Cəfər Cəfərovun ölkədən çıxışına məhdudiyyət qoyuldu

Cəfər Cəfərovun ölkədən çıxışına məhdudiyyət qoyuldu “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun xəbəri olmadan Masallı Rayon Məhkəməsinin qərarı ilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barəsində qərar qəbul edilib.

Asiya.az-a bu barədə baş redaktorun özü açıqlama verib.

O bildirib ki, məhkəmə qərarını bu həftə poçt vasitəsi ilə alıb. “01.03.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin şikayəti əsasında mənim ölkədən getmək hüququmu müvəqqəti məhdudlaşdırılmasına dair mülki işə Masallı Rayon Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılıb.

Ərizə onunla əsaslandırılıb ki, mənə məxsus vergi ödəyicisi olan “Burovar” MMC vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 27 dekabr 2018-ci il tarixə 2374.61 manat məbləğində (o cümlədən: vergilər üzrə 1904.61 manat, faizlər üzrə 70 manat, maliyyə sanksiyyası üzrə 400 manat, məhkmə qərarı ilə təmin edilmiş hissə 0 manat) vergi borcu vardır.

Həmçinin fiziki şəxs - Cəfərov Cəfər Məzahir oğlunun (yəni ki, mənim) 3674.36 manat vergi borcum vardır.

Yaranmış borc məbləği 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 23.10.2015-ci il tarixli 1519021245233000, 24.06.2016-cı il tarixli 1618020105005700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur”.

Cəfər Cəfərov qeyd edir ki, Masallı Rayon Məhkəməsinin hakimi Habil Xanoğlan oğlu Bəhmənov heç bir tutarlı əsas olmadan onun ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edib. “Hakim H.Bəhmənovun verdiyi qərar qərəzli, düşünülməmiş, böyük qanun pozuntusuna yol verilən bir qərardır.

Mən, 04.03.2015-ci il tarixindən etibarən bu günədək başqa bir cinayət əməlində təqsirli bilinərək həbs edilmişəm. Məhkəmə qərarı ilə 5(beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm və bu cəza müddətimin son tarixi 04.09.2020-ci ildə bitir. Hazırda 11 saylı Məntəqə Tipli Cəcaçəkmə Müəssisəsinin məhkumuyam.

Cəza müddətim bitməmiş mən ölkədən çıxa bilmərəm. Ölkədən çıxa bilməyən bir şəxsə təkrar məhdudiyyətin qoyulması hansı qanunvericiliyə əsaslanır!?

Məhkəmə qərarında göstərir ki, güya mən məhkəmə iclasında iştirak etmişəm. Bu ağ yalandır. Mən, özümlə bağlı məhkəmə proseslərində yalnız cəza çəkdiyim Müəssisəsinin səlahiyyətli nümayəndəsi ilə və ya müəssisədən mənə verilən icazə əsasında iştirak edə bilərəm. Masallı Rayon Məhkəməsindən 11 saylı MTCM-ə mənim məhkəməyə çağırışım barədə bildiriş gəlməyib və mən heç bir məhkəmə prosesində iştirakçı olmamışam. Qətnamədə məhkəmə prosesində qarşı tərəfin isə iştirak etmədiyi göstərilir.

Maraqlıdır, heç bir tərəfin iştirak etmədiyi məhkəmə prosesində hakim kimi dinləyərək, hansı dəlillərə əsaslanaraq qərar qəbul edə bilib!?”

Baş redaktor onu da deyib ki, göstərilən hər üç tarixdə o həbsdə olub. “Vergilər Nazirliyindən ödəniləcək hər hansı vergi borcu barəsində rəsmi bildiriş almamışam. Mən həbs ediləndən bir ay sonra, 17.04.2015-ci il tarixində Vergilər Nazirliyinə ərizə ilə müraciət edərək Fiziki şəxs VÖEN-imin fəaliyyətinin dayandırılmasını xahiş etmişəm. Hazırda Vergilər Nazirliyi tərəfindən göstərilən yalançı borclar VÖEN-imin bağlı, özümün həbsdə olduğum tarixdə yaranan “borclar”dır. Mənim fiziki şəxs və hüquqi şəxs (“BUROVAR” MMC) olaraq hər hansı vergi borcum yoxdur. Bununla bağlı artıq Vergilər Nazirliyinə müraciət etmişəm”.

O vurğulayıb ki, Vergilər Nazirliyinin onun üçün hesabladığı vergi borcu 2014-cü ildə Ukraynadan aldığı mərmər daşlarına görədir. “Bu daşlar satış məqsədi üçün nəzərdə tutulmayıb. Hazırda da məndədir”.

“Asiya.az”-ın baş redaktoru Cəfər Cəfərov artıq Masallı Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdiyini bildirib.

Oxşar xəbərlər