Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir?

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir?
  • Hərb / Manşet

  • Milli Məclisin son iclaslarında millət vəkili Fazil Mustafa bir sıra sosial problemlərə toxunub.

    Asiya.az bu məsələlərlə bağlı millət vəkili Fazil Mustafanın geniş müsahibəsinin təqdim edir.

    - Fazil bəy, qazın limitindən sonra, elektrik enerjisinin də limitinə yenidən baxıla bilərmi?

    - Qazın limiti ilə bağlı məsələ gündəmə gətiriləndən sonra, hökumət mümkün variantı gerçəkləşdirdi. Elektrik enerjisinə gəlincə, son illər ən normal işləyən qurumlardan biri “Azərenerji”dir. Çünki son zamanlar bu qurumla bağlı vətəndaşların şikayəti müşahidə olunmayıb. Bu, təqdirəlayiq haldır.

    - Elektrik enerjisindəki limit tamamilə ləğv edilə bilərmi?

    - Elektrik enerjisində limitin ləğvi rayonlar üzrə həyata keçirilə bilər. Xüsusən də ucqar rayonlarda qaz çəkilmədiyi üçün işıqdan daha çox istifadə olunur. Bu, insanların sıxıntılarının azaldılması üçün limitin tamamilə ləğvi məqsədəuyğun olar. Hesab edirəm ki, bu məsələ üzərində düşünmək lazımdır.

    - Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi biznes mühitinə necə təsir edə bilər?

    - Limitin ləğvi çox müsbət təsir edə bilər. Çünki əsas meyar vətəndaşın marağı üzərində qurulmalıdır. Vətəndaşın gəliri olmalıdır ki, kommunal xərci ödəyə bilsin. Ona görə də, vətəndaş üçün şərait yaratmaq lazımdır ki, sonradan ödəniş tələb etmək rahat olsun.

    - Turizm sahəsində gəlirlərin 13% azalmasına ciddi səbəb kimi nəyi görürsünüz?

    - Turizm sahəsində gəlirlərin azalmasına bir sıra amillər təsir edir. Aərbaycanda turizm sahəsinə yetərincə diqqət və vəsait ayrılır. Bu istiqamət üzrə ölkə başçısı tərəfindən də çox müsbət addımlar atılır və stimullaşdırıcı işlər görülür. Turizm sahəsinin inkişafı cəmiyyətə birbaşa bağlıdır. Belə ki, ictimai asayiş və yolların normal olması, hotel şəbəkəsinin qanunauyğun şəkildə xidmət göstərməsi, nəqliyyat və hava limanı sahəsində xidmətin yüksək səviyyədə olması vacib amillərdəndir. Hava yolları ilə bağlı qiymət məsələsində Qazaxıstana, Ukraynaya, Özbəkistana uduzuruq. Bu isə turizmin inkişafına əngəl törədir.

    - Turizm sektoru ilə maraqlananlar Azərbaycanın bu sahədə hələ də Gürcüstandan geri qaldığını söyləyirlər. Turizmə dövlət səviyyəsində bu qədər diqqət göstərildiyi halda, rəqabətdə uduzmağımızın səbəbi nədir?

    - 2018-ci ildə Gürcüstana gələn turistlərin sayı 4.8 milyon nəfər, Azərbaycanda isə 2.9 milyon olub. Yəni, Gürcüstanla müqayisədə ölkəmizə gələn turistlərin sayı təxminən 50% aşağıdır. Bunun səbəbi odur ki, Azərbaycanda dəniz hasarlanır, Gürcüstanda isə dəniz əhali və turistlər üçün açıqdır. Eyni zamanda, digər sahələrdə Gürcüstan kapital qoyuluşuna üstünlük versə də, biz də məhdudlaşdırıcı tədbirlər görülür. Turizm sahəsindəki rəqabətdə qalib olmağımız özümüzdən asılıdır. Bu il Gürcüstanda turizmdən gələn gəlir Azərbaycandan fərqli olaraq, 600 milyon dollar çoxdur. Bu, kiçik rəqəm deyil. Azərbaycanda isə turizm gəlirləri 13% azalıb. Baxmayaraq ki, ölkəmizdə olan beynəlxalq tədbirlər heç Gürcüstanda keçirilməyib. Gürcüstanın turistlər üçün cəlbedici olmasının səbəblərini araşdırmalı və öz ölkəmizdə turizm sahəsinin inkişafına yol açmalıyıq.

    - Kitab üzərindən əlavə dəyər vergisinin götürülməsini Milli Məclis də daxil, müxtəlif tribunalardan dəfələrlə səsləndirmisiniz. Sizcə, bu baş verərsə, kitaba maraq artacaqmı?

    - Kitab üzərindən ƏDV-nin götürülməsi strateji məsələdir. Burada söhbət təkcə kitabdan deyil, kitab məhsulları və çap avanadlıqlarından da gedir. Bir çox ölkələrdə ƏDV 4-8%, Gürcüstanda 0 % götürülür. Azərbaycanda isə ƏDV 18%-dir və kitabın qiymətinə çox təsir edir. Əhalinin savadlanması üçün kitaba dəyər verilməsi vacibdir. Hökumət kitab sahəsindən böyük gəlir əldə etməyi gözləməməlidir. Gəlir üçün başqa sahələrə üz tutmaq lazımdır. Məsələn, turizm normal olarsa, elə oradan götürülən gəlir kifayət edər. Kitab üzərindən ƏDV ləğv olunarsa, qiymətlər 30-40% aşağı düşəcək. Nəticədə alıcılıq qabiliyyəti aşağı olan vətəndaş öz istehlak zənbilinə kitabı da əlavə edə biləcək.Qonşu ölkələrdə atılan stimullaşdırıcı addım bizdə də atılmalıdır ki, insanlar mütaliəyə meylli olsunlar.

    - Deputatların komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi ilə bağlı nəzərdə tutulan qərara əsasən, həmin millət vəkilləri Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunacaq. Bu qərar və “Deputatların etik davranış qaydaları haqqında” qanuna münasibətiniz necədir?

    - Əslində deputatın etik məsələsi çox şişirdildi. Konstitusiyada belə bu məsələnin qabardılmasına ehtiyac yox idi. Millət vəkilinin mənəvi məsuliyyət məsələsinə daha çox diqqət yetirmək lazımdır. Deputatın iclaslara 4 və ya 5 dəfə gəlməməsi əsas problem deyil. Deputatın məhsuldarlığına, fəallığına, seçicinin problemini qabardıb-qabartmamasına, qanunvericilik təşəbbüskarlığı ilə çıxışının olub-olmamasına, ölkəni beynəlxalq aləmdə yetərincə təmsil edib-etməməsinə nəzər yetirmək daha məqsədəuyğundur. Elə deputat var ki, onun beynəlxalq aləmdəki bir çıxışı və ya addımı Azərbaycan üçün müsbət təsirə malik ola bilər. Parlamentdə nizam-intizamın olması vacibdir, amma əsas diqqət digər tərəflərə yönəlməlidir.

    - Passiv deputatlara qarşı hansısa cərimə və ya cəza tətbiqi effektiv təsir edə bilərmi?

    - Passiv deputat anlayışına yanaşma birmənalı olmamalıdır. Çünki hər millət vəkilinin öz auditoriyası var. Bəzi deputatlar Milli Məclisdə çıxış etməsə də, beynəlxalq təşkilatlarda Azərbaycanı çox yüksək səviyyədə təmsil edirlər. Deputatın funksiyası təkcə onun parlament iclaslarında danışıb-danışmaması ilə ölçülməməlidir. Parlament üzvünün öz üzərinə düşən sahədə effektivliyi varsa, onu passiv hesab etmək olmaz. Elə deputat var ki, ancaq seçiciləri ilə işləyir. Heç bir səmərəliliyi olmayan deputata isə yalnız mənəvi cərimə tətbiq etmək olar. Maddiyyata bağlı cərimə tətbiqi, ciddi səhv ola bilər. (Redaktor.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər