Sabiq daxili işlər nazirinin adam oğurlayan qardaşının işi: “Qaynar çayniki başıma atdı”

Sabiq daxili işlər nazirinin adam oğurlayan qardaşının işi: “Qaynar çayniki başıma atdı”
  • Manşet / Hadisə

  • Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Asiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

    Prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Ə. Əhmədov özünü təqsirli bilməyib.

    Bu səbəbdən məhkəmə ilkin olaraq zərərçəkən şəxslər dindirilib.

    Zərərçəkmiş şəxs qismində “Sumqayıt Texnologiyalar Parkı”nın satış şöbə şöbəsinin rəisi Rəşad Tahirov dindirilib.

    Zərərçəkən qeyd edib ki, əmisi oğlunun vasitəsi ilə Əvəz Əhmədovu tanıyıb: “Əvəzlə armatur və digər tikinti məhsullarının satışı ilə bağlı birgə biznes qurmaq istədik. Telefon danışıqlılarında müəyyən razılaşmaya gəldik. Bir necə gündən sonra Əvəz zəng edərək, əmimoğlu Hörmətin ona borcu olduğunu dedi. Məndən həmin pulu tələb elədi. Dedim ki, Hörmətin özünün mənə xeyli borcu var, bu səbəbdən ona pul verə bilmərəm”.

    Rəşad Tahirov bildirib ki, həmin günü axşam əmisi oğlu ona zəng edib: “ Uşaq kimi ağlayırdı. Orda dedi ki, Əvəz çox təhlükəli adamdır, pulu verməsə onu öldürəcək. Əvəz daha sonra xəbər göndərdi ki, əmim oğluma zamin durub, yoxsa onu məhv edəcək. Mən də dedim ki, ona biraz vaxt verin, pulu tapıb qaytarar. Daha sonra olanlarla maraqlanmadım”.

    Zərərçəkən qeyd edib ki, bir neçə gün sonra əmisi oğlunu görüb: “ Mənə olan borcunu istədim. Üz-gözünü göstərdi. Dedi ki, Əvəz onu döyüb. Hörmət dedi onun Əvəzə 140 min dollar verəcəyi var, mənə Əvəzin ona yazdığı SMS-ləri göstərdi, orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan bir neçə gün sonra Əvəz tez-tez mənə zəng edib hədələyərək pulu istəyirdi, mən də telefonu birdəfəlik söndürdüm. Bir həftə sonra açanda Əvəzdən mənə belə mesaj gəlmişdi: “Namazqılan oğraş köpəkoğlu, səni tapıb pulun ikiqatını alacağam”. Bu hadisədən bir neçə gün sonra mənə Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov zəng edib idarəyə çağırdı. Orada mənə dedi ki, sənə Əvəzə söz vermisən, pulu qaytar. Bir qədər sonra ora Əvəz də gəldi, ikisi də məni söyüb hədələməyə başladı. Şövqi Əhmədov dedi ki, mənim ölkədən çıxışıma “STOP” qoyub həbs etdirəcək. Mən də qorxduğum üçün onların dedikləri ilə razılaşdım”.

    Rəşad Tahirov deyib ki, idarədə 140 min dollar pul verəcəyimlə bağlı izahat yazdım: “ Bir həftə ərzində 60 min dollar düzəldib Əvəzə qaytardım. Daha sonra pul tapa bilmədiyim üçün dostlarım Habillə Dəyanətə hadisəni danışıb borc pul istədim. Habil məni də götürüb Əvəzin yanına getdi, onlar çoxdan tanış idilər. Əvəz 220 min dollar tələb edirdi, Habil ona dedi ki, burada 100-120 mindən söhbət gedir. Əvəzgil haqda çox şey eşitmişdim, ailəmə görə narahat idim. Axırda 140 minə razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı”.

    Prosesdə daha bir zərərçəkən Hörmət Əsgərov ifadə verib. O, deyib ki, Əvəz Əhmədovdan bir neçə dəfə pul götürüb qaytarıb: “Sonuncu dəfə də 100 min dollar alıb Hətəmə verdim, o da yoxa çıxdı. Mən də pulu Əvəzə qaytara bilmədim. Bir neçə gün sonra Əvəz məni yanına çağırdı. Orada üstümə qışqırdı, qaynar çayniki başıma atdı. Sonra məni yuxarı çıxartdı, orada bir otağa saldı. İçəridə başqa 4-5 nəfər də var idi. Qapı açıq qalmışdı, məni vurub döyməyə başladı. Əvəz dedi ki, pulu verməsən səni burdan buraxmayacağam. Sonra telefonumu alıb bir-bir hamıya zəng edib mənim 100 min dollar borcum olduğunu deməyə başladılar. O adamlar da mənim işçilərim filan idi. Sonra Rəşada zəng etdi, nə danışdıqlarını mən bilmədim, amma danışandan sonra məni buraxdı. Ordan çıxıb hərbi hissəyə getdim”.

    Məhkəmə dekabrın 26-da davam edəcək.

    Qeyd edək ki, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub.

    2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. H. Əskərov da dələduzluğa həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir.

    Ə. Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər