Vauçerlərin tədavül müddəti artırıla bilərmi? – Deputat və ekspert danışır

Vauçerlərin tədavül müddəti artırıla bilərmi? – Deputat və ekspert danışır
  • Araşdırma, İQTİSADİYYAT

  • Ceyhun Məmmədov: “Tədavül müddətinin yenidən artırılacağını gözləyirəm”

    Ramil Osmanlı: “Gələcəkdə tədavül müddəti artırıla bilər, hazırki şəraitdə inandırıcı deyil”


    Ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin fərmanı ilə əhaliyyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılmasına başlandı. Hər biri dörd paydan ibarət olan vauçerlər qarşıdakı özəlləşdirmə zamanı əhalinin yüksək payla iştirakını təmin etməli idi. Lakin uzun müddət əhali bu çekləri özündə saxlasa da, onların faktiki olaraq bu prosesdə iştirakı təmin edilmədi. 2011-ci ildən isə özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatdı.

    Bəs görəsən özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırıla bilərmi?

    ASİYA.az mövzunu Milli Məclisin deputatı Ceyhun Məmmədov və Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə müzakirə edib.
    Vauçerlərin tədavül müddəti artırıla bilərmi? – Deputat və ekspert danışır
    Milli Məclisin deputatı Ceyhun Məmədov bildirib ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılması mümkündür: “Çünki Azərbaycanda özəlləşdirmə prosesi tam başa çatmayıb. Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və qurumun əsas fəaliyyət iqtiqamətlərindən biri gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsidir. Lakin bu necə həyata keçiriləcək, hansı qaydalarla tənzimlənəcək, bu barədə qəti söz demək mümkün deyil. Bu gün Azərbaycanda instusional islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu islahatlar bütün hakimiyyət qollarını – qanunverici, icraedici, məhkəmə qollarını əhatə edir. İdarəetmənin fəlsəfəsi dəyişir və bu ölkəmizin qarşısında böyük imkanlar açır. Açıq etiraf etmək lazımdır ki, İqtisadiyyat Nazirliyi iqtisadi sistemin sağlamlaşdırılması istiqamətində çox ciddi işlər görür. Nazirliyin nəzdində dövlət xidmətləri, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti yaradılıb. İnanıram ki, bu məsələyə ədalətli yanaşma ortaya qoyulacaq. Yüzminlərlə vətəndaş var ki, özəlləşdirmə payları əlində qalıb, onların bundan səmərəli istifadəsi üçün imkan yaradılacaq. Bu mənada yenidən tədavül müddətinin artırılacağını gözləyirəm”.

    Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı tarixi addım idi: “O zaman ümummilli lider Heydər Əliyev bu fərmanı verməklə, vətəndaşları həm qiymətli kağızlar, həm də pay sahibi etdi. Bununla bağlı imzalanan fərmanda ölkə vətəndaşlarının bütün maraqları təmin edilmişdi. Çox mütərəqqi fərman idi və Azərbaycan dövlət müstəqilliyinin memarı Heydər Əliyevin vətəndaşlara böyük dəstəyi kimi qiymətləndirilə bilər. Əgər həmin zaman kimlərsə bu prosesdən sui-istifadə hallarına yol veribsə, bu barədə hüquqi ölçü götürülməlidir. Zatən, Azərbaycanda vətəndaşların hüquqları həmişə ön planda tutulur və Cənab Prezident İlham Əliyev dəfələrlə bunu öz çıxışlarında bəyan edib”.

    Ceyhun Məmmədov şəxsinə və ailə üzvlərini məxsus vauçerləri hələ də saxladığını diqqətə çatdırdı: “Həm mənim, həm də ailə üzvlərimin, valideynlərimin özəlləşdirmə çekləri bu gün də qalır”.
    Vauçerlərin tədavül müddəti artırıla bilərmi? – Deputat və ekspert danışır
    Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə çeklərin tədavül müddətinin yenidən artırılacağına ümid etmir: “Bilirsiniz ki, Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanda geniş özəlləşdirmə prosesi həyata keçirilməli idi. O zaman mərhum prezident Heydər Əliyev bununla bağlı fərman imzaladı. Məqsəd vətəndaşların özəlləşdirmə prosesində iştirakını təmin etmək və ölkədə səhm bazarını formalaşdırmaq idi. Təəssüflər olsun ki, ilkin mərhələdə özəlləşdirmə payları öz təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə edildi. Bununla bağlı böyük skandallar oldu, ciddi problemlər meydana gəldi. “Qara bazar”da ticarət vasitəsi kimi istifadə olunmağa başladı. Məmur oliqarxiyası da bu prosesdə iştirak etdi. İndiki məqamda Azərbaycanda özəlləşdirmə prosesi başa çatmayıb və həmin çeklərin sayından, bununla bağlı daxil olan müraciətlərdən asılı olaraq hökumət müvafiq qərar qəbul etməlidir. Lakin bu zaman ciddi araşdırmalar aparılmalıdır. Açığını desəm, mövcud şəraitdə bunu real görmürəm. Gələcəkdə bu baş verə bilər, indiki halda isə inandırıcı görünmür”.

    Ramil Osmanlı özəlləşdirmə çeklərini saxlamadığını bildirir: “O zaman hərbi xidmətə getdim və bundan sonra çeklərin taleyindən xəbərim olmadı”.

    Cəfər Cəfərov, ASİYA.az
    PAYLAŞ:

    Oxşar xəbərlər