Zəngin Putinin sadə süfrəsi – Birincilərin menyusu

Zəngin Putinin sadə süfrəsi – Birincilərin menyusu
  • Maraqlı

  • Siyasi liderlərin qeyri-rəsmi tərəfləri, sevdikləri geyim brendləri, şəxsi və xidməti avtomobilləri, yaşadıqları iqamətgahlar, istifadə etdikləri şəxsi əşyaları, hobbi və əyləncələri və s. sıravi insanlarda həmişə böyük maraq doğurub. Hazırkı pandemiya dövründə isə daha maraq doğuran məsələlərdən biri dövlət başçılarının qida rasionudur. Belə ki, pandemiya rejimi hər şeydən əvvəl qidalanmaya xüsusi diqqət yetirməyi tələb edir.

    “Birincilərin menyusu” silsiləsində ilk olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qida rasionu haqqında yazını təqdim edirik.

    68 yaşlı Vladimir Putin yaşına görə olduqca çevik və gümrah görünür. Sözsüz ki, Rusiya prezidentinin belə görünməsində onun qidalanması da xüsusi rol oynayır. Vladimir Putin ənənəvi mətbuat konfranslarında, jurnalistlərə müsahibələrində qidalanması və qida rasionu haqqında ətraflı danışmağı sevmir. Bu haqda söhbət düşəndə o, çox qısa və konkret cavab verir: “Nə verirlər, onu da yeyirəm...”

    Mövzu ilə bağlı suallara cavabı qısa olsa da kütləvi informasiya vasitələrinin nümayəndələri Vladimir Putinin qida rasionunu, menyusunu müəyyənləşdirməyə nail olublar.

    Prezidentin səhər menyusunda düyü, qarabaşaq, darı yarması sıyıqları gündəlik yer alır. Putin çoxlarının üstünlük verdiyi yulaf sıyığından istifadə etmir. Prezidentin səhər süfrəsində təbii kəsmik və bal əsas ərzaq məhsullarından sayılır. Səhər içkiləri arasında prezident bitki çayları və yaşıl çay içir. Putin bir çox xarici həmkarlarından fərqli olaraq qəhvə içmir.
    Zəngin Putinin sadə süfrəsi – Birincilərin menyusu
    Prezidentin günorta menyusunda əsasən tərəvəzlər və tərəvəz şorbası xüsusi yer tutur. O, ət məhsulları arasında daha çox qoyun ətinə üstünlük verir. Balıq məhsulları da prezidentin menyusunda xüsusi yer tutur. Vladimir Putin dəfələrə öz müsahibələrində vaxt məhdudiyyətinə görə günorta yeməyini ayaqüstü etdiyini vurğulayıb, prezident bildirib ki, belə məqamlarda meyvə və kefirlə aclığını “öldürür”.

    Axşam menyusunda prezident tez həzm olunan qidalara üstünlük verir. Adətən axşamlar prezident üçün balıq məhsullarından xörəklər hazırlanır. Axşam menyusunda yağlılığı az olan ağartı məhsulları da yer alır.

    Prezidentin ən çox sevdiyi içkilər alma və portağal şirələridir. Bununla yanaşı Putin hər gün bir stəkan reseptini heç kimə açıqlamadığı kokteyl də içir.
    Rusiya prezidenti alkoqollu içkilərə qarşı çox da meylli deyil. Prezident tünd içkiləri nadir hallarda, “zərurət” yarananda az miqdarda içir. Alkoqollu içkilər sırasında o, çaxır və pivəyə üstünlük verir.

    Meyvə, quru meyvə, qoz, fındıq Putinin gündəlik menyusuna daxil edilir.

    Prezident şirniyyat məhsullarına qarşı tam “laqeyd”dir. O, bu sırada yalnız dondurmadan imtina etmir. Prezident un məmulatlarından, duzdan və şəkərdən maksimum dərəcədə az istifadə edir.

    Prezidentin ən çox sevdiyi tərəvəzlər pomidor və xiyardır. Xarici sərfələrdə, Rusiyanın bölgələrində olarkən Putinin qida menyusu genişlənir. O, yerli mətbəxin təamlarından həvəslə dadır. Hətta bəzi hallarda prezident yerli mətbəxin çoxsaylı çeşidləri arasında özü seçim edir. Prezident səfərləri zamanı yerli ictimai iaşə obyektlərinə getməyi də xoşlayır, sıravi insanlarla eyni məkanda qidalanmaqdan Putin zövq alır.

    Putin ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinə gedəndə həmin obyektlərin biznesinə uğur gətirib. Məsələn, Sankt-Peterburq şəhərindəki “Podvorye” restoranında şam etdikdən sonra, restoranın girişində prezidentin fotosu vurulub və müştərilərə “prezident menyusu” təqdim olunub.
    Zəngin Putinin sadə süfrəsi – Birincilərin menyusu
    Vladimir Putin müsahibələrində qida məsələsinə çox da diqqət və həssaslıqla yanaşmadığını bildirib. Qeyd edib ki, qida menyusu olduqca sadədir. Prezidentin mənzilində çəkiliş aparılarkən onun soyuducusunda olan ərzaq məhsulları da prezidentin fikirlərini bir daha təsdiqləyib. Onun soyuducusunda çoxlarında olduğu kimi az miqdarda tərəvəz, meyvə, ağartı məhsulları, kolbasa, meyvə şirəsi və s. olub.

    Vladimir Putinin qida menyusu məsələsində ən üstün cəhəti qəbul etdiyi qidalardan aldığı kalorini “xərcələyə” bilmək bacarığıdır. İdmanla məşğul olmağa həmişə vaxt tapan prezidentin elə bu səbəbdən də heç vaxt piylənmə və artıq çəki problemi olmayıb.

    Göründüyü kimi, zəngin prezidentin sadə menyusu siyasətdə olduğu kimi, Vladimir Putini fiziki baxımdan da çevik edib.

    İlham Cəmiloğlu, Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər