“Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub

“Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
  • Mədəniyyət

  • 23 iyun 2021-ci ildə mərhum Xalq şairi, Türk dünyasının görkəmli ədibi Zəlimxan Yaqubun Qarabağ mövzulu şeirləri və 11 poeaması toplanmış “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.

    Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib, özəlliklə gənc nəslin bu kitabı sevə-sevə oxuyacağına, yaxın keçmişimizdə yaşananların, həqiqətlərimizin parlaq poetik ifadəsi ilə tanış olacağına inamını, ürək sözlərini bölüşüb.

    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətinmizdəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib:
    “Sizləri bu mübarək təqdimatda salamlayır, bütün iştirakçılara, təqdimatın təşkilində əməyi olan hər kəsə bəri başdan təşəkkür edirəm. Əlbəttə, böyük təşəkkür Musa müəllimə düşür. – “Ozan dünyası”nın baş redaktoru, ustadın yaxın dostu Musa Nəbioğlu Zəlimxan Yaqubun sağlığında və şair haqqa qovuşduqdan sonra onun irsinin toplanması, sistemləşdirilərək təbliğ olunması sahəsində ciddi işlər görüb”.
    Sözünə davam edən Komitə sədri Xalq şairi ilə yaxın dostluğundan, fikir mübadilələrindən söz açıb, xatirələrini bölüşüb: “Biz Zəlimxan Yaqubun Qarabağa, Azərbaycana, Türk dünyasına baxışını, böyük gələcəyə necə bir inam bəslədiyini yaxşı bilirik.
    Biz bu gün həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun Vətən mövzusunda, Qarabağ mövzusunda yazdığı şeirlərindən ibarət kitabın təqdimatına toplaşmışıq. Bu cür kitabların təqdim olunması, təbliğ edilməsi çox vacibdir. Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Zəlimxan Yaqubla bağlı danışmaq mənim üçün həm asan, həm də çətindir. Çünki hələ orta məktəbdə oxuduğum illərdən Zəlimxan Yaqubun iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.
    Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu. Eyni zamanda o inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib – ötən ilin payızında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər qazandı.
    Təqdim olunan kitabın adı da çox mənalı və diqqətçəkəndir – “Qarabağ şikəstəsi”. Kitabı ərsəyə gətirən Musa Nəbioğluna təşəkkür edir və bir şeyi də burda demək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərini də ayrıca kitab halında hazırlasın. Milli Məclisin Mədəniyyət Komitəsi olaraq biz də bu işdə sizə dəstək olmağa hazırıq.
    Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq.”

    Nazir Anar Kərimovun salamlarını çatdıran Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, “Zəlimxan Yaqub öz dəst-xətti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur, bu da, özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu gün təqdimatı keçirilən kitab, Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır”.

    Ardınca Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli çıxış edərək, Zəlimxan Yaqub yaradıcılığının Türk dünyası miqyasında diqqət gördüyünü, şairin yaradıcılığında qardaş ölkə və xalqlara geniş yer ayrıldığını məmnunluqla qeyd edib: “Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edir. Şairin Qarabağ mövzusundan yazdığı əsərlərin bir kitabda toplanaraq təqdim olunması çox təqdiralayiq haldır və buna görə mən toplunun tərtibçisi Musa Nəbioğluna təşəkkür edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türkçülük mövzusunda yazdığı əsərlərin də ayrıca kitab halında nəşr olunması ilə bağlı hörmətli Qənirə xanım Paşayevanın təşəbbüsünü dəstəkləyir və demək istəyirəm ki, Beynəlxalq Türk Akademiyası olaraq biz də bu işdə hər cür dəstək göstərməyə hazırıq”.

    Millət vəkili, AMEA-nın həqiqi üzvü, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığının dərinliyi və üfüqü haqqında danışıb: “Zəlimxan Yaqubun haqqında danışılanlar, yazılanlar şəxsən mənimçün çox doğmadır.
    Zəlimxan Yaqub poziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa Türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir. Qarabağ müharibəsinin sərkərdəsi var, qəhrəmanları var və eyni zamanda onun tarixini yazanlar var. Zəlimxan Yaqub da bu tarixi yazanlardan və qələbəmizin mənəvi hazırlığını təmin edən böyük söz ustadlarından biridir. Bu kitabın hazırlanmasında hörmətli Musa Nəbioğlunun böyük xidməti var. Özü də bu onun birinci xidməti yox, onlarla xidmətindən biridir. Əlbəttə, biz Zəlimxan Yaqubun Qarabağ mövzusunda çox yazdığını bilirdik. Bu kitabda bir daha görürük ki, şair bu mövzuda 11 poema və 100-ə yaxın şeirin müəllifidir. Musa Nəbioğlu kitaba həm də çox məzmunlu bir ön söz də yazıb. Qələbəmizdən sonra belə bir kitabın nəşr olunması həm də onu göstərdi ki, əsgərlərimiz hansı mənəvi güclə döyüşə atıldılar və qələbəni təmin edən ruh hansı mənəvi gücdən qidalanır.

    Zəlimxan Yaqubun yaradıcılığında Türk dünyası mövzusu mühüm yer tutur və şeirlərində Türk dünyasından Qarabağa baxış öz əksini tapır.
    Zəlimxan Yaqub bu gündə xalqımızın mübarizəsində iştirak edir. Mən də Qənirə xanımın bu fikri ilə razıyam, demək olmaz ki, Zəlimxan Yaqub qələbəmizi görmədi. O, bütün ruhu ilə bu qələbəni hazırlayan adamlardan idi və xalqımızın bundan sonrakı bütün qələbələrində də ruhuyla iştirak edəcək.”

    Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirdi, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd etdi və “Qarabağ şikəstəsi” kitabını qələbəmizə Zəlimxan Yaqubun töhfəsi kimi dəyərləndirdi: “Təsəvvür edirəm, Zəlimxan Yaqub Şuşanın azad edildiyinin şahidi olsa nə deyər, hansı hissləri keçirər və necə əsərlər yaradardı. Bununla belə, doğrudan da, onun bu günü gördüyünə, qələbəmizin onun ruhuna agah olduğuna inanıram”.

    Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubova və üz qabığının rəssamı Azər Ziyadxan minnətdarlığını bildirib və deyib ki, bu gün Zəlimxan Yaqubun ruhu həqiqətn şaddır, çünki onun Qarabağımızı azad görmək arzusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən gerçəkləşib. O, eyni zamanda Zəlimxan Yaqubun əsərlərinin yeni nəşrələri ilə bağlı gələcək planlarından da söz açıb, tərdbirin təşkilatçılarına minnətdarlıq edib.

    Tanınmış İraq Türkman yazarı Dr. Şəmsəddin Kuzəçi Zəlimxan Yaqubun
    “Türk –
    təkhecalı kəlimə,
    yazılsın başdaşıma,
    Gərək yox heykəlimə” sözlərini xatırladaraq, onun bütün Türk dünyasında, o cümlədən də İraqda sevildiyindən, onun 1994-cü ildə İraq səfərindən söz açıb. Şairin Kərküklə bağlı əsərlər yazdığını diqqətə çatdıran Dr. Kuzəçi, onun Qarabağ mövzusunda yazdığı əsərlərin ayrıca toplu halında nəşr olunmasını yüksək dəyərləndirib.

    ADPU Quba filialının direktoru Dos.dr. Yusif Alı Afşar Xalq şairinin yaradıcılığının etno, epos əsasları və böyük gələcəyimiz haqqında təsəvvür yaratması haqqında düşüncələrini bölüşüb.

    Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova kitabın əhəmiyyətini vurğulayıb və Zəlimxan Yaqubun Türk dünyası mövzusunda yazdığı şeirlərin ayrıca kitab halında nəşr olunması ilə bağlı Q.Paşayevanın təşəbbüsünü dəstəkləyərək, RHİMİB olaraq bu kitabın nəşrini öz üzərlərinə götürdüklərini bildirib.

    Rəssam, “Qarabağ şikəstəsi”nin cildinin müəllifi Azər Ziyadxan şairin əsərlərindən təsirlənərək yaratdığı rəsmlərən söz açıb.
    Çıxışlarda Zəlimxan Yaqub yaradıcılığını şəxsiyyəti, şəxsiyyətinin yaradıcılığı ilə bir bütövlük təşkil etdiyi vurğulanıb.
    Aşıq Altay Məmmədli ustadın “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Aşıq Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” aşıq havası üstə ifa edib. Aşıqların ifası onlayn tədbirə xüsusi rəng qatıb.

    Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib.

    Zəlimxan Yaqub ailəsinin üzvü Bəhlul Yaqubov onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.

    Sonda MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qapanış sözü söyləyib.
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    “Qarabağ şikəstəsi” – Zəlimxan Yaqubun eyni adlı kitabının təqdimatı olub
    PAYLAŞ:

    Oxşar xəbərlər