baş Prokurorluğun mətbuat xidmətindən Asiya.az-a verilən məlumata görə, bu cür həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.
Belə ki, məlumat verildiyi kimi Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Hazırda cinayət işi ilə bağlı istintaqın aparılması davam etdirilir və iş üzrə prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Masallı rayon Mərkəzi Xəstəxanasının gündəlik fəaliyyətinə hər hansı bir maneə törətmir və qeyd edilən müayinə prosedurlarına müdaxiləni tam istisna edir.
Cinayət işi üzrə vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.