“Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR

“Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
  • İqtisadiyyat

  • Həbsxana sözü nə qədər vahiməli səslənsə də, dəmir barmaqlıqlar arxasında belə incəsənəti yaşatmaq, onunla məşğul olmaq mümkündür.

    Elə Azərbaycanda Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Həbsxana incəsənəti” üçün hazırlanmış onlarla məhsul kimi. Söhbət online mağazadan gedir.

    Saytda müxtəlif cəzaçəkmə müəssislərində məhbusların hazırladıqları əl işləri satışa qoyulub.

    Asiya.az xəbər verir ki, bununla bağlı qonşu ölkə Türkiyədə, eləcə də dünya ölkələrində maraqlı layihələr həyata keçirilir. Məhbusların əl işləri müxtəlif mağazalarda satışa çıxarılır və bu, müştərilərin kifayət qədər diqqətini çəkir.

    Elə bu məqamdan yola çıxaraq ölkədə məhbusların məşğulluğunun hansı şəkildə təmin edilməsi ilə maraqlandıq.

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məhkum Əməyinin təşkili şöbəsinin rəis müavini Azər Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, məhkumların məşğulluq sahəsinə dövlət tərəfindən diqqət ayrılır:

    “Məhbusların əməyinin təşkil edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində xüsusi sexlər fəaliyyət göstərir.

    Ədliyyə Nazirliyinin nəzdində olan “Həbsxana incəsənəti” saytında olan məhsullar məhbuslar tərəfindən hazırlanıb. Məhbuslar Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq 8 saatlıq iş qrafiki ilə işləyirlər.

    Bunun qarşılığında da onlara ölkə üzrə minimum əmək haqqı (180 AZN) təqdim edilir. Pul onlara nəğd şəkildə verilmir, şəxsi hesablarına köçürülür. Onların şəxsi istəkləri əsasında bu pullar onların yaxınlarına verilir.

    Online mağaza vasitəsilə sifarişlər qəbul edilir və sifariş verən şəxslər zəruri ləvazimatları müvafiq şöbələrə təslim edirlər.

    Şöbə əməkdaşları həmin ləvazimatları aidiyyəti üzrə məhbuslara təqdim edir. Sifarişdən asılı olaraq məhsul müəyyən müddət ərzində hazırlanır.

    Hazırlanan məhsula həm əmək haqqı, həm də cəzaçəkmə müəssisəsində işlərin görülməsinə sərf edilən digər xərclər hesablanaraq ortaq məbləğ çıxarılır”.

    Qurum rəsmisinin sözlərinə görə, zəhmətdən asılı olaraq satılan məhsuldan əldə edilən gəlirin yarısı məhbuslara verilir.

    Cəzaçəkmə müəssislərində çörək sexləri də fəaliyyər göstərir. Sexdə bişən çörəklər isə əlavə qida istəyən məhbuslar üçün nəzərdə tutulur.

    Alıcılara təqdim olunan məhsullar arasında çox şey tapmaq olar. Müxtəlif formalı nərd taxtalar, təsbehlər, suvenirlər, divan-kreslo, çarpayı, şəkil çərçivələri, qəlyan, hamam şkafları, xalçalar, gödəkçələr, seyflər, dəmir dirəklər, mətbəx və dəhliz mebelləri və s. Məhsullar haqqında məlumatlarda məhbusların saxlanıldığı həbsxanalar qeyd edilib.

    A.Süleymanov deyir ki, “Həbsxana incəsənəti” saytından ən çox nərd taxtalar, mücrülər, suvenir və təsbehlər sifariş edilir:

    “Ticarətlə məşğul olan iş adamları ilə müqavilə bağlanır. Sex xərcləri, məhbusların əmək haqları hesablanır və materiallar alınır. Həmin sifarişçilərin istədikləri gödəkçələr məhbuslar tərəfindən sexlərdə hazırlanır təhvil verilir”.

    Gələcəkdə dünya ölkələrində olduğu kimi məhkumların əl işlərinin satılacağı mağazaların açılması da gözlənilir.

    Bununla da dövlət cəzaçəkmə müəssisələrindəki məhkumların əmək fəaliyyətinə cəlb edir. Təcridxanada istehsal işi ilə məşğul olan məhbuslar cəza müddəti başa çatdıqdan sonra azadlığa müxtəlif sənətlərə yiyələnmiş əsl mütəxəssis kimi qayıdırlar.
    Könül Cəfərli


    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    “Həbsxana incəsənəti” - Məhbuslar burada öz əl işlərini satırlar - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər