Paltarımı satışa çıxartdım..– Lalə Məmmədova sevgidən yazır

Paltarımı satışa çıxartdım..– Lalə Məmmədova sevgidən yazır
  • Mədəniyyət

  • Müğənni Lalə Məmmədovnın növbəti xatirə-əhvalatını təqdim edirik.

    Sevgi vardır ki, bahardan bizə güllər gətirir
    İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
    Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
    Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
    Fəqət həpsində qaranlıq gecələr kölgəsi var

    Mikayıl Müşfiq

    Sevgi var... Əlbəttə vardır! Olmasaydı, bu boyda cahan və sakinləri niyə bu qədər həyata tutunmalıydılar ki? Bu qədər nəğmələr, dastanlar, əfsanələr hardan yaranacaqdı?
    Ancaq bu gün haqqında yazacağım sevgi nümunəsi fəlsəfi, ciddi-ciddi şairlərin, filosofların, qələmə aldığı sevgilərdən olmayacaq. Həm mən yazıçı da deyiləm. Yazanlar yazıb, oxuyanlar oxuyub, təzə nə yazacağam ki?

    14 fevral Dünya Sevənlər Günüdür. Nə gözəl! Yaşasın sevgi! Yox, yox…

    Deyəsən, tələsdim...

    Yaşasın sevgidən öncə gələn sayğı və güvən! Məncə, Tanrı belə dünyanı yaradarkən öncə insana sayğı və güvən, sonra sevgiylə yanaşdı. Elə olmasaydı, insanın Yer üzündə törətdiyi fitnə-fəsada görə salamat adam qalmazdı.

    Sevgini hər zaman öndə görmək istəyirik. Sanki yaşadığımız gözəl anları, etdiyimiz səhvləri, günahları, savabları sevgi adı altında özümüzə haqq qazandırmağa, qarşılaşacağįmız ittihamlardan sığortalamağa çalışırıq,
    Ancaq zaman və yaşadıqlarımız sevgidən öncə sayqı və güvənin vacib olduğunu bizə göstərdi.

    Bir çox səhnə adamlarının xatirələrinə baş vursanız orada özəl bir pərəstişkar sevgisiylə rastlaşacaqsınız! Mütləq rastlaşacaqsınız!

    Bu gün tam başqa sevgidən söhbət açmaq istəyirəm. Təmənnasız, qarşılıqsız, saf pərəstişkar sevgisindən. Üzünü görmədiyim, səsini eşitmədiyim, ancaq sevgisinin səmimi olduğuna qəlbən inandığım və sonsuzadək minnətdar olduğum gizli pərəstişkar sevgisi...

    Təxminən 2006-2007-ci illərə təsadüf edir danışacağım əhvalat. Radioların birində xeyriyyə məqsədiylə internet vasitəsilə auksion keçirilirdi və bu auksionda izləyicilər arasında maraq doğursun deyə sənət adamlarının özəl əşyaları satışa çıxarılırdı. Səhv etmirəmsə, bu aksiyaya qoşulan altıncı sənətçi idim. Növbəm çatanadək digər tanınmış sənətçilərin bahalı eynəkləri, qol saatı və s. əşyaları gözlənildiyi kimi izləyicilər tərəfindən göydə alındı.

    Auksiona məşhur "Kölgən olaram" klipindəki xüsusi olaraq mənimçün hazırlanmış böyük yarıqlı, zəncirli qara, uzun əlbisəmlə qoşuldum. Başlanğıcda əlbisəyə simvolik qiymət qoyuldu. Canlı yayıma qoşulan dinləyicilər yarışa girdilər. Sonda paltar münasib qiymətə satıldı. Dərindən nəfəs alıb "Ah, nə gözəl, mənim də bu gözəl işdə bir payım oldu" dedim.

    Az sonra verilişin prodüseri (Səbinə xanım) zəng etdi və həyəcanla mənə verilişdən sonra baş verənləri danışmağa başladı.

    Veriliş bitir və heyət paltarı alan və götürməyə gələn yaraşıqlı bir gənci radioda qarşılayır. Və heç də bu vaxtadək yaşamadıqları hadisənin şahidi olurlar. Dinləyici paltarın pulunu ödəyir, amma əlbisəni sahibinə qaytarmağı yaradıcı heyətdən xahiş edərək eynilə bu sözləri deyir: "Ona olan sevgim və sayğım onun şəxsi əlbisəsinin başqa birisinin əynində olmasına izn vermir. Lütfən Lalə xanıma qaytarın paltarı."

    Paltar yenidən mənə qayıtdı.

    Ancaq bu dəfə dəyərindən qat-qat çox qiymətli Sevgi və Sayğı ilə.//kulis.az/
    PAYLAŞ:

    Oxşar xəbərlər