Bəli, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir.
Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqrama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu 5 illik plan ilk belə plan deyil. Gərək olduğunca, dövlətimizin daha yeni proqramlar qəbul və icra etmək imkanı vardır. Siz təsəvvür edirsizmi, cəmi bir neçə ay öncəyədək, saxta “qalib ədası”ndan əziyyət çəkən Ermənistan belə ardıcıl, böyük miqyaslı proqramları icra edə bilərmi? Bax, bu müqayisə çox həqiqətləri bir daha üzə çıxarır. Dövlətimizlə qürur duyuruq.
Söhbət şəhid ailələri, müharibə əlillərinə yalnız mənzillərin verilməsindən getmir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bundan sonra da gərəkən köməkliklər göstəriləcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə davamlı, keyfiyyətli tibbi yardım göstəriləcək. Minlərlə qazimiz orada hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Ayrıca, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib, ilkin olaraq, 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyi rəsmən bildirilib. Üstəlik, ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi “ağıllı” protezlərlə təmin edilib və onlar artıq normal yaşama dönə bilib. Dövlət-xalq birliyini, xalqın öz dövlətinin yanında necə durduğunu 44 günlük müharibədə hansı dərəcədə gördüksə, dövlətin öz qazi vətəndaşlarına, səhid ailələrinə diqqət-qayğısını da eyni yüksək dərəcədə görmək qürurvericidir.
Dövlət başçısının sözlərindən çıxış edərək desək, dövlətimiz öz sosial siyasətinə, bu siyasətin strateji prioritetlərinə sadiqdir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri, yaralı qazilər üçün əlindən gələni edib, edir və edəcək. Statistikaya diqqət edək: bugünədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Yalnız ötən il (2020) içində 1572 mənzil verilib. Bu il isə bundan təqribən iki dəfə çox – 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm I, həm də, II Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Onu da əlavə edək ki, 7200-ə yaxın müharibə əlilinə minik avtomaşını verilib.
Biz bu yazını cənab Prezidentin Ramanadan verdiyi ismarınclar əsasında hazırlamışıq. Ramana oradakı böyük yaşayış kompleksinin istifadəyə verilməsindən, dünənki açılış mərasimindən və dövlət başçısının Ramanadan verdiyi ismarınclardan sonra, Sabunçu rayonu inzibati ərazisindəki bir qəsəbə olmaqdan çıxıb, respublikamızda, dünya azərbaycanlıları arasıdna, türk dünyasında, dünyada adı (yalnız Ramana qalasına görə yox), yeni simasına, yeni yaşayış kompleksinə, yeni sakinlərinə görə də axtarışa verilən, gələcəkdə daha çox ziyarətçi qəbul edəcək gözəl ünvana çevriləcək.
Prezidentin Ramanadakı çıxışı Ermənistanın düşdüyü mövcud durumun "niyə"sini, "necə"sini, Ermənistanın sabahsızlığını, qalib Azərbaycanın aydın sabahını yığcam, dəqiq ifadə etməsi ilə "Ramana tezisləri" də adlandırıla bilər. Və o tezislərə zaman-zaman yenidən müraciət olunacaq...
DÖVLƏTİMİZ VAR OLUN!
Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət komitəsinin sədri.