Final qarşılaşmaları: Bakı və Madridin fərqi - Ekspert

Final qarşılaşmaları: Bakı və Madridin fərqi - Ekspert
  • İdman

  • Müqayisəli şəkildə götürdükdə Bakıda mayın 29-da keçirilən UEFA Avropa Liqasının final qarşılaşması iyunun 1-də Madriddə baş tutan Çempionlar Liqasının final oyunundan qat-qat yaxşı təşkil olunmuşdu.

    Asiya.az Axar.az-a istinadən bildirir ki, bu fikirləriidman eksperti Sənan Şəfizadə deyib. O, Bakıya gələn turistlərin hava limanından 35-40 saniyəyə keçməsinin yüksək təşkilatçılığın göstəricisi olduğunu bildirib:

    “Bizim təşkilat komitəsi çalışdı ki, turistlər, rəsmi şəxslər, “Arsenal”, “Çelsi” komandalarının üzvləri heç bir problem olmadan rahat şəhərə daxil ola bilsinlər. Onlar təmənnasız olaraq avtobuslarla stadiona gətirildilər və eyni zamanda, geriyə, hava limanına aparıldılar. Bundan əlavə, “Çelsi” fanatlarına şəhərdə qələbəni qeyd etmələri üçün rahat şərait yaradıldı. Avroliqanın final qarşılaşması həm bizim, həm də xarici turistlər üçün əsl futbol bayramı oldu.

    Bakıdan fərqli olaraq Madriddə ciddi nöqsanlar müşahidə olundu. ÇL finalı olan həftə biletlərin və otellərin qiymətləri birdən-birə 2-3 dəfə bahalaşdı. Azarkeşlərin çoxu qiymətlərin yüksək olmasına görə Madriddə yox, ətraf şəhərlərdə qalmağa məcbur oldu. Bu barədə xarici mediada kifayət qədər məlumat var.

    Madriddəki ÇL finalı ərəfəsində müşahidə olunan əsas problemlərdən biri qara bazarda saxta biletlərin satılması idi. Saxta biletləri də alan şəxslər təbii olaraq stadiona buraxılmayıb və bu da Madrid polisi ilə azarkeşlər arasında qarşıdurmaya səbəb olub”.

    Ekspert Madriddəki qarşılaşma zamanı qeydə alınan daha bir problemə də diqqət çəkib:

    “Ən böyük problem isə matçın ilk dəqiqələrində bir nəfər xanımın stadiona çimərlik geyimində daxil olması idi. Bu UEFA tərəfindən ciddi qanun pozuntusu hesab edilir. Çünki matç 200-dən çox ölkədə canlı yayımlanırdı. Belə halın baş verməsi futbol adına ləkədir. Bu, onu göstərir ki, meydança könüllülər və mühafizəçilər tərəfindən o qədər də ciddi qorunmayıb. Xanım stadiona icazəsiz daxil olduğuna görə yayım bir neçə dəqiqəliyinə dayandırıldı. Hazırda UEFA bu məsləni araşdırır. Təbii ki, bütün bu baş verənlərə təşkilatçı ölkə məsuliyyət daşıyır. Bununla bağlı yəqin ki, təşkilat komitəsinə nota göndəriləcək. Çünki təşkilatçılar baş verə biləcək mənfi hadisələri nəzərə alaraq mühafizəni güclü qurmalı idilər”.

    S.Şəfizadə İspaniyanın dəfələrlə bənzər yarışlara ev sahibliyi etməsinə baxmayaraq, Bakıdan geri qaldığını söyləyib:

    “Bizdə bundan əvvəl bir sıra beynəlxalq yarışlar keçirilsə də, futbol üzrə ən əhəmiyyətli yarış mayın 29-da baş tutan Avroliqanın final oyunu idi. Buna baxmayaraq, Bakı Madriddən qat-qat yaxşı hazırlaşmışdı. Madriddə olan nöqsanların heç biri Bakıda yaşanmadı.

    Xarici azarkeşlər həm yerli mətbuata, həm də xarici mediaya açıqlamalarında Bakının yüksək səviyyədə təşkilatçılığından danışıblar. Bir sözlə, Bakı bu yarışda UEFA-nın etimadını doğrulda bildi və sübut etdi ki, belə yarışlara növbəti dəfə ev sahibliyi edə bilər”
    PAYLAŞ:

    Oxşar xəbərlər