Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi

Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
  • Cəmiyyət

  • Mayın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, çoxsaylı YAP üzvlərinin, ağsaqqallar və ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulmuş, ümummilli liderin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

    Tədbir iştirakçıları Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirmişlər.
    Ümumrayon tədbiri Rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.

    Əvvəlcə ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı və müstəqilliyi naminə gördüyü işlərdən, apardığı mübarizələrdən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.
    Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləyərək müasir Azərbaycanın memarı, qurucusu və xilaskarının ölkəmiz üçün tarixi, əvəzsiz xidmətlərindən, respublikamızın sabitliyi və dinamik inkişafında qoyduğu bünövrədən danışmışdır.
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:

    - Bu gün müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96-cı ildönümüdür.
    Bütün dövrlərdə ən müdrik dövlət başçısı, dünyaşöhrətli siyasətçi ulu öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycanı, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində olan bugünkü inkişaf məhz onun adı ilə bağlıdır.

    Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunanda ölkəmiz keçmiş ittifaq respublikaları içərisində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, gəlirinin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə görə geridə qalırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü məhz belə bir çətin vəziyyətdə başlamışdır. Heydər Əliyevin apardığı quruculuq işləri və onun şəxsiyyətinə ittifaq səviyyəsində olan hörmətin nəticəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Bu illərdə elm tutumlu sənayenin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, neft-kimyanın, həmçinin kənd təsərrüfatının sürətli inkişafı təmin olundu.

    Heydər Əliyevin rəhbərliyi altında sovet dövründə 13 il ərzində Azərbaycan ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçdi və o dövrdə Sovet ittifaqında yalnız Rusiya və Azərbaycan özünü təmin edən respublikalar idi.
    Heydər Əliyevin Azərbaycanda gördüyü irimiqyaslı işlər, istedadı və zəngin təcrübəsi onun sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələndi. 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

    Moskvada olmasına baxmayaraq, Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o çalışırdı ki, yeni, modernləşmə imkanlardan istifadə edərək Azərbaycana kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi məsələlərinin həlli ilə bağlı çox önəmli qərarlar qəbul edilmişdir.
    1987-ci ildə Heydər Əliyevin Sovet rəhbərliyindən, şəxsən baş katib Mixail Qorbaçovun Azərbaycana qarşı yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq istefasından sonra erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu və respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran, hərc-mərclik, qarşıdurma getdikcə dərinləşməyə başladı.

    Həmin dövrə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Onun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olundu, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

    Ötən əsrin 90-cı illərin əvvəllərində təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi və separatçılıq meyilləri ilə üz-üzə qalmışdı.
    Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan AXCP-Musavat kimi hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, ayrı-ayrı silahlı dəstələr yaradırdılar. Məhz AXCP-Musavat cütlüyünün xəyanəti, təcrübəsizliyi və səriştəsizliyi Vətənimizi öz müstəqilliyini itirməsi, ərazisinin işğalı və parçalanması, dövlətçiliyinin məhv olması təhlükəsi qarşısında qoydu, şəhidlər xiyabanlarının yaranmasına səbəb oldu.

    Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidli tələbi və vəziyyətdən çıxış yolu tapmaqda aciz qalan iqtidarın özünün inadlı xahişləri ilə ulu öndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinin rəhbərliyinə gələrək, öz qayıdışı ilə dövlətimizin inkişafı və xalqımızın rifahının yaxşılaşmasına yönəlmiş taleyüklü problemlərin hamısını qısa müddət ərzində böyük müvəffəqiyyətlə həll etdi.

    Beləliklə, vətəndaş müharibəsindən vətəndaş sülhünə, xaosdan sabitliyə, separatizmdən milli həmrəyliyə, ideoloji boşluqdan azərbaycançılıq ideologiyasına, siyasi böhrandan dövlətçiliyə, iqtisadi tənəzzüldən tərəqqiyə, səriştəsizlikdən dərin təcrübəyə və xarici siyasətdə milli maraqlara söykənən keçidi təmin etdi.
    Müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqımızın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla qürur duyuruq ki, ümummilli liderimizin ən layiqli davamçısı cənab İlham Əliyev kimi xalqımızın, dövlətimizin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, hər vədini əməli işi ilə doğruldan görkəmli dövlət başçımız vardır.
    Bu gün möhtərəm Prezident cənab İlham Əliyev ulu öndərin yaratdığı strategiyanın əsasında Azərbaycan Respublikasını uğurla inkişaf etdirir. Fəaliyyətə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” məramı ilə başlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev son 16 ildə əsas məqsədinin məhz real iş, konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, seçkilərdə verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul olunan fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun beynəlxalq ictimai rəydə islahatçı lider kimi alternativsiz rəhbərliyi tam təsdiqini tapmışdır.

    Bu islahatların ölkəmizdə uğurla reallaşdırılmasına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz layiqli töhfələrini verir. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Ötən 2 ilin reallıqları fonunda Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bu gün cəmiyyətdə mütləq çoxluq etiraf edir, dövlət başçısının təyinatını ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından vacib sayırlar. Yalnız bu səbəbdən ki, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəm əsaslarla həyata keçməsinə çalışmışdır.

    Azərbaycan Prezidentinə ən böyük dəstək dövlətimizin mənbəyi olan xalqdan, öz taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi strateji xəttin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi ölkədə bütün sahələr üzrə olan inkişafın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam inanaraq güvənir.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə misilsiz xidmətlə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona üz tutmuşdur. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndər haqqında belə demişdir: "Ulu öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

    Biz, Daşkəsənlilər də ulu öndər Heydər Əliyevin ideyalarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini dəstəkləyərək var gücümüzlə həyata keçiririk.
    Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
    Yaşasın ulu öndərimizin ideyaları!

    Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!

    Elmar ƏLİYEV
    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
    müdir müavini – dini qurumlarla işin təşkilatçısı


    Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
    Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
    Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
    Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
    Daşkəsəndə Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi
    PAYLAŞ:

    Oxşar xəbərlər