"Görülən bütün işlər xalq tərəfindən bəyənilir" - Arzu Bağırova

"Görülən bütün işlər xalq tərəfindən bəyənilir" - Arzu Bağırova
  • Siyasət / Araşdırma

  • Dövlət başçısı İlham Əliyevin Azərbaycanın qərb bölgəsinə – Daşkəsən, Naftalan və Goranboya səfəri zaman bir neçə obyektin açılışında iştirakı və sonra Azərbaycan Televiziyasına müsahibəsi ölkədə kifayət qədər dəyərləndirildi. Müntəzəm olaraq həyata keçirilən belə səfərlər zamanı Regionların Sosial – İqtisadi inkişafı Dövlət proqram­larının icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıqlar yerində yoxlanılır. Son illər ərzində cənab Prezidentin bölgələrə yüzlərlə səfəri və həmin səfərlərdə neçə-neçə açılışda iştira­kı, əslində, həyata keçirilən tədbirlərin həcmini göstərir. Bu səfərlər çərçivəsində həm infrastruktur layihələri həyata keçiri­lir, eyni zamanda, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi nəzərdə tutulur.

    Prezident, həmin müsahibədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən söz açaraq bildirdi ki, biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. O bölgələrdən olan insanlar – keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Azad edilən torpaq­larda müharibədən keçən 8 ayda çox böyük işlər görülüb. Prezidentin tapşırığı ilə orada, ilk növbədə, mina təmizləmə işləri aparılır. Buna, həm çox vaxt, həm də böyük vəsait lazım­dır. Təəssüf ki, 150-yə yaxın soydaşı­mız minalara düşərək, ya həlak olub, ya da öz sağlamlığını itirib.

    Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsini Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq və vicdansızlıq adlandıran dövlət başçısı bu addımın normal insani davranışa zidd olan yanaşma hesab etdiyini vurğuladı. Həqiqətən də mina xəritələrinin verilməməsinin heç bir əsası yoxdur. Prezidentin bildirdiyi kimi, müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan bu məğlubiyyətlə barışmalı olub. Mina xəritələrini də o məqsədlə vermir ki, daha çox azərbaycanlı həlak, yaxud əlil olsun.

    İşğaldan azad edilmiş torpaqla­rımızda “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir. Bu ilin sonuna qədər, həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatının qurulması, yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikilməsi nəzərdə tutulur.

    Prezident ikinci vacib sahə olan yol infrastrukturundan da söz açdı və burada da 8 ay ərzində xeyli iş görül­düyünü diqqətə çatdırdı. Bildirdi ki, Bərdə – Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Paralel olaraq Füzuli–Şuşa magistral yolu, Horadiz–Ağbənd yolu, Zəngilan–Qubadlı–Laçın yolu çəkilir. Füzuli–Hadrut, Füzuli–Cəbrayıl yolları üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırı­mı üzrə indiyədək olmayan yol çəkilir. İndi yol da, üstəlik, tunellər də çəkilir ki, ilin bütün mövsümlərində o yoldan istifadə edilsin.

    Hazırda üç aeroport tikilir. Bu aeroportların nə vaxt istifadəyə veriləcəyini Prezident artıq tapşı­rıb. Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı da böyük işlər görülür. Ağdamın baş planı təsdiqlənib. Füzulinin, Cəbrayılın baş planları üzərində iş aparılır, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb. Bir neçə xarici, tanınmış, dünya səviyyəli şirkət öz təklifini verib və indi seçim aparılır. Eyni zaman­da, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də, hamısı yenidən qurula­caq. Dövlət başçısı dedi ki, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır: “Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik”.

    Azərbaycan Prezidentinin de­diyi kimi, tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Bakı – Tbilisi – Qars dəmiryolu, digər infrastruktur – liman, Azad İqtisadi Zona, perspektivdə Zəngəzur dəhlizi böyük maraq doğurur. Bu onu göstərir ki, Azərbaycan təşəbbüslərini vax­tında, düzgün irəli sürüb. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı – Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.

    Dövlət başçımız Rusiya Preziden­tinin dəvəti ilə növbəti dəfə Rusiyaya səfəri zamanı çox geniş, ikitərəfli məsələlərlə və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı fikir mübadiləsi apa­rıldığını dedi. Rusiya və Azərbaycanın strateji tərəfdaş olduğunu vurğuladı. İki ölkə arasında çox möhkəm dostluq əlaqələrindən və şəxsən cənab Putinlə çox yaxın, bir-birinə inanan siyasətçi olduqlarından söz açdı. Hazırda yeddi yol xəritəsi üzərində işlənildiyini, hər yol xəritəsinin konkret sahəyə aid olduğunu və hər bir sahə üzrə də yaxşı nəticələr əldə edildiyini qeyd etdi. Daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələlərin, həmçinin müharibədən sonra yaran­mış vəziyyətin, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünün müzakirə edildiyini bildirdi. “Biz – Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimu­ma endirilməlidir və aradan qaldı­rılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildir­dim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır”.

    Prezident müsahibədə bir həqiqəti də xüsusi vurğuladı ki, Azərbaycanın çox güclü daxili potensialı var. Azərbaycanda milli həmrəylik var, xalq–iqtidar birli­yi var və ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qurub.

    Arzu BAĞIROVA,
    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər