Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri

Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri
  • Sosial / Manşet

  • Onlar qayıtmaqdansa... intihara əl atırlar; qürbəti qəbir evinə çevirən səbəblər

    Bu günlərdə xəbər yayıldı ki, azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib. Bu barədə Hollandiyada deportasiya üçün nəzərdə tutulmuş kampda qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb. Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.

    Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib. Deportasiya kampında qalan azərbaycanlıların sözlərinə görə, onun cənazəsinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir.

    Gecə-Gecə döyülən mühacir qapıları və...

    “Yeni Müsavat” xatırladır ki, bu, xaricdə yaşayan azərbaycanlılarla bağlı ilk belə fakt deyil. Dəfələrlə həmvətənlərimiz yaşadıqları ölkədən qovulma təhlükəsinə qarşı canlarına qıyıb və ya kriminala əl atıblar. Bu hekayələrdən bəzilərini yada salaq.

    Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri

    Bu ilin martında Azərbaycan polisinin keçmiş əməkdaşı Səid Camalov Almaniyadan xaric edilib. Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşaqlarının yaşadıqları evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər. Mənbəyə görə, Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb. Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.

    İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı - tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb. Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub - Nur və Mert.

    Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altına alıb və indi onlar çox həyəcanlıdırlar. “Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də, daha tolerant qərara ümidli idilər”, - Assosiasiyanın əməkdaşı Hella Felker deyir: “Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqları alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdilər”.

    Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri

    Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. “Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi” - idarədən izah olunub.

    Bu ilin yanvar ayında isə Almaniyada Azərbaycana deport edilməli olan ailə miqrasiya bürosunun əməkdaşlarını girov götürüb. Hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində 49 və 53 yaşlı azərbaycanlı cütülüyün yaşadığı qaçqın yataqxanasına gələn Miqrasiya bürosunun əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.

    Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı illər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müddət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deport qərarı çıxarıb. Qərarın icrasını yerinə yetirən Miqrasiya bürosu və polis əməkdaşları ailə başçısının və xanımının fiziki təzyiqinə məruz qalıblar.

    Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri

    Qəfildən əl atıb polis əməkdaşlarından birinin xidməti silahını ələ keçirən azərbaycanlı ailə başçısı onları girov götürdüyünü bildirib. Bu zaman evdə olan polis və təcili yardım briqadasının əməkdaşları qaçıblar. Xanımı mətbəx bıçağını götürərək özünə xəsarət yetirməyə başlayıb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları azərbaycanlı ailə başçısının əlindən silahı almağı bacarıb. Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.

    Avropa həmvətənlərimizi niyə geri qaytarır?

    Almaniyadan sığınacaq tələb edən həmvətənlərimiz bu ölkədə xoşagəlməz münasibətlə üzləşiblər. Avropost.com-un məlumatına görə, sığınacaq tələbi rədd edilən, eyni zamanda “Dublin sazişi”nə görə problemlər yaşayan həmvətələrimizin Almaniyadan deportasiyası sürətləndirilib. Siyasi mühacirlər (o cümlədən qaçqınlar) məsələsi Avropanın ən ciddi problemlərindən birinə çevrilib. Bu problemdə Azərbaycanın da kiçik “payı” var. Azərbaycandan mühacir axını 2003-cü ildən vüsət alıb və bu proses 2005-ci ilin sonunadək davam edib.

    Bundan sonra siyasi mühacir axınında nisbətən stabillik yaranıb. Amma 2014-cü ildən Avropaya axın statistikası yenidən artıb. Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayında kəskin artım baş verib. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya üz tutmağa daha çox üstünlük veriblər. Azərbaycanı son aylar tərk edərək Avropada mühacir statusu alan və ya almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir.

    Bir çox tanınmış və ölkənin ictimai həyatında fəal iştirak edən QHT rəhbərləri və jurnalistlər son aylar Avropanın müxtəlif ölkələrinə sığınıblar. Yeri gəlmişkən, bu dalğada Azərbaycanda hətta heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başladılar.

    “Dublin sazişi” ölkələri Azərbaycandakı siyasi mühacir axınından narahatdırlar və xüsusilə “yalançı mühacirlərin” qarşısını almaq üçün addım atmağa məcbur olublar. Məlumat üçün deyək ki, “Dublin sazışı” siyasi sığınacaq üçün müraciət edən şəxslərin ərizələrinin bu sazişə daxil olan ölkələrdən biri tərəfindən nəzərdən keçirilməsini təmin edir. Sazişin başlıca məqsədi Avropa İttifaqı ölkələrində hər hansı birində qaçqın statusu üçün müraciət etmiş şəxsin müraciətinə baxılmalı olan ölkənin, üzv ölkələrdə ərizəyə vahid qaydada baxılmasının, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılmasının, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunmasının, eyni zamanda qanunsuz miqrasiyaya qarşı daha effektli mübarizənin təmin etməyə nail olmaqdan ibarətdir.

    Almaniyada keçirilən seçkilərdə Angela Merkelin partiyası CDU-nun (Xristian Demokrat İttifaqı) seçkini qazanmasının ardından federal hökumət mühacirlərlə bağlı mövqeyini bir qədər sərtləşdirib. Belə ki, Almaniyada yaşamaq və işləməklə bağlı müraciət edən həmvətənlərimiz “neqativ” cavabı alıblar. Vəziyyət o həddə çatıb ki, sığınacaq istəyi rədd olunan soydaşlarımız qərardan məhkəməyə müraciət etmədən deport olunublar.

    Qeyd edək ki, azərbaycanlıların ən çox məskunlaşdığı bölgə olan Şimali Reyn-Vestfaliyada seçkini CDU udub. Bu partiya AfD kimi Almaniyanın miqrasiyya və qaçqın siyasətinə qarşı sərgilədiyi radikal mövqe ilə tanınır. Partiyada bu mövzuda yumşaq mövqe sərgiləyən yeganə insan - Angela Merkeldir.

    Nəzərə çatdıraq ki, son aylar Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında rekord azalma qeydə alınıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən (BAMF) verilən açıqlamada bildirilir. Belə ki, mart ayı ilə müqayisədə aprel ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında 14 min 976 nəfərdən 11 min 952 nəfərə qədər bir azalma qeydə alınıb.

    BAMF-ın məlumatında qeyd olunur ki, sığınacaq üçün müraciət edənlərin siyahısında birinci yerdə yenə suriyalılar qərarlaşıb. Aprel ayında Suriyadan 2779 nəfər sığınacaq üçün Almaniyaya qaçıb. Siyahıda Suriyadan sonra növbəti yerdə 1242 nəfərlə İraq, 1208 nəfərlə Əfqanıstan, 960 nəfərlə İran, 852 nəfərlə Eriteriya, 626 nəfərlə Albaniya, 498 nəfərlə Nigeriya, 471 nəfərlə Makedoniya, 459 nəfərlə Somali, 449 nəfərlə Türkiyə qərarlaşıb. Sorğuda azərbaycanlıların sayında da azalmanın qeyd olunduğu bildirilir. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə aprel ayında Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 353 nəfərdir.

    Avropadakı azərbaycanlı mühacirlərin ilginc hekayələri

    Ölümcül xəstəliyə tutulub, vətənində basdırılmaq istəməyən mühacirlər

    Yaşadığı ölkəni özünə son mənzil seçən həmvətənlərimiz də az deyil. Hətta ölümcül xəstə olduğunu bilərək, Azərbaycanda basdırılmaq istəməyənlər də var. Bir neçə ay öncə Belçikada yaşayan mühacir, satirik şair Mirzə Sakit bir qəbiristanlıqda çəkilən fotonu paylaşaraq, aşağıdakı statusu yazıb: “Ağır sürən xəstəlikdən xilas ola bilməyən gənc soydaşımız Fuad bəyi bu gün Belçika torpağında dəfn etdik. Dünyadakı bütün torpaqlar müqəddəsdir. Ancaq qürbət diyarda onun anasının naləsinə dözmək çox ağrılı məsələdir. Ruhu şad olsun soydaşımızın”.

    Mərhum Haqverdiyev Fuad Belçikanın Lalova şəhərində yaşayırdı və xərçəng xəstəliyinə tutulmuşdu: “Çox təəssüflər olsun ki, həkimlər onu xilas edə bilməyib və o, fevralın 2-də keçinib. Amma meyiti morqda olduğundan dəfn mərasimi bir neçə gün sonra baş tutub. Çünki bəzi prosedurlar Belçikada vaxt aparır. Biz onu fevralın 7-də Lalova qəbiristanlığının müsəlmanlara aid hissəsində dəfn etdik”.

    Satirik mərhum F.Haqverdiyevin heç bir siyasi partiyanın üzvü olmadığını dedi: “Mərhum Fuad bəyin oturumu var idi. Bacanağı, qayınatasının da oturumu var. Qayınatası ADP üzvüdür. Özü heç bir partiyanın üzvü deyil. Mənim onunla bağlı məlumatlarım bundan artıq deyil”.

    “Yeni Müsavat” bildirir ki, bir çox hallarda mühacirlərin geri qaytarılmasına onlara ölkədə verilən saxta, heç bir həqiqəti əks etdirməyən sənədlər səbəb olur. Belə ki, bir neçə dəfə daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” veb saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən saxlanılıblar.

    Araşdırmalarla müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər.

    “Onlar miqrasiya xidmətini inandırmaq istəyirlər ki...”

    Adının çəkilməsini istəməyən azərbaycanlı mühacirlərdən biri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir çox hallarda Avropaya sığınan azərbaycanlılar vətənindəki bütün körpüləri yandırıb gəlir. Bu zaman geriyə qayıtmaq ona ölümə bərabər görünür. Gerçəkdən təhlükədən qaçıb Avropaya sığınanlar üçün bu, tipik mənzərədir. Amma onlarla yanaşı, ölkədəki bütün mal varlığını satıb da, mühacirətə gələnlər üçün bu durum ikiqat ağırdır: “Onlar bilirlər ki, vətəndə hər şeyə sıfırdan başlamağa məcburdular. Üstəlik, Avropada onlara vəd edilə biləcək yaşantının burda bir qırıntısı da yoxdur. Ümidsizlik, pessimizm onları buna vadar edir. Amma etiraf etməliyik ki, bəzən blef, şantaj məqsədi ilə belə addım atanlar da olur. Onlar belə radikal addım atmaqla miqrasiya xidməti əməkdaşlarını öz durumlarının necə faciəvi olduğuna, geri qayıtdıqları halda başlarına pis hadisələr gələ biləcəyinə inandırmaq istəyirlər”.

    “Yeni Müsavat”
    PAYLAŞ:

    Oxşar xəbərlər