“Formula-1” yarışlarına 10 gün qaldı - işlərin çoxu görülüb

“Formula-1” yarışlarına 10 gün qaldı - işlərin çoxu görülüb Azad Rəhimov: “Yarışlara 99 faiz hazırıq”

“Formula 1" Azərbaycan Qran-Prisinin başlanmasına 10 gün vaxt qalıb. Artıq Bakı küçələrində işlər yekunlaşmaq üzrədir. Trek ətrafında yarışla bağlı bannerlər quraşdırılıb. Küçələrdə ”küçələrin fəthi başlayır" yazılı lövhələr vurulub. Hazırlıq işləri ilə əlaqədar “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti gücləndirilmiş iş rejiminə keçib.

Biletlərin satışına gəlincə isə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, “Formula 1" yarışları üçün bilet satışları davam edir. Onun sözlərinə görə, ən çox bileti Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyə vətəndaşları alıblar. Nazir bildirib ki, yarışların keçirilməsində heç bir məhdudiyyət yoxdur: ”Demək olar ki, “Formula 1" yarışlarına 99 faiz hazırıq. Heç bir problem və ləngimələr yoxdur.

Bundan əvvəlki 3 ildə hansı səviyyədə keçirilirdisə, bu il də eyni səviyyədə davam edir. Çox istəyərdik ki, 2017-ci ildə keçirilən ”Formula 1" yarışları kimi bu il də maraqlı keçsin".


Məlumat üçün qeyd edək ki, aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən Formula 1 üzrə 1000-ci Qran-Pri “Mercedes” komandasının böyük qələbəsi ilə başa çatıb. Bu komandanın pilotları - britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri isə “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.

Cari mövsümün üçüncü Qran-Prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun komanda yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən 6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub.

“Toro Rosso”nun pilotu Daniel Kviat və “Reno”nun sürücüsü Niko Hülkenberq mübarizəni başa çatdıra bilməyiblər.

Cari mövsümün ilk iki Qran-Prisi də “Mercedes” komandasının qələbəsi ilə başa çatıb. Belə ki, martın 17-də Avstraliya Qran-Prisində Valtteri Bottaş, martın 31-də Bəhreyn yarışında isə Luis Hamilton qalib gəliblər.

Beləliklə, üç qran-pridən sonra pilotların yarışına 44 xalla Valtteri Bottaş liderlik edir. Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

“Formula 1” üzrə dünya çempionatının növbəti - dördüncü Qran-Prisi aprelin 26-28-də Bakıda keçiriləcək.

Bundan əvvəl isə aprelin 13-də “Bakı Şəhər Kartinq Mərkəzi 2019" çempionatına start verilib. “Formula 1” Azərbaycan Qran-Prisinə həsr olunan yarış ”Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilib.

“Sodi SR5" kartlarında keçirilən ilk çempionatda 12 yeniyetmə pilot birincilik uğrunda mübarizə aparıb.

Yollardakı vəziyyətə gəlincə isə Azərbaycanda “Formula 1” yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən “Yeni Müsavat”a məlumat verilib ki, yürüşə son hazırlıq işlərinin görülməsi ilə əlaqədar aprelin 21-dən 22-nə keçən gecə trekin keçdiyi bütün yollar, o cümlədən “Azneft” dairəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti aprelin 30-da saat 06:00-dək tamamilə dayandırılacaq.

Yarışı işıqlandırmaq üçün akkreditasiyadan keçən jurnalistlərə gəlincə isə hələ ki onların siyahısı məlum deyil. Akkreditasiya üçün müraciət edən jurnalistlərə yarışa 1 həftə qalmış cavab veriləcəyi gözlənilir.

Lakin “Formula 1” Azərbaycan Qran-Prisinin könüllülərinə və işçi heyətinə uniformaların və akkreditasiyaların verilməsi prosesi həyata keçirilir.

BŞH-in işçi qüvvəsi və insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova qeyd edib ki, uniforma və akkreditasiyaların verilməsi prosesinə 100-dən artıq könüllü cəlb edilib. Ümumilikdə yarışlarda 3 min könüllü iştirak edəcək. Bu il xaricdən gələn 50-dək könüllüyə də akkreditasiya veriləcək. Həmin könüllülər ABŞ, Almaniya, Hollandiya, Çin, Avstraliya və digər ölkələrdəndir.

Sonda onu da qeyd edək ki, son zamanlar Bakı küçələrində küçə itlərinə qarşı zorakılıq halları, onların öldürülməsi ilə bağlı məlumatlar dolaşır. Bildirilirdi ki, bu kimi addımlar “Formula-1" ərəfəsində Bakının mərkəzini küçə itlərindən təmizləmək üçün atılır. Lakin Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai facebook-da status yazaraq bildirib ki, onların bu məsələ ilə heç bir əlaqəsi yoxdur:

“Son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılığa yol verildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətimizdən yayınmayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi olaraq fikrimizi bildirmək istəyirəm. Bizim bu halların baş verib-verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik. Tam əminliklə bildirirəm ki, bu halların “Formula 1” Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur”.

Əli RAİS,
“Yeni Müsavat”

Oxşar xəbərlər