Nəqliyyatda qiymət artımı nələrin bahalaşmasına səbəb olacaq? (ŞƏRH)

Nəqliyyatda qiymət artımı nələrin bahalaşmasına səbəb olacaq? (ŞƏRH)
  • Sosial / Araşdırma

  • "Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin metro kimi əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir".

    Asiya.az xəbər verir ki, bu sözləri iqtisad elmləri doktoru Qubad İbadoğlu deyib.

    Ekspertin fikrincə, ictimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək:

    "İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu sadəcə nəbz yoxlamasıdır.
    Bununla yanaşı bu digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq. Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək".

    Qubad İbadoğlu bildirib ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi qərarlar qəbul etməlidir: "Təklif edirəm ki, tələbələrin üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır".

    "Əgər hökumət həqiqətən də Tarif Şurasında göstərildiyi kimi ictimai nəqliyyatda xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılmasına nail olmaq istəyirsə, onda yalnız gediş haqqı artırmaqla işini bitmiş hesab etməli deyildir. Bunun üçün xüsusilə də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, metronun gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır. Bundan əlavə metro da daxil olmaqla Bakı şəhər nəqliyyatının eyni mərkəzdən idarəetmə sistemi yaradılmalı, zamana görə vahid bilet satışı tətbiq olunmalıdır. Belə olan halda 1 dəfə gediş haqqını ödəyən sərnişinin müəyyən zaman fasiləsində müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə hüququ tanınmalıdır. Məsələn, 30 qəpiklik bilet sərnişinə 1 saat ərzində həm metroda və həm də avtobusda gediş haqqı verməlidir" deyə ekspert bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər