"Künci-bəladə fikrin ilə lal oturmağı Qəsri-behiştdə söhbəti-Hurayə vermərəm" - İlqar Kamil

"Künci-bəladə fikrin ilə lal oturmağı Qəsri-behiştdə söhbəti-Hurayə vermərəm" - İlqar Kamil
  • Sosial

  • "Gitara dərsləri, həftədə iki dəfə. Maraqlananlar (qeyd: lütfən, yalnız ciddi-ciddi maraqlananlar) bu nömrəyə zəng etsinlər..." - ağ vərəqlərə tayp etdiyimiz elanı musiqiçi dostumla bir neçə divara yapışdırıb yollandıq evə. Elə bil çaya qarmaq atıb gözləyirdik, görəsən yaxın duran "balıq" olacaqdımı?
    Axşam tərəfi nəhayət ki, "qarmaq" göz eləməyə başladı: "Salam, gitara dərsləri elanına görə zəng edirəm, yazılmaq olar?" "Cavab: xeyr, gecikmisiniz, yerlər dolub artıq". Telefonu söndürər-söndürməz kəsdirdim başının üstünü: ə, dəmşalag, camaatı ələ salmısan, ya özünü? Yerlər haçan doldu mənim xəbərim olmadı, bu nə hoqqadı çıxarırsan...? Qımışdı zalım oğlu: "Mənim hər yoldan ötənə dərs verəcək halım yoxdu, ciddi maraqlanırsa yenidən zəng edəcək, lazım gəlsə lap yalvaracaq da!"
    Yəni nə? Yəni, qardaşım, başına dönüm, bu balıq qurdu eşələmək üçün gəlmişdi, yemək üçün yox.
    Fikir versəniz məşhur ziyarətgahların heç biri səfalı yerlərdə deyil. Götürək elə Allahın evini, Həcərul-əsvədi, Məkkəni. Allahın evi olmaqdan başqa bir imtiyazı varmı oraların? Kərbəla şəhəri, Məşhəd ziyarəti... İmam hərəmgahı olmasalar, inanın, bir nəfər ayaq basmazdı o torpaqlara. Yaşıllığı yox, dənizi, dəryası yox, üstəlik də cəhənnəm istisi...!
    Müəllimim deyərdi, sanki Allah qəsdən belə edib ki, gələn yalnız Allah üçün, İmam üçün, övliya üçün gəlsin, yəni çörək şərikli olmasın. Təsəvvür edin, hansısa ziyarətgah, məsələn, Dubayda, nə bilim, Piterburqda, Parisdə yerləşəydi, həm ziyarət, həm ticarət olmazdımı?
    Məncə, şair eynən bu vəziyyəti tərənnüm edib yazmışdı: yolar tikanlı yollardı, ayaqlarını sevən gəlməsin.
    Siz hələ əziz peyğəmbərin məşhur Şəbaniyyə xütbəsindəki cümləyə baxın: "duitum fihi ila ziyafətillah" - bu ay siz İlahi ziyafətə dəvət olunmusunuz! Dəvətnamə əlində, sevinə-sevinə qapıdan içəri girirsən ki, heç nə yoxdu; süfrə var, amma bomboş, ocaq var, amma üstündə nəsə bişmir, təsəvvür edin, adicə su belə ikram edilmir qonağa...
    Bəli, bəli, bəli!
    Bu qonaqlıq qəsdən belə parıltısız təşkil olunub... ki, gələn Allah üçün gəlsin. Adam bu qonaqlığın əhəmiyyətin başa düşürsə gələcək, əziyyət də çəksə gələcək, zülüm də görsə gələcək! Təkrar-təkrar zəng edəcək və gördü olmur, ağız açıb yalvaracaq da: bilirəm yerlər dolub, amma xahiş edirəm, məni də o kursa yazın, mən gitara çalmagı öyrənmək istəyirəm, qurban olum, bu mənim uşaqlıq arzumdu...
    Bax, həə, beləsinə bəlkə nəsə öyrətmək olar!
    Orucluq ayini də məhz buna görə belə qurudu, işıqsız, parıltısızdı... ki, gələn gerçəkdən və yalnız Onun üçün gəlsin. Gəlsin, başını ehmalca soyuq divarlara söykəyib mərhum Racidən bu misraları zümzümə eləsin özü üçün:
    Künci-bəladə fikrin ilə lal oturmağı
    Qəsri-behiştdə söhbəti-Hurayə vermərəm.
    İlqar Kamil,
    Psixoloq-loqoterapevt
    PAYLAŞ:

    Oxşar xəbərlər