Gömrük Komitəsindəki əməliyyatın təfərrüatı – 100, 50 manatlıq rüşvət…

Gömrük Komitəsindəki əməliyyatın təfərrüatı – 100, 50 manatlıq rüşvət…
  • Manşet / Olay

  • Dövlət Gömrük Komitəsində keçirilən əməliyyat zamanı həbs edilən şəxslər hakim qarşısına çıxarılır.

    Musavat.com xəbər verir ki, Elmar Mirzəyev, Sadiq İsgəndərov, Rəfail Əzizov, Azər Baxşıyev, Emin Xəlilov, Orxan Zöhrabov, Mirağa Ağayev və Ceyhun Şabanovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutur.

    Rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

    Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    Məhkəmədə məlum olub ki, rəsmi məlumatda Bakı Baş Gömrük İdarəsinin xüsusi gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazovun adı olsa da adı bu iş üzrə təqsirləndirilən şəxs deyil.

    Qeyd edək ki, həbs edilənlərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.

    Həbs edilən Azər Baxşıyev Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru olub.

    Musavat.com həbs edikən şəxslərin nədə ittiham olduğunu dəqiqləşdirib.

    İstintaq materiallarında yazılır ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Xəlilov Emin Sərdar oğlu və Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru vəzifəsində işləyən İsgəndərov Sadiq Xalid oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən rüşvət alıblar.

    Onlar qabaqcadan əlbir olan bir qrup şəxs qismində fiziki şəxs Rüfət Akiflinin Türkiyədən daxil olan malının idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə broker xidməti göstərən Elçin Rzayevdən 100 manat pulu rüşvət şəklində alıb.

    Bundan başqa, o, “Qamma Kompani” MMC-də gömrük və maliyyə işləri üzrə mütəxəssis vəzifəsində işləyən tanışı İsmayıl Teymurovun həmin Cəmiyyətin adına idxal edilən malın gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə 50 manatı rüşvət qismində istəyib. İstintaqla müəyyən edilib ki, pul Emin Xəlilova kart vasitəsi ilə göndərilib.

    Bundan başqa, o, fiziki şəxs Ramis Nəsibovun Türkiyədən nəqliyyat vasitələri üçün ehtiyat hissələrini idxalı zamanı gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı eyni məqsədlə 100 manat rüşvət alıb.

    Bu məbləğ də Emin Xəlilovun istifadəsində olan kart hesabına köçürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər