Bakıda zavoddan havaya atılan Hidrogen Sulfidi – İnsanı komaya sala bilər

Bakıda zavoddan havaya atılan Hidrogen Sulfidi – İnsanı komaya sala bilər Artıq günlərdir Bakının əksər hissələrində havada hiss olunan qaz və kəskin qoxu əhalini həyəcan və qorxu altında saxlayır. Xətai, Səbayıl, Nizami rayonlarında günün müəyyən saatlarında hiss olunan dözülməz dərəcəyə çatmış qoxu insanların səhhətində mənfi fəsadlarını göstərməkdədir. İnsanlar sosial şəbəkələrdə qoxu səbəbindən nəfəs ala bilmədiklərini, uşaqların daha pis təsirə məruz qaldıqlarını, çox adam başının ağrıdığını, boğazının qıcıqlandığını yazır. İnsanlar rəsmi orqanlara müraciət edir, qaynar xəttlərə zənglər edir.

Bu gun nəhayət ki, monitorinqin nəticəsi bəlli olub.

Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, nazirliyin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.

Rəsmi açıqlamada adı çəkilən hidrogen sulfid adlı qazın insan orqanizminə nə kimi təsirləri ola bilər:

Bu qaz lax yumurta iyi verən, toksiki birləşmədir. Çox zəhərlidir: insan orqanizminə 0,2 mq-l dozada zəhərlənmə verir, 1 mq/l dozada isə ölümcüldür. Hidrogen sulfid suya da keçir, suda həll olur. Neftayırma sənayesində ən zərərli və arzuolunmaz komponentdir.

-Hidrogen sulfidi ilk növbədə insanın sinir sisteminə təsir edir. Toksiki təhlükəsinə görə 3cü dərəcəyə aiddir.
-Qazla zəhərlənmə 10 dəqiqə ərzində kəskinləşə bilir. İlk əlamətlər: ağciyərlərin şişməsi, qıcolmalar, sinirlərin paralici, sonunda koma.
-Atmosferdə az dozada qaz baş ağrısı, baş gicəllənmə, qusma, boğulma, qıcıqlanma verə bilər.

-Bu qazı havaya atan zavoda yaxın ərazilərdə yaşayan insanlar xüsusilə risk altındadır. Onlarda H2S adlı xroniki zəhərlənmə baş verə bilər. Yəni qazın dozası sutkalarla insan orqanizminə zərrə-zərrə daxil olur. Bu adamlar daim halsız olur, başı gicəllənir, sürətlə arıqlayır, ağzında metal dadı hiss edir. Bu maddə gözlərə də pis təsir edir, gözün selikli qişasını zədələyir, işıqdan qıcıqlanma yaradır.

-Zəhərlənmiş şəxsə yardım üçün: onu təmiz havaya çıxartmaq, oksigen vermək, ürək-tənəffüs sistemi üçün analeptiklər vermək, vitaminlər, qlükoza, dəmir preparatları köçürmək lazımdır.

-Odur ki, bu qazın qoxusunu hiss edən insanlar diqqətli olmalı, ən kiçik dəyişiklikdə belə təcili həkimə getməlidirlər. Dövlət orqanları isə təcili olaraq bu qazın havaya atılmasının qarşısını almalıdır. Yoxsa ekoloji fəsad və insanlara zərərin qarşısını almaq çətin olacaq.

Oxşar xəbərlər