İlqar Məmmədov azad edildi

İlqar Məmmədov azad edildi Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə təkrar apellyasiya baxışı olub

Asiya.az xəbər verir ki, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə onun cəzasının şərti hesab edilməsi barədə qərar çıxarılıb və o azadlığa buraxılıb.

Qeyd edək ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətiə baxılıb.

Qərara əsasən, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı var. İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə ittiham olunan Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunub.

Oxşar xəbərlər