Mənsimovdan necə “düşmən” düzəltməli?

Mənsimovdan necə “düşmən” düzəltməli?
  • Cəmiyyət / Manşet

  • Fikrət Fəraməzoğlu

    Bəzən elə hadisələrlə qarşılaşmalı olursan ki, onlara mütləq hər hansı formada rəy bildirmək, fikir səsləndirmək məcburiyyətində qalırsan. Çünki həmin hadisələr mahiyyət etibarı ilə cəmiyyətdəki inama və onun təməl prinsiplərinə ziyan gətirir. Doğrusu, dözmədim. Ona görə də, yazdım.

    Bəri başdan xəbərdarlıq!

    Əvvəlcədən bildirim ki, mənim tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovla yaxından və uzaqdan heç bir qohumluq, dostluq, işgüzar və digər əlaqəm yoxdur. Uzun illərdən bəri mətbuatda olduğumdan hər zaman təkcə, Mübarizi deyil, həmçinin xaricdə uğur qazanmış bütün azərbaycanlı iş adamlarını müdafiə etməyə çalışmışam. Çalışmışam ki, ermənilərdə olduğu kimi, bizdə də belə iş adamlarına münasibət müsbət olsun və əsassız yerə onlardan “düşmən obrazı” yaradılmasın. Ondan umacağım heç nə yoxdur. Əgər belə bir istəkdə bulunsaydım, çox-çox əvvəllər, hələ Mənsimov Azərbaycanda elə də yayğın şəkildə tanınmayan zamanlarda onunla əlaqə qura bilərdim. Amma heç bir zaman belə bir istəyim olmayıb. Bundan sonra da yoxdur və olmayacaq.

    Mənimlə Mübariz Mənsimovun tək ortaq nöqtəmiz eyni rayondan olmağımız, onun doğulub, boya, başa çatdığı kəndi bizim kəndlə vur-tut 10-15 km məsafənin ayırmasıdı. Və bu yazımı kimin necə başa düşməsi də mənim üçün maraqlı deyil.

    Mənsimovdan “düşmən” düzəltmək...

    Mərəkənin qısa xülasəsi budur ki, SOCAR “Palmali” Şirkətlər Qrupunun bir neçə gəmisini bir yolla ələ keçirib. Hazırda həmin gəmilərdən öz xeyrinə istifadə edir. 2016-cı ildən başlayan proses hələ də davam edir və tərəflər münasibətlərinə məhkəmədə aydınlıq gətirəcəklər.

    Amma Mənsimovun ötən gün verdiyi açıqlama qarşı tərəfi olduqca qıcıqlandırıb. Və ənənəvi olaraq hücum taktikasında yenə də “erməni izi” işə salınıb. Əslində, Mübariz Mənsimova “ermənilərə yardım edən adam” yarlığı vurmaq ədalətsizlikdir. Bu inkar olunmayan faktdır ki, sözügedən iş adamı heç bir zaman erməniləri özünə simsar saymayıb. Onun doğmaca əmisi oğlu Qarabağ döyüşlərində şəhid olub və hazırda Miyankü kənd orta məktəbi şəhidimizin adını daşıyır. Şəhid Mübariz İbrahimov məsələsində Mənsimovun göstərdiyi səylərə, atdığı addımlara nə ad verəcəksiniz?

    Şirkətində bir ermənini işlətməyən, Türkiyə Erməsitanla sərhədləri açacağı təqdirdə şirkətini başqa ölkəyə daşıyacağını açıqca bəyan edən, şəhid Mübariz İbrahimovun nəşini almaq üçün ermənilərə “istənilən məbləği istəyin, verməyə hazıram, təki şəhidimizin nəşini geri qaytarın” sözünü deyən və daha neçə-neçə belə işləri görən birinə “ermənilərlə şərik olan adam” yarlığı yapışdırmaq hansı insafa, hansı vicdana sığır?

    Ümumiyyətlə, bizdə belə bir ənənə yaranıb ki, biri digərinin maraqlarına cavab verməyəndə ondan “düşmən” obrazı yaradırlar. Məsələn, biri həqiqəti deyirsə və bu kiminsə xoşuna gəlmirsə, o zaman şərləmə kampaniyasına start verilir və ilk olaraq “erməni məsələsi” ortaya atılır. Bu çox ucuz variantdır. Etiraf edim ki, hal hazırda cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər hansısa iş adamına və ya öz sözünü deyən adamın “ermənilərin ortağı” deyilərsə, deməli, həmin adama şər atılır.

    Eyni zamanda, ortalığa düşüb, bəri başdan “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət etmək, əslində, “xoruzun quyruğunu” göstərməkdir. Yəni, tərəfin indidən “düşmən obrazı” yaratmaq cəhdləri qorxunun və günahkarlığın əlamətindən başqa bir şey deyil.

    Mənsimov nəyi səhv deyib?


    Mən Mübariz Mənsimovun sosial şəbəkələrdə yaydığı fikirləri ilə tanışam. O, Azərbaycan vətəndaşı olmasa da, özünü hər zaman layiqli azərbaycanlı kimi aparmaqla yanaşı, baş verən olaylara da biganə qalmayıb. Onun son statusunda yayımladığı fikirlərdə də qeyri-adi nəsə yoxdur. Onun dedikləri ilə bu gün camaatın istəkləri eynidir.

    Məsələn, Mənsimov “erməni kilsələrinə pulsuz qaz verildiyi halda, Azərbaycan əhalisinə qazı və işığı limitlə vermək hansı insafa sığır” fikrində qəbahətli nə var? Bəlkə elə deyil? Bəlkə, yanlış bir şey deyib? Bu gün Gürcüstanda erməni kilsələrinə pulsuz təbii qazın verilməsi faktını elə SOCAR rəhbərliyi özü telekanallar vasitəsiylə açıqlayıb. Elə camaat da onu sual edir ki, cənablar, biz hansı günahın sahibiyik ki, erməni kilsələrinə qaz pulsuz verildiyi halda, bizdə limit tətbiq olunur?

    Və ya Mübariz Mənsimov ölkənin büdcəsini talayanlara səslənərək, onlardan bu işlərdən əl çəkmələrini istəyib. Səhvmi deyib? Neçə gündür parlamentdə və ondan kənarda büdcə vəsaitlərini total şəkildə talan edən məmurlarla bağlı müzakirələr gedir. Deputatlar bununla bağlı çeşidli təkliflər verir. O zaman bu fikirləri gündəmə gətirənlər də ermənilərlə ortaqdırlar? Məgər ölkədə korrupsiya yoxdur?

    Hamının bir arada olub dövlətə, millətə yardımçı olmasını istəmək, bunun üçün çağırış etmək nə zamandan “erməni dəyirmanına su tökmək” sayılıb? Bu məntiqlə hara qədər getmək istəyirsiz?

    Xaricdə fəaliyyət göstərən bütün imkanlı iş adamlarımızın bu və ya digər şəkildə Azərbaycana və azərbaycanlılara yardım etməyə çalışırlar. Mübariz Mənsimov Türkiyədə təhsil alan yüzlərlə azərbaycanlı gəncin normal, qayğısız təhsil almaları üçün onlara aylıq təqaüd ayırıb. Bu gün ona ittiham irəli sürənlərin də Türkiyədə onlarla qohumu, dostu, biznes ortaqları var. Bəs, onlar niyə hər ay qazandıqlarının müqabilində kiçik bir məbləğlərindən keçərək, belə bir iş görmürlər? Bahalı evlər, maşınlar almağa imkanları varkən, qollarına taxdıqları bir saatın qiyməti dəyərində yüzlərlə azərbaycanlı gənci oxutmaq mümkün olduğu halda, niyə bu addımı atmırlar?

    Qayıdıram yenə Mənsimov məsələsinə. Bu adamın rəhbəri olduğu “Palmali” şirkətində çalışanların arasında xeyli sayda azərbaycanlı var. Və onların əksəriyyəti, Azərbaycanda iş tapa bilməyib xaricə üz tutanlardır ki, Mənsimov da onların bacarıqlarını qiymətləndirərək, öz yanında işə götürüb. Azərbaycanda açdığı iş yerlərinə nə ad qoyaq? Bəs, idmana verdiyi tövhəsini necə qiymətləndirək? Adamın başına elə bir oyun açdılar ki, nə edəcəyini belə bilmədi.

    Adam bütün dünyada iş adamı olaraq Azərbaycanı təmsil edir. Özü də layiqli səviyyədə. Daha nə etməlidir ki, “erməni dəyirmanına su tökən” olmasın?

    Mənsimov olmasın, bir başqa milyarder həmyerlilərimizi götürək. Araz Ağalarovun “Korkus” şirkətində ən mühüm postları azərbaycanlılar tutur. “Luk Oil” şirkətində əsas işlərin ağırlığı yenə də azərbaycanlıların üzərindədir. Və ya AST Telman Moskvada bazar işlədən zaman ona müraciət edən həmyerlilərimizə qapılarını açırdı. Amma nə faydası, bir balaca çəp baxan kimi, onlara da min dənə ad qoyub, hörmətdən, izzətdən salmağa çalışmışıq.

    Bu lap ağ oldu!

    Bütün bu tənqidlərin hamısının haradasa üzərindən keçmək mümkün görünürdü. Amma “talış separatçısı” adını gündəmə gətirmək, bu lap ağ oldu.

    Qeyd edim ki, Mübariz Mənsimova belə bir yarlığı yapışdırmaq cəhdi hələ xeyli əvvəldən mövcud idi. Lənkəranda “Xəzər Lənkəran” klubu üçün stadion tikən zaman ona bir para adamlar “separatçılığı qızışdırmaq üçün baza yaradır” ittihamı irəli sürdülər. Elə “Palsüd”ün genişlənməsinin qarşısının alınması da bu amillə əlaqələndirildi. Əslində, bu fikri ortaya atmaq dəliliyin və carəsizliyin əlamətidir.

    İkincisi, Mübariz Mənsimovun belə fikri olsaydı, əlindəki maddi imkanlardan yararlanıb, zamanında istədiyini edə bilərdi. Onun indiyə qədər Azərbaycan konteksindən kənara çıxıb, talış məsələsi üzərində kökləndiyini görən, bilən olubmu? Olmayıb, bunu iddia etmək belə qərəzin, düşmənçiliyin əlaməti olardı. O zaman, Cənub bölgəsindən çıxanları “talış separatçısı”, Qarabağ bölgəsindən olanları “kürd separatçısı”, Şimal bölgəsindən olanları isə “Ləzgi separatçısı” kimi təqdim edək? Bəs, sabah Sabirabad, Kürdəmir rayonlarından olan iş adamlarını qaralamaq üçün nə ad verəcəyik: “Türk separatçısı”?

    Özünüzü biabırçı vəziyyətə qoymayın, cənablar! Sözünüz var, söz danışın. Daha belə ucuz vasitələrə əl atmaqla, özünüzü də, ətrafınızı da hörmətdən salmayın. Həmçinin belə bir fikri ortaya atmaq və bununla hansısa iş adamını ləkələmək heç bir halda yaxşı iş deyil, olduqca ayıbdır.

    Son

    İstər Mübariz Mənsimov, istərsə də xaricdə fəaliyyət göstərən əksər iş adamları pis və ya yaxşı şəkildə bu ölkəni təmsil edirlər. Onlara çalışdıqları ölkələrdə xüsusi hörmət bəslədikləri halda, bizim onlardan düşmən düzəltməyimiz heç bir şəkildə başucalığı gətirmir. Əksinə, düşmən bizə gülür. Ermənilərin Abramyanı bu gün ölkələrinin milli qəhrəmanıdır. İnandırım ki, onun Ermənistan üçün gördüyü iş bizim iş adamlarımızın Azərbaycan üçün gördüklərinin yanında heç nədir. Bəs, biz niyə Milli Qəhrəman olmağa layiq olduqları halda, tanınmış iş adamlarımızı gözümçıxdıya salıb, onlardan “düşmən” düzəldirik?

    P.S. Düşünürəm ki, bu yazıdan sonra mənə də ya “erməni dəyirmanına su tökən”, ya da “talış separatçısı” yarlığı yapışdıracaqlar. Bəri başdan deyim ki, Masallıda doğulsam da, milliyyətcə türkəm, amma talış olsaydım bununla fəxr edərdim. Həm də gerçək talış separatçıları məni hələ 10 il bundan əvvəl “vətən xaini” elan ediblər. Ona görə də, başqa “yarlıq”lar haqqında fikirləşin.
    PAYLAŞ:

    Oxşar xəbərlər