Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir

Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir
  • Hərb

  • Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

    Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir.
    Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiyanın yaradılması dövlətimizin Vətən müharibəsi iştirakçılarına göstərdiyi qayğının bariz nümunəsidir. Həmçinin, hərbçilər tibbi sosial ekspertiza ilə təmin olunacaqdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.

    Bütün bunlardan əlavə olaraq qeyd etmək istəyirəm ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdiriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

    Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.

    Dövlət səviyyəsində şəhid və qazi ailələrinin daim diqqət mərkəzində saxlanılması hər yerdə olduğu kimi, biz Salyan rayon ziyalılarını da çox sevindirir. Bu gün əminliklə deyə bilərik ki, vətənin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından və sağlamlığından keçmiş Azərbaycanın igid və ləyaqətli övladları və onların yadigarları daima xalq və dövlət dəstəyi ilə bundan sonra da əhatələnəcək, onların sosial problemləri ən sürətli şəkildə və xüsusi diqqətlə həll ediləcəkdir.

    Rafiq Əzizov,
    Salyan rayon Dayıkənd kənd tam orta məktəbin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər