Hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir

Hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir
  • Hərb

  • Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Bu gün Azərbaycanda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır. Dövlətimiz tərəfindən məxsusi olaraq postmüharibə dövrü üçün işlənib hazırlanmış əhatəli sosial dəstək paketi, ilk növbədə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, müharibə əlillərinin, erməni terrorundan zərər çəkmiş vətəndaşların ən müxtəlif istiqamətlərdə sosial problemlərinin həllini nəzərdə tutur.

    Sosial dəstək proqramlarının reallaşdırılmasında və dövlət siyasətinin sosialyönümlülüyünün qorunmasında dövlətin institusional təşəbbüsləri vacib rol oynayır. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilmişdir. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.

    O cümlədən şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilməsi təmin edilmişdir.

    Vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi üçün dövlətin irəli sürdüyü institusional təşəbbüslər artıq öz müsbət nəticələrini verməkdədir. Azərbaycan dövləti Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılmışdır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür. Həmçinin komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qruplarının da işi təqdirəlayiqdir. Təkcə Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılmış, onların böyük hissəsi yerində həll olunmuş, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür.
    Ümumiyyətlə, Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

    Arzu Daşpoladova,
    Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər