“YAŞAT” FONDU

“YAŞAT” FONDU
  • Cəmiyyət

  • Vətənimizin gözəl guşələrindən olan Qarabağın 30 illik “erməni” işğalından 44 gün ərzində azad edilməsi, düşmənlərin tarixi ərazilərimizdən qovulması, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin bərpa edilməsi, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində qələbə çalması Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi dövründə bütün dünya Müzəffər Sərkərdə cənab prezident İlham Əliyevin güclü və sarsılmaz iradəsinə, rəşadətli Azərbaycan ordusunun gücünə , Azərbaycan xalqının qüdrətinə heyran oldu. Xalqımız tarix boyu sınmaz, güclü, iradəli xalq olduğunu müasir dövrdə - 21-ci əsrdə əyani şəkildə sübut etdi. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə dünya hərb tarixində yeni səhifələrin yazılmasına səbəb oldu. O səhifələr ki, onları Vətənimizin igid oğulları düşmənlərimizi məhv edərək öz qanları, canları hesabına yazıblar.

    Vətən müharibəsi bitdikdən sonra Cənab prezident İlham Əliyevin, Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda şəhid və qazi olan, həmvətənlərimiz onların yaxınları, ailələri həmişə diqqət mərkəzində saxlanılırlar. Şəhid və qazi ailələrinin problemlərinin həll olunması, yaşayış səviyyələrinin yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən ən əhəmiyyətli tədbir “YAŞAT” fondunun yaradılmasıdır.

    “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.
    Fondda vətəndaşlara xidmət əsas fəaliyyət istiqamətlərindəndir. Fondun vəsaiti bir neçə istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması və,s bura daxildir.

    “YAŞAT” Fondu tərəfindən Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar.

    “YAŞAT” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

    Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətlərinə məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. aiddir.
    Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

    Yuxarıda “YAŞAT” Fondunun əhəmiyyətini, fəaliyyət formalarını qeyd etdik. Xüsusi olaraq qeyd etmək lazımdır ki, “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinin, qazilərin və onların ailələrinin parlaq gələcəklərinin qurulması yolunda çox mühüm əhəmiyyət daşıyır. Biz bunu “YAŞAT” Fondunun həyata keçirdiyi tədbirlərdə əyani şəkildə görə bilərik. Fondun vaxtında yaradılması, səmərəli fəaliyyətinin təşkil edilməsi bir başa Cənab Prezident İlham Əliyevin çevik siyasəti , uzaqgörənliyi, şəhid və qazilərə, onların ailələrinə xüsusi qayğısı sayəsində mümkün olmuşdur. Şübhəsizdir ki, “YAŞAT” Fondu şəhidlərin və qazilərin ailələrinin parlaq gələcəklərinin qurulmasında, həssas qrupa daxil olan bu insanların yüksək yaşayış səviyyəsində yaşamalarında müstəsna rol oynayacaq...

    Anar Salehoğlu (Qarayev)
    Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin tələbəsi, Yevlaxın fəal gənci.
    PAYLAŞ:

    Oxşar xəbərlər