Kərbəla müsibətinin gizli tarixi — Təfərrüat+ Video

Kərbəla müsibətinin gizli tarixi — Təfərrüat+ Video
  • Maraqlı / Araşdırma

  • Bu gün İslam dünyasının ən böyük tarixi hadisələrindən biri, Aşura günü qeyd edilir. Aşura günü Peyğəmbərin nəvəsi İmam Hüseynin Kərbəla çölündə faciəvi qətlinin ildönümüdür. Bu, İslam tarixinin ən qanlı hadisələrindən biri sayılır. Eləcə də tarixə ən böyük ailə qətliamı kimi keçib. Bu gün İslam tarixində bir dönüş nöqtəsi kimi qeyd edilir.

    Asiya.az bu gün oxucularına Kərbəla faciəsinin tarixi kökü barədə kiçik araşdırma yazını təqdim edir.

    10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş Kərbəla faciəsidir. İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, 1-ci İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və 72 nəfər tərəfdarı ilə birlikdə Kərbəla çölündə Məhərrəm ayının 10-cu günü (ərəbcə “əşərə”, “aşura”) qətlə yetirilməsi hadisəsidir.

    Kərbəla müsibəti barədə söz düşərkən əsas müzakirə mövzusuna çevrilən və cinayətin əsas səbəbi kimi göstərilən qəbilə təəssübkeşliyidir. Bu istiqamətdə apardığımız tarixi araşdırmalardan bizə məlum olan həqiqətlərdən biri də Yezidin Kərbəlada nümayiş etdirdiyi qəbilə təəssübkeşliyinin o dövrdə deyil, bəlkə 150 il əvvəl meydana gəlməsidir. Bu sayımızda təqdim edəcəyimiz tarixi araşdırmalardan biri də məhz bu istiqamətdə olacaq.

    Həzrət Muhəmmədin (s) babalarından olan Qusayın bir neçə oğlu olur ki, Haşimlə və Əbdüşşəms onlardan biri olur. Qardaşlar böyüyüb boya-başa çatırlar. Haşim də, Əbdüşşəms də Məkkənin nüfuzlu şəxslərindən biri olurlar. Qardaşlar yaşlanırlar və Əbdüşşəms Haşimdən daha tez dünyasını dəyişir. Əbdüşşəmsin oğlu Uməyyə ticarətlə məşğul olmağa başlayır. Bir gün bir nəfərlə onun arasında ixtilaf olur. Həmin şəxs Haşimi Məkkənin nüfuzlu şəxsiyyətlərindən bilib yanına şikayətə gəlir. Haşim həmin şəxsin xeyrinə hökm verdikdə Uməyyə əsəbi halda deyir: “Sənin qohumun ola-ola məni qoyub yadı müdafiə edəcəksən?! And olsun ki, bu gündən etibarən Məkkəni tərk edib on il bu torpağa ayaq basmayacağam”. Uməyyə belə də edir. O, Məkkəni tərk edib Şama (indiki Suriya ərazisi) gedir. Bir neçə il sonra Haşim də Məkkəni tərk edib Mədinəyə gedir və orada Səlma adlı bir qadınla evlənir. Uməyyə isə Şamda yəhudi əsilli bir xanımla ailə qurur. O, uşaqlarını Haşimə qarşı kin-küdurətlə böyüdür. Əmi və qardaşoğlu arasında yaranan qarşıdurma oğlanları arasında da davam edir. Uməyyənin Hərb, Haşimin Əbdülmüttəlib adlı oğlanları dünyaya gəlir. Onların arasındakı qarşıdurma Zəm-zəm quyusunun qazılmasında daha da kəskin hal alır. İxtilaflar beləcə davam edir. Əbdülmüttəlibin Abdullah, Hərbin isə Əbu Süfyan adlı oğlanları dünyaya gəlir. Abdullah çox vaxt səfərdə olduğundan və cavan yaşlarında dünyasını dəyişdiyindən aralarında elə də ciddi qarşıdurma yaranmır.

    Kərbəla müsibətinin gizli tarixi — Təfərrüat+ Video

    Abdullahın oğlu Həzrət Muhəmməd (s) peyğəmbərliyini elan etdikdən sonra Əbu Süfyan bununla barışa bilməyib onu özünün ən qatı düşmənlərindən biri hesab etməyə başlayır. Və bu qarşıdurma iyirmi bir il, yəni Məkkənin fəthinə qədər davam edir. Məkkənin fəthindən sonra Əbu Süfyan zahirdə İslamı qəbul etdiyindən gərginlik nisbətən azalır. Həzrət Muhəmməddən (s) sonra mübarizə meydanında biz onun şəxsən tərbiyə etdiyi ona ilk iman gətirən əmisi oğlu Əli ibn Əbu Taliblə Əbu Süfyanın oğlu Müaviyyəni görürük. İmam Əli (ə) hakimiyyətə gəldiyi ilk gündən xilafəti qanunsuz səltənətə çevirən Müaviyyənin özbaşınalıqlarına son qoymaq qərarına gəlir. Bu səbəbdən də Müaviyyə də öz növbəsində ona qarşı səfərbər etdiyi düşmənçiliyini daha da gücləndirməyə başlayır. Beləcə tərəflər arasındakı qarşıdurma Süffeyn müharibəsində özünün ən son həddinə çatır. Əli ibn Əbu Talibin (ə) şəhadətindən sonra biz siyasi səhnədə böyük oğlu İmam Həsəni görürük. Müaviyyənin Haşim oğullarına olan kini sönmək bilmir. O, İmam Həsənə (ə) qarşı dəfələrlə suiqəsdlər hazırlayır. İmam Həsən (ə) sadiq tərəfdarlarının onu Mədaində (İraq ərazisi) tək qoyub pul və vəzifə müqabilində Müaviyyəyə satıldıqlarını görür, azsaylı səhabələrini də ölüm ayağına verməmək üçün Müaviyyə ilə sülh sazişi imzalayır. Amma Müaviyyə bununla razılaşmayıb yenə də onu aradan götürmək qərarına gəlir. Nəhayət öz həyat yoldaşının əli ilə onu zəhərləyərək şəhid edir.

    İmam Həsənin şəhadətindən sonra İmam Hüseynin (ə) siyasi fəaliyyəti olmadığından Müaviyyə ona qarşı elə bir ciddi tədbir görməsə də daim nəzarət altında saxlayır. Müaviyyə ömrünün son günlərində özündən sonra kimi vəliəhd qoyması barədə düşünür. O, səriştəsiz oğlunu vəliəhd təyin etmək istəmirdi. Həmin arada Kufə valiliyindən kənarlaşdırılan Muğəyrə ibn Şubə Müaviyyənin yanına gələrək deyir: “Əgər Yezidi öz yerinə vəliəhd təyin etsən, mən Kufə və Bəsrə camaatından sənin üçün beyət alaram”. Nəhayət Müaviyyə Yezidi vəliəhd təyin etmək qərarına gəlir. Müaviyyənin ölümündən sonra Yezid əməvi səltənətinin başına keçir. Bir çox tarixçilər ona xəlifə adını versələr də bunun heç bir əsası yoxdur. Çünki Yezid atası Müaviyyə kimi müsəlman xəlifəsinə xas olan heç bir xüsusiyyətə malik deyildi.

    Yezid hakimiyyətə gəlməklə həyatındaki fitnə-fəsadı artırmaqla yanaşı, atasının vəsiyyətinə də əməl etmir. Belə ki, Müaviyyə hələ öz sağlığında hakimiyyətə gəldikdən sonra dörd nəfərdən beyət almamağı tapşırmışdı. Həmin dörd nəfər – Əbu Bəkrin oğlu Əbdürrəhman, Ömər ibn Xəttabın oğlu Abdullah, Zubeyr ibn Əvvamın oğlu Abdullah və Əli ibn Əbu Talibin oğlu İmam Hüseyn (ə) idi. Əbdürrəhman o zaman dünyasını dəyişdiyindən üç nəfər qalmışdı. Yezid Mədinə valisi Vəlid ibn Utbəyə məktub yazaraq nəyin bahasına olur-olsun hər üç nəfərdən beyət almasını tapşırır. Vəlid məktubu alıınca vəziyyətin nə qədər gərginləşəcəyini təxmin edir. Ömər ibn Xəttabın oğlu Abdullah evinə çəkilərək heç nəyə qarışmayacağını bildirir. Zubeyrin oğlu Abdullahla İmam Hüseyn (ə) isə belə bir ağır şərtin müqabilində Mədinəni tərk edib hələ İslamdan əvvəl də toxunulmaz yer olan Məkkəyə üz tutur. Və bu səfər Kərbəlanın başlanğıcı olur. İmam Hüseyn (ə) Məkkəni tərk edərkən dediyi şüarlardan biri də “Zillət bizdən uzaqdır” olur…


    PAYLAŞ:

    Oxşar xəbərlər