Cahangir Hacıyevin arvadı həbs edildi

Cahangir Hacıyevin arvadı həbs edildi
  • Sosial / Cəmiyyət / Manşet

  • Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda saxlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə “Report” BBC-yə istinadən məlumat yayıb.

    Bildirilir ki, 55 yaşlı Z. Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

    Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, Z. Hacıyeva ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z. Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

    Bildirilir ki, onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

    Məlumata görə, Z. Hacıyevaya qarşı iki mənimsəmə ittihamı irəli sürülüb. O, ötən çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

    Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

    Lakin dövlət prokurorları buna etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

    Apellyasiya şikayətinə cümə axşamı günü Ali Məhkəmədə baxılacağı gözlənilir.

    Z. Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35,85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-veriş üçün ödənişi ərinin vaxti ilə rəhbərlik etdiyi bankın 35 ədəd kredit kartı vasitəsi ilə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər