Salyandakı ən böyük marketin sahibi həbs olundu

Salyandakı ən böyük marketin sahibi həbs olundu
  • Sosial / Manşet

  • Salyan şəhərində, Ələt-Astara yolunun üzərində yerləşən ən böyük supermarket olan “Ay İşığı”nın sahibi Məmməd Cəfərli həbs olunub.

    Virtualaz.org-un məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məmməd Cəfərli 2 ay əvvəl həbs edilərək dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş ortağı, Salyan şəhər sakini Elşən Mürsəl oğlu Cabbarovla əlbir olaraq cinayət törətməkdə, Cinayət Məcəlləsinin 182-ci maddəsinin (hədə-qorxu ilə tələb etmə) 2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 2.2 (təkrar törədldikdə) bəndləri ilə şübhəli bilinir.

    Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

    E.Cabbarov idarə rəisini ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib və ondan ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə pul alıb. Bundan başqa, 60 min manat məbləğində belə bir notarial borc müqaviləsini oğlu Röyal Həsənovu tutduracağı ilə şantaj edərək Salyan rayonunun Bəydili kənd sakini Qəmbər Həsənova da məcburən təsdiq etdirib. Eyni zamanda E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manat dələduzluq törətməkdə şübhəli bilinir.

    Bunlardan əlavə, saxlanılanların işində digər cinayət epizodlarının olduğu da aşkara çıxıb.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər