Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür Həzrət İmam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində Şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib...

Bu gün müsəlmanların 4-cü imamı, İmam Hüseynin (ə) oğlu Həzrət Əli ibn Hüseyn Zeynəlabidinin (ə) mövlud günüdür.


İnterAz-ın məlumatına görə, Həzrət İmam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində Şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib. Künyəsi "Əbu Məhəmməd" olsa da, daha çox “Zeynəlabidin” (ibadət edənlərin gözü) ləqəbi ilə tanınıb.

İmam Zeynəlabidinin (ə) anası sonuncu Sasani şahı III Yezdəgirdin qızı xanım Şəhrəbanudur. İmam ömrünün ilk iki ilini babası Həzrət İmam Əlinin (ə) yanında keçirib. İmam Əli (ə) şəhid edildikdən sonra 12 il ərzində əmisi Həzrət İmam Həsənin (ə) imaməti dövründə yaşayıb.


İmam Zeynəlabidin (ə) hicrətin 61-ci ilində atası İmam Hüseynlə (ə) birgə Kərbəla səfərində iştirak edir. Atası İmam Hüseynin (ə), əmilərinin, qardaşlarının və atasının ən yaxın dostlarının amansızca şəhid edilmələrinə şahid olur. Özü ağır yataq xəstəsi olduğu üçün sağ qalır və Aşura faciəsindən sonra əsir kimi Yezidin sarayına gətirilir, burada bir müddət zindan həyatı yaşayır. Məhz Aşura günü xəstə yatağında olsa da, atası İmam Hüseyn (ə) yaxınları və səhabələrilə son görüşündə onu özündən sonra Allahın yer üzündəki höccəti və İmam elan edir.


İmam Zeynəlabidin (ə) atasının şəhadətindən sonra 34 il ömür sürüb və bütün ömrünü dua, ibadət, Allahla münacat halında keçirib, Kərbəla şəhidlərinə yas mərasimləri qurub. Daim namaz və səcdə halında müşahidə edildiyi üçün ona “Səccad” (çox səcdə edən) deyə müraciət olunur.


Bu gün İmam Zeynəlabidinin (ə) yüksək əxlaqı və Allaha bağılığını əks etdirən “Səhifeyi-Səccadiyyə” dualar toplusu bir çox müsəlmanın hər gün müraciət etdiyi bir kitabdır.


İmam Zeynəlabidin (ə) hicrətin 95-ci ilində Məhərrəm ayının 25-də Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik Mərvan tərəfindən zəhərlə şəhid edilib. İmamın dəfn mərasimi özündən sonrakı imam Həzrət Məhəmməd Baqir (ə) tərəfindən təşkil olunub və Mədinə şəhərində yerləşən Cənnətul-Bəqi qəbiristanlığında dəfn olunub.

Oxşar xəbərlər