Xəstə məhkumlara göstərilən qayğı

Xəstə məhkumlara göstərilən qayğı Asiya İnformasiya Agentliyinə Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkum Məmmədzadə Vaqif tərəfindən məktub daxil olub.

59 yaşlı V. Məmmədzadə 2016-cı ildən məhkumluq həyatı yaşayır. O, onurğa sütununun boyun-bel nahiyyəsinin fəqərələr arası yırtığından əziyyət çəkir. Yüksək qan təzyiqi olan Vaqif kişi həbsdə olduğu ilk aylarda təzyiqi yuxarı olduğu üçün yerə yıxılıb və onda belə zədə yaranıb. V. Məmmədzadənin hazırda səhhəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Bizə məktub yazmağına da səbəb onu sağaldan həkimlərə, Cəza Çəkdiyi müəssisənin rəhbərliyinə, eləcə də Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərliyinə saytımız vasitəsi ilə minnətdarlıq etməkdir. Onun yazdığı məktubu olduğu kimi təqdim edirik:

"Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Nazirliyin Tibb Baş İdarəsinin əməkdaşları bu gün həbsxanalarda və Cəzaçəkmə Müəssisələrində cəza çəkən məhbusların islah olunması, xəstə məhkumların müayinə edilib, müalicə olunması, onların ailələrinə sağlam vəziyyətdə dönmələri üçün bütün səylərini bir araya qoyub, əsl insanlıq göstərirlər.

Cəza çəkdiyim 16 saylı Cəzaçəkmə Müəssisəsində, onun tibb hissəsində də hər şey normal, təqdirə laiqdir. Burada çalışan həkim kollektivi hər zaman öz qayğılarını məndən əsirgəməyiblər. Eləcə də Müəssisə rəhbərliyinin, onun əməkdaşlarının diqqəti daima üzərimdə olub.

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıram. Müəssisənin rəisi ədliyyə polkovniki Elgiz İsmayılovu əsl azərbaycanlı, dövlətinə, millətinə bir məmur kimi göstərə bilərəm. Bu insanın müəssisədə cəza çəkən, müalicə olunan məhkumlara diqqəti, onlara göstərdiyi qayğı, yaratdığı şərait göz qabağındadır. Müalicə Müəssisəsinin rəhbər işçiləri, rejim əməkdaşları əsl vətənpərvər, nümunəvi ədliyyə işçiləridir. Respublikamızada qeyd edilən dövlət əhəmiyyətli bayramlar müəssisədə məhkumlarla birlikdə təntənəli şəkildə qeyd edilir, müalicə olunan məhkumlara ayrı-ayrılıqda bayram sovqatları paylanılır. Məhkumlar bir anlıq özlərini evlərindəki kimi hiss edirlər.

Bundan başqa Tibb Baş İdarəsinin rəhbər işçiləri, Müalicə Müəssisəsində çalışan tibb personalı müalicə alan məhkumlara göstərdikləri tibbi yardımdan başqa əsl insanlıq ortaya qoyub əllərindən gələni əsirgəmirlər. Müəssisədə müalicə alan məhkumlar lazım olan dava-dərmanla təmin olunub, tam müalicə alıb, cəza çəkdikləri müəssisələrə sağ-salamat geri dönürlər. Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov bir həkim kimi, əsl rəhbər kimi mütəmadi olaraq müalicə alan xəstələri fərdi şəkildə qəbul edir, xəstəlikləri ağır olanlara şəxsən özü baş çəkib, həkimlərə müvafiq tapşırıqlar verir.

Sonda hər bir məhkumu dünyanın ən böyük neməti olan can sağlığı, azadlıq arzu edirəm. Tezliklə hər birinin sağlam şəkildə ailə üzvlərinin yanına dönməsini Allahdan arzu edirəm.

Vaqif Məmmədzadə "


Oxşar xəbərlər