Ordumuz HÜCUMA KEÇİR, - Paşinyanın Xankəndiyə gəlişinin ŞOK PƏRDƏARXASI

Ordumuz HÜCUMA KEÇİR, - Paşinyanın Xankəndiyə gəlişinin ŞOK PƏRDƏARXASI Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk qrupu bu günlərdə bəyanatla çıxış etdi. Həmsədrlər İrəvanı fitnəkar ritorikadan çəkinməyə və danışıqların Dağlıq Qarabağın ətrafında rayonların Azərbaycana qaytarılması prinsipi əsasında aparılmasına çağırıblar. Ötən gün isə Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndinə gəldi. Bu gün Xankəndində Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Asiya.az xəbər verir ki, Publika.az-a müsahibəsində politoloq İlqar Vəlizadə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri və danışıqlar prosesin perspektivləri ilə bağlı fikirlərini bildirib.

- Nikol Paşinyan ATƏT-in Minsk qrupunun bəyanatından dərhal sonra Xankəndinə gəldi və bu gün işğal altında olan torpaqlarımızda Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısı planlaşdırılıb. İrəvanın bu addımını necə qiymətləndirirsiniz?

- Paşinyan növbəti dəfə səhnə metodlarından istifadə edir. Bu, populist və şou xarakterli bir tədbirdir, “şou davam etməlidir” prinsipi ilə həyata keçirilən siyasətdir. Ermənistanda hakimiyyət dəyişikliyi çox dramatik bir proses idi və onun iştirakçıları, xüsusilə Paşinyan onu şouya çevirmişdi. Təəssüfülər olsun ki, bu şou Qarabağ istiqamətində də özünü göstərir. Minsk qrupunun bəyanatı, ümumiyyətlə, son proseslər göstərir ki, həmsədrlər münaqişə tərəflərini yeni gündəlik üzərində işləməyə razı salıblar. Yəni, gündəmdə maraqlı detallar var. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarında hətta, nikbinlik var idi. Bu nikbinlik onunla bağlıdır ki, Ermənistan yeni detalların müzakirəsinə razılıq verib. Müəyyən nikbinlik prezidentlərin görüşündən sonra da olub. Bütün bunlar əsas verir ki, tərəflər danışıqlar üzrə yeni gündəlik yaratsınlar. Yeni gündəliyi təsdiq etmək üçün liderlər növbəti görüşə razılıq verməlidi. Azərbaycan tərəfi qismən yeni gündəliklə, hər halda yeni görüşə hazır idi. Ermənistan razı deyildi və görüşdən qaçır. Görüşdən qaçmaq o deməkdir ki, danışıqlar prosesini pozurlar. Amma hadisələr və tarix göstərib ki, danışıqlar prosesi hər dəfə pozulanda müharibə ola bilər. Azərbaycan Ordusu hazırda genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlərdə hücum əməliyyatlarının həyata keçirilməsi təcrübədən keçirilir. Ermənistan çox güman ki, Milli Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməklə təlimlərə cavab verir. Yəni, İrəvan Dağlıq Qarabağdakı qondarma rejimin yanındadır və müharibəyə hazırdırlar, Azərbaycanın atdığı mümkün addımlara cavab verə bilər.

- Paşinyan hökumətinin indiyə kimi ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağdakı qondarma rejim danışıqlarda tərəf kimi çıxış etməlidir. Amma Minsk qrupunun bəyanatı İrəvana bunun mümkün olmadığını çatdırdı. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, danışıqların formatı dəyişdirilə bilməz. Söhbət iki tamamilə fərqli mövqedən gedirsə, danışıqlar prosesi hansı istiqamətdə gedə bilər?

- İndi hər iki tərəf müharibəyə hazırlaşır. Reallıq onu göstərir. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlərdə hücum əməliyyatlarını təcrübədən keçirirsə, Ermənistan Milli Təhlükəsizlik Şurasını Qarabağda toplayır. Ermənistan tərəfi danışıqlar prosesinin pozulmasının məsuliyyətini, nəticələrinin nə ola biləcəyini anlayır və nəticələrə hazırlaşır. Minsk qrupu isə indikindən daha sərt mövqe açıqlaya bilərdi. Qurum açıq bildirməliydi ki, danışıqlar prosesinin pozulmasına görə kim məsuliyyət daşıyır. Minsk qrupu daha sərt mövqe bildirsəydi, Paşinyan mövqeyində müəyyən dəyişiklik edə bilərdi. Düşünmürəm ki, Minsk qrupunun son bəyanatı kifayət edə bilər.

- Hər iki tərəfin müharibəyə hazırlaşdığını qeyd etdiniz, amma Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekununa dair birgə bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan liderləri həmsədrlərin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər…

- Düzdür, çox maraqlı bir vəziyyət yaranıb. Bir tərəfdən gözümüz bir şeyi görür, amma məlumatlar başqa şeylərdən xəbər verir. Düşünürəm ki, danışqılar prosesindən rəsmi olaraq heç kim çıxmayıb və belə olan halda danışıqlar prosesi getməlidir. Amma danışıqlar prosesinin öz məntiqi, müharibənin isə öz məntiqi var. Danışıqlar prosesinin məntiqi ondan ibarətdir ki, xarici işlər nazirləri öz işlərini görüblər, bir neçə ay ərzində gündəliyi müzakirə ediblər və qaralama variantı tərəflərə təqdim olunub. Dövlət başçıları görüşərək gündəliyə münasibətini açıqlamlıdır. Görüş mümkündür, amma belə vəziyyətdə, o, görüş xatirinə görüş kimi görünə bilər. Bu görüşdə Ermənistanın mövqeyi bəllidir. Görüş ona görə təşkil olunarsa ki, Ermənistan tərəfi yenə də bəsit, əsassız və siyasi avantüra daşıyan bəyanatlarla gündəmə gəlsin, belə görüş kimə lazımdır. Minsk qrupu sanki öz işini görərək, bu görüşü təşkil etmək istəyir. Amma Azərbaycana belə görüş lazımdırmı? Azərbaycan tərəfi istəyərdi ki, artıq Paşinyana başa salsınlar ki, belə bəyanatlarla çıxış etməsin, artıq konstruktiv hərəkət etsin. Əgər, Paşinyan boynuna götürsə ki, danışıqlar prosesində bu tələbləri dilə gətirməyəcək, görüş prinsipcə, mümkündür. Əgər Paşinyan deyəcəksə ki, indiki mövqeyində qalacaq, onda Minsk qrupuna sual ünvanlamaq lazımdır ki, belə görüş nəyə lazımdır?

- Məsələ burasındadır ki, Paşinyan öz mövqeyində qalacağının artıq anonsunu verib. Nikol Paşinyan martın 5-də Brüsseldə olarkən bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə qarşıdakı danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatı da müzakirə ediləcək. O qeyd edib ki, problemin nizama salınması üçün ilk növbədə effektiv format yaratmaq, Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır…

- Danışqıların formatı müzakirə oluna bilməz. Biz az əvvəl danışıqlar prosesində müəyyən olunan gündəliyin qaralama mətnindən danışıb. Ermənistan tərəfi Dağlıq Qarabağın tərəf kimi iştirakını istəyəndə, Azərbaycan bildirmişdi ki, danışıqlarda azərbaycanlı icmanın iştirakı da təmin olunmalıdır. Format dəyişilməz qalır, amma Dağlıq Qarabağın erməni icması Ermənistan nümayəndə heyətinin tərkibində, Dağlıq Qarabağın azərbaycanlı icması isə Azərbaycan nümayəndə heyətinin tərkibində ola bilər. Bu, formatın dəyişməz olduğunu göstərir, amma formatın daxilində müəyyən dəyişikliklər mümkündür. Fikrimcə, Ermənistan qismən də olsa, bunula razılaşıb. Buna görə də bizim xarici işlər nazirimiz vaxtilə bununla bağlı nikbin çıxış etmişdi. Görünür, İrəvan indi bundan imtina edərək bildirir ki, başqa formata razılaşmalıyıq. Yəni, söhbət “2+1” – Dağlıq Qarabağ, Ermənistan və Azərbaycandan gedir. Biz isə formatla bağlı müzakirələr belə apara bilmərik. Paşinyan yalan danışır, format müzakirə olunmayacaq, bu, müzakirə obyekti deyil. Hətta Minsk qrupunun açıqlaması da onu göstərir ki, Paşinyan yalan danışır.
Ömər Dağlı

Oxşar xəbərlər