Eyni gündə təyin edilib, eyni gündə çıxarılan nazir dostlar

Eyni gündə təyin edilib, eyni gündə çıxarılan nazir dostlar "Mən 1995-ci ildə Prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edildikdən sonra Səlim Müslümovu da nazirliyə dəvət etdim".

Asiya.az xəbər verir ki, bu sözləri keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov modern.az-a keçmiş nazir həmkarı Səlim Müslümovla tanışlığı barədə danışarkən deyib.

Eyni ildə nazir təyin edilən və elə eyni ildə də bu vəzifədən azad edilən H.Əsədovla S.Müslümov gənclik illərindən dostluq ediblərmiş:

"Səlim müəllimlə ilk tanışlığımız 1987-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etdiyim vaxta təsadüf edir. Səlim müəllim aspirant qrupunun rəhbəri idi. O, həmin ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdı. Universitetin dəhlizində dayanmışdım, gördüm bir nəfər mənə yaxınlaşdı. Salamlaşdıq. Dedi ki, mənə verilən məlumata görə, bir azərbaycanlı bizim kafedraya iş verib. O şəxs təsadüfən siz deyilsiniz? Dedim ki, mənəm. Universitetdəki proseslər barədə xeyli söhbət elədik. Eyni zamanda, Səlim mənə kömək təklif etdi. Dedim, mən dissertasiyamı özüm yazmışam, narahat olmayın, heç bir problemim yoxdur. Beləcə, Səlim müəllimlə ilk tanışlığımız başladı”.

Eyni gündə təyin edilib, eyni gündə çıxarılan nazir dostlar

Növbəti görüş yeri isə Maliyyə Nazirliyi olub. H.Əsədov prezident təyinatı ilə nazirliyə gəldikdən sonra S.Müslümovu da yanına gətirib:

"1995-ci ildə prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edildikdən sonra Səlim Müslümovu da nazirliyə dəvət etdim. Mən Səlim müəllimi peşəkar mütəxəssis kimi tanıyıram. İşinin bilicisidir. O, Maliyyə Nazirliyində vergi nəzarət sistemində çalışırdı, oradan Sosial Müdafiə Fonduna, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat aldı. Bütün təyinatlarında da peşəkarlığını qoruyub”.

Hazırda münasibətlərini davam etdirən eks-nazirlərin ailələri də yaxın dostluq edir.

Qeyd edək ki, S.Müslümov 22 oktyabr 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, H.Əsədov isə Kənd Təsərrüfatı naziri təyin edilmişdi. Yeni hökumətin tərkibində isə nə Səlim Müslümov, nə də Heydər Əsədov yer alıb.

Oxşar xəbərlər