Rus ordusu Qazaxla sərhəddə niyə yerləşdirildi?

Rus ordusu Qazaxla sərhəddə niyə yerləşdirildi?
  • Hərb

  • Xəbər verdiyimiz kimi, dünən Rusiya sülhməramlı kontingenti Azərbaycan-Ermənistan sərhəddinə yerləşdirilib.

    JAMAZ.İNFO xəbər verir ki, İrəvanla Moskva arasında əldə olunmuş razılığa əsasən Sərhəd Qoşunlarının hərbi heyəti dünən Qazaxın Əskipara kəndində qərargah qurub.

    Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, artıq rus sülhməramlılarının yerləşməsi, qalması, maddi və texniki təhcizatı üçün zəruri olan bütün addımlar atırlar. Onlar hərbçilərin qalması üçün yataqxana inşasına da start verdiklərini bildiriblər.

    Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan-Ermənistan sərhəddində baş verənlər, rus qoşunlarının bölgəyə gətirilməsi məsələsinə münasibət bildirib. Lakin onun fikirləri ilə dünən baş verən məlum hadisə arasında ciddi ziddiyyət ortaya çıxıb.

    Belə ki, Bikantov qeyd edib ki, problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir: “Rusiya bu mövzuya xüsusi diqqət ayırır, vasitəçilik səyləri göstərir. Sərhəd boyunca sərhədçilərin yerləşdirilməsi ilə bağlı problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır”.

    Azərbaycanda bu məsələ ilə bağlı fikirlər müxtılif olsa da, ümumi rəy ondan ibarətdir ki, prosesləri Rusiya təkbaşına idarə edir və məqsədi bölgəyə üçüncü dövlətin daxil olmamasına imkan verməməkdir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, rus sərhədçilərinin Qazaxın Əəskipara kəndinə yerləşməsinin əsas səbəbi kommunikasiyanın bərpası prosesində Rusiyanın prioritetləri ilə bağlı ola bilər. Onun sözlərinə görə, Paşinyanın Moskvaya səfərindən dərhal sonra Rusiya baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçukunun Bakıya səfəri, ardınca Əliyev-Putin görüşü zamanı Bakı və Moskva arasında anlaşılmaz məsələlərdən birinin kommunikasiya xətlərinin açılması idi.

    Asif Nərimanlı qeyd edir ki, indiki məqamda Rusiya bir neçə prosesin reallaşmasında daha çox maraqlıdır. “Rusiya Ermənistanla quru əlaqədə Gürcüstan marşrutuna alternativi daha tez əldə etmək istəyir. Ruslar üçün əsas marşrut Qazax-İcevan yoludur: bu, Rusiyadan Ermənistana Gürcüstan üzərindən gedən Lars yoluna alternativdir. Eyni zamanda, Lars yolunun iki çətinliyi var: siyasi çətinlik – ruslar ABŞ-ın təsir gücünün olduğu Gürcüstan marşrutunu riskli görür; iqtisadi çətinlik – qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür”.

    Siyasi şərhçi deyir ki, ruslar növbəti qışa qədər Qazax-İcevan yolunun açılmasına çalışır və rus sərhədçilərinin Əskipara kəndinə yerləşdirilməsi Tavuş bölgəsindən keçəcək yolun təhlükəsizliyi ilə bağlı ola bilər.

    O hesab edir ki, kommunikasiyanın bərpası ilə bağlı müzakirə masasında Qazax-İcevan yolunu önə çəkən Ermənistan da bu yolun açılmasında həm iqtisadi, həm də siyasi baxımdan maraqlıdır. “Yol Ermənistandan Rusiyaya gedən yük maşınlarının Larsda yubanmasının qarşısını alacaq, o cümlədən, əks istiqamətdə gələnlərin. Ermənistan Rusiyanın da istəyində olan bu yolun açılmasından sonra Zəngəzur dəhlizinə daha asan maneələr yarada biləcəyini hesablayır”.

    Digər tərəfdən Asif Nərimanlı qeyd edir ki, rus sərhədçilər həmin istiqamətdə kommunikasiyanın açılması ilə yanaşı, delimitasiya prosesinə də nəzarət edəcəklər. “Ermənistanın Kəlbəcər istiqamətindəki delimitasiya prosesində yaratdığı maneələr və Rusiyanın vasitəçiliyinə alternativləri gündəmə gətirməsi Moskvanın prosesin ən ağır mərhələsi olacaq 7 kəndlə bağlı məsələyə öncədən müdaxilə etmək istəyindən irəli gələ bilər. Burada söhbətin hansı Əskipara kəndindən getdiyi də önəmlidir: Ermənistan MN-nin məlumatında qeyd olunan “Azərbaycanla sərhəddə” ifadəsi sərhədçilərin esklav olan Yuxarı Əskiparada yox, sərhəddə olan Aşağı Əskiparada yerləşdirildiyi deməyə əsas verir”.

    Ermənistanda isə bu məsələyə baxış bir qədər fərqlidir. Hərbi ekspert Karen Ovannisyan hesab edir ki, rus sülhməramlılarının Əskipara kəndinə yerləşdirilməsi yaxın gələcəkdə Azərbaycanlıların sərbəst şəkildə anklav kəndlərə gediş-gəlişini təmin etmək üçündür. “Əks halda, rus sülhməramlılarının bu bölgədə yerləşdirilməsinin başqa məntiqi açıqlaması yoxdur. Mümkündür ki, bunu ona görə edirlər ki, həm kəndlərin təhlükəsizliyini həyata keçirsinlər, həm də həmin kəndlərin Azərbaycana verilməsini reallaşdırsınlar”.

    Ovannisyan deyir ki, bu proses mərhələli xarakter daşıyır. Onun sözlərinə görə, 1-2 il ərzində kəndlərin geri qaytarılması baş verməyəcək. «Mən düşünürəm ki, Ermənistan güzəştə gedib. Həmin güzəşt də ondan ibarətdir ki, Ermənistan Geqarkunik və Ararat vilayətlərində sabitliyin olmasını istəyir”.

    Erməni hərbi ekspert bildirir ki, baş verən hadisələr faktiki olaraq bir neçə kəndin taleyi ilə birbaşa bağlıdır. “Nnövbəti mərhələdə bu proseslər Arçsvaşendə start götürəcək. Daha sonra isə Kərki kəndində proses başlayacaq. Bunları etmədən Azərbaycan və Ermənistan sərhədlərini müəyyənləşdirmək mümkün deyil. Ona görə ki, bəzi istiqamətlərdə Azərbaycan Ermənistanın ərazisinə daxil olub. Bəzi istiqamətlərdə isə Ermənistan Azərbaycan ərazisində yerləşib. Düşünürəm ki, tərəflər arasında qapalı qapılar arxasında razılaşma olub. Bu hazırlıq da məhz həmin razılaşmanın həyata keçirmək üçündür. Yaxın gələcəkdə biz bunların reallaşacağını görəcəyik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər