"Sarsılmaz qardaşlıq" ermənilərin canına vəlvələ salıb

"Sarsılmaz qardaşlıq" ermənilərin canına vəlvələ salıb
  • Araşdırma / Manşet

  • NAXÇIVANDAKI “SARSILMAZ QARDAŞLIQ” ERMƏNİLƏRİN CANINA VƏLVƏLƏ SALIB:"Azərbaycan savaşa başlamaq üçün uyğun məqam axtarır"

    Asiya.az bildirir ki, Azərbaycan və müttəfiqi Türkiyə öz silahlı gücləri arasında müxtəlif formatlarda tədris təlimləri təşkil edərək ikitərəfli hərbi-siyasi münasibətləri dərinləşdirməkdədir. Bu iki ölkənin “Bir millət, iki dövlət” çağırışını rəhbər tutaraq strateji müttəfiq olduqları sirr deyil, amma Ermənistanın şərq və qərb qonşuları son zamanlar daha yüksək hərbi fəallıq göstərirlər.

    Və xüsusən də bu hadisələr Ermənistan sərhədinin cəmi bir neçə kilometrliyində baş verirsə, təbii, bu, İrəvanda narahatlıq doğurmaya bilməz.

    Türkiyə və Azərbaycan son bir ayda sayca ikinci hərbi təlim keçirir – bu dəfə formal olaraq Azərbaycanın bir hissəsi, amma faktiki olaraq Türkiyənin mühüm təsiri altında olan Naxçıvan Muxtar Respublikasının ərazisində.

    Türkiyə və Azərbaycanın müdafiə idarələrinin məlumat verdiyi kimi, Naxçıvanda iyunun 7-dən 11-ədək keçirilən “Sarsılmaz qardaşlıq-2019” birgə taktiki təlimləri döyüş atışının məşqinə hədəflənib.

    Keçən dəfə mayın 1-dən 3-ə qədərki Türkiyə-Azərbaycan taktiki təlimlərinin adı “Mustafa Kamal Atatürk-2019” idi.

    Əlbəttə, bölgədə savaş, Azərbaycanın gündəlik təcavüzü şəraitində və xüsusən Ermənistanda daxili-siyasi sabitsizlik təhlükəsinin meydana çıxması əlamətləri işığında Azərbaycan və Türkiyənin Ermənistan sərhədində bu hərbi fəallığını barışsevərlik və ya dostluq addımı adlandırmaq çətindir. Hərb işinin bəzi mütəxəssisləri Ermənistan tərəfinə, Ermənistan SQ-nin komandanlığına Azərbaycanın bu hərəkətlərinə böyük diqqət ayırmaq və istənilən inkişafa hazır olmağı məsləhət görürlər.



    Məsələn, Əfqanıstan və Qarabağda ad çıxartmış, müstəqil Ermənistanın silahlı güclərinin formalaşdığı ilk illərdə ER SQ Baş Qərargah rəisi və müdafiə naziri postlarını tutmuş erməni generalı Norat Ter-Qriqoryants bunda ciddi təhlükələr görərək deyir ki, Azərbaycan savaşa başlamaq üçün uyğun məqam axtarır.

    Ter-Qriqoryants istisna etmir ki, Azərbaycan tərəfi təlim görüntüsü altında ağır hərbi texnikanı sonrakı hücum əməliyyatları üçün Artsax (Dağlıq Qarabağ-tərc.) və ya Ermənistan sərhədlərinə yaxınlaşdıra bilər.

    Yeri gəlmişkən, azərbaycanlılar bu hiylədən artıq istifadə ediblər – 2016-cı ildə genişmiqyaslı aprel hücumuna hazırlıq zamanı.

    Şərqşünas Vardan Oskanyan öz növbəsində qeyd edib ki, Bakı rejimi Ermənistan və Kürdüstan Fəhlə Partiyasının (PKK) əməkdaşlığı haqda yalan şayiələr buraxaraq “Sarsılmaz qardaşlıq-2019” təlimlərinə informasiya-təbliğat dəstəyinin təminatı üçün bəzi addımlar atıb.

    Voskanyanın Feysbukdakı qeydinə əsasən, Azərbaycan resurslarından biri yazıb ki, guya, PKK döyüşçüləri Ermənistanın yardımı ilə İqdır və Naxçıvanda “fitnəkarlıq” həyata keçiriblər. İrəvan xüsusilə bunda ittiham olunur ki, cari il mayın ortalarında Türkiyə və Naxçıvan arasında Dilucu sərhəd məntəqəsində naməlum şəxslər tərəfindən Azərbaycanın qaz daşıyan yük maşınına atəş açılıb ki, bu da aşkar dezinformasiya və yalandır.

    ER MN-nin mətbuat katibi Artsrun Ovannisyan isə Naxçıvandakı təlimlərə toxunaraq qeyd edib ki, “biz hər şeyi diqqətlə izləyirik və istənilən inkişafa hazırıq”.



    1-in.am-ın həmsöhbəti Rusiya hərbi eksperti, Moskva Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixindir.

    -Cənab Xramçixin, necə düşünürsünüz, Türkiyə və Azərbaycan son zamanlar niyə belə tez-tez hərbi təlimlər keçirir?

    -Aydındır ki, onlar hərbi əməkdaşlığı möhkəmləndirir, ola bilsin, bunun hansısa konkret təcəssüm ala biləcəyi hesabıyla ciddi möhkəmləndirirlər.

    – Hamısı ancaq bu?

    -Əslini desək, hərbi təlimlər daha nəyə görə keçirilir? Məhz bunun üçün. Onu izləyə bildiyim qədər, bu iki ölkə ssenari üzrə azdan-çoxdan gerçək olan təlimlər keçirirlər, yəni onlar terrorizmlə mübarizəni məşq etmirlər. Ancaq antiterror əməliyyatlarına hazırlaşsaydılar, onda eybi yox idi, deməli, təlim mərasimvari-siyasi xarakter daşıyardı. Bu təlimlər isə azdan-çoxdan həqiqidir.

    – Azərbaycan-Türkiyə işbirliyinə, alyansı möhkəmlətməyə, fəallığa Ermənistanın təhlükəsizliyinə təhdid kimi baxmaq lazım gəlir? Fikrinizcə, Ermənistan belə hərəkətlərə necə reaksiya verməlidir?

    – Təlimlər Azərbaycan-Türkiyə formatında keçirilirsə, onda aydındır ki, onlar üçün təsəvvür edilən yeganə düşmən Ermənistandır. Uyğun olaraq, Ermənistanın buna necə reaksiya verməli olduğu haqda Ermənistanın yerinə cavab vermək səlahiyyətim yoxdur, amma ən azı, əlbəttə, gərginləşməyin mənası var.

    -Azərbaycan SQ mayın ikinci yarısında ayrıca hərbi təlim keçirib və bu, Ermənistandakı kəskin daxili-siyasi hadisələr fonunda baş verib və bəzi ekspertlər fikir ifadə ediblər ki, ola bilsin, Azərbaycan bu durumdan fayda götürmək istəyir. General-leytenat Norat Ter-Qriqoryants deyib ki, istisna deyil ki, azərbaycanlılar hərbi təlim görünüşü altında öz hərbi texnikalarını sərhədə yaxınlaşdırır və orada qoyurlar. Onlar bunu artıq 2016-cı ilin aprel təcavüzünə qədər ediblər.

    – Birincisi, onlar, doğrudan da, özəl şəkildə duruma hazırlaşa bilərlər. Ermənistanda daxili qarışıqlıq baş verirsə, onda bundan istifadə etmək gərəkdir. Xüsusən də, deyildiyi kimi, bu günlərdə İrəvan və Stepanakert (Xankəndi-tərc.) arasında münasibətlərin soyuması baş verir və bundan da yararlanmaq gərəkdir.

    Və ikincisi, bəli, bu fərziyyə də mövcudluq hüququna malikdir ki, təlimlər görüntüsü altında səfərbərlik tədbirləri keçirmək olar. Örnək kimi 1973-cü ilin oktyabr Ərəb-İsrail savaşını tarixi analogiya göstərə bilərəm. Misirlilər hücuma qədər ardıcıl hərbi təlimlər keçiriblər, amma bundan sonra qoşunların tərxisi baş verməyib. Yəni onlar gizli ümumi səfərbərlik aparıb və qoşunları gizlicə Süveyş kanalının yanında yerləşdiriblər. Və bundan sonra oktyabrın 6-da çox uğurla hücuma keçiblər.

    -Bəs Rusiya Türkiyənin bölgəmizdəki hərbi-siyasi fəallığına bütünlükdə necə baxır? Rusiya-Türkiyə münasibətləri bu gün nə qədər yaxşı vəziyyətdə olsa da, Türkiyə bu bölgədə Rusiyanın çoxdankı rəqibidir. Fikrinizcə, Türkiyə və Azərbaycan münasbətlərinin dərinləşməsi, türklərin Naxçıvanda iştirakının möhkəmlənməsi Moskvanı narahat etmir?

    -Mən Kremldəki kiminsə əvəzindən cavab verə bilmərəm. Bu gün Rusiyanın Türkiyə ilə çox qəliz, xeyli tərkib hissəli geopolitik partiyası var və əlbəttə, bu gün diqqətdən qıraqdakı Qafqaz deyil, birinci növbədə Suriya diqqət mərkəzindədir.

    – Əlbəttə, Ermənistan-Türkiyə münasibətlərinin tarixi və indiki durumu haqda saatlarla danışmaq olar və Türkiyə ilə problemlər nə qədər ciddi olsa da, bir yandan, Ermənistanda müxtəlif güclər müxtəlif məqsədlərlə Türkiyə təhlükəsindən xeyli spekulyasiya ediblər. Bununla belə, Türkiyə bu gün yetərincə gözlənilməz və gözlənilməz lideri ilə təcavüzkar ölkədir. Bu gün Ermənistanın təhlükəsizliyi baxımından Türkiyə təhlükəsini nə dərəcədə gerçək sayırsınız?

    -Mən hesab edirəm ki, bu, Ermənistan üçün əsas təhlükədir, çünki Türkiyə olmasaydı, Ermənistan hətta Rusiyanın yardımı olmadan Azərbaycan təhlükəsinə birtəhər qatlanardı. Amma Rusiyanın yardımı olmadan Türkiyə təhlükəsini dəf etməkdən söhbət gedə də bilməz. Buna görə də Ermənistan üçün Azərbaycandansa Türkiyə təhlükəsi daha önəmlidir. Bu, birmənalıdır.

    – Bəs Siz necə hesab edirsiniz: Azərbaycanla münaqişənin tənzimlənməsi Ermənistan-Türkiyə münasibətlərindən asılıdır, yoxsa əksinə, Türkiyə ilə münasibətləri tənzimləmək Qarabağ probleminin həllindən asılıdır?

    – Bəli, burada hər şey çox möhkəm dolasıq düşüb və qarşılıqlı bağlıdır, buna görə də nəyinsə nədənsə asılı olduğunu deyə bilmərəm. İndi hər şey hər şeydən asılıdır.

    Tərcümə Strateq.az-ındır.
    PAYLAŞ:

    Oxşar xəbərlər