Rusiyada ikinci qadın milyarder peyda olub

Rusiyada ikinci qadın milyarder peyda olub "Forbes" jurnalının versiyasına görə, "Wildberries" internet mağazasının sahibi Tatyana Bakalçuk Rusiyada Yelena Baturinadan sonra varidatı milyard dolları keçən ikinci qadın olub.

Asiya.az AZƏRTAC-a istinadən bildirir ki, onun biznesi 1,2 milyard dollar həcmində qiymətləndirilir.

"Wildberries" internet mağazası müxtəlif kateqoriyalı məhsulların, o cümlədən oyuncaq, idman və uşaq qidaları, elektron texnika və kitab satışı ilə məşğuldur. 2018-ci ildə kompaniyanın gəliri 1,7 milyard dollar təşkil edib.

Tatyana Bakalçuk ixtisasca ingilis dili müəllimidir. O, "Wildberries"in əsasını 2004-cü ildə əri ilə birgə qoyub. Əvvəlcə onlar Otto və Quelle kataloqundan olan qadın geyimləri satırdılar. Sonradan isə çeşid genişlənib və hazırda saytda ən müxtəlif kateqoriyadan olan mallar təqdim edilir. Onların internet mağazasına ayda 60 milyona yaxın insan baş çəkir. Ötən il "Wildberries"in mal dövriyyəsi 72 faiz artaraq 118,7 milyard rubla çatıb.

Rusiyanın ən bahalı kompaniyalarının fevralın 21-də dərc edilən reytinqində "Wildberries" dördüncü pillədə qərarlaşıb. Siyahıda ilk üç yeri isə müvafiq olaraq dəyəri 10,72 milyard dollar həcmində qiymətləndirilən "Yandeks", "Mail.ru Group" (5,36 milyard dollar) və "Avito" (3,85 milyard dollar) kompaniyaları tutur.

Oxşar xəbərlər