Boks üzrə baş məşqçisi: “Komandama inanırdım”

Boks üzrə baş məşqçisi: “Komandama inanırdım”
  • Hərb / İdman

  • Asiya.az Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinovun APA-nın Minsk-2019 II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına verdiyi müsahibəni təqdim edir.


    – Boks üzrə Azərbaycan yığması Avropa Oyunlarında çıxışını başa vurdu. Bir qızıl və bir bürünc medal qazanan komandamızın çıxışını necə dəyərləndirərdiniz? Nəticə sizi qane etdimi?

    – Mən komandama inanırdım. Yüksək səviyyədə və uğurlu hazırlıq keçirmişdik. Dörd dəfə təlim-məşq toplanışında və bir neçə beynəlxalq turnirdə iştirak etmişdik. Bu da Avropa Oyunlarında öz bəhrəsini verdi. Hakimlər qeyri-obyektiv qərarlarla diqqət mərkəzinə düşməsəydilər, nəticəmiz daha yüksək, medallarımız daha çox olardı. Hələlik ədalət təmsilçiləri ilə bağlı bu problem yoluna qoyulmur, maneələr yaradılır. Döyüşün gedişində bəzən qalib gəldiyin, ya uduzduğun bilinmir. Belə olarsa, məğlub duruma düşdüyün zaman taktikanı da dəyişmək mümkündür. Amma elə bilirsən ki, öndəsən və yekunda tabloda fərqli rəqəm görürsən. Düzdür, bəzi döyüşlərdə düzgün qərarlar verilmədiyi halda, bəzilərində özümüz də səhv buraxdıq. Amma ümumi götürsək, komandadan, uşaqlardan çox razıyam.

    – Millimizin heyətində ən yaxşı nəticəyə Alfonso Dominqes imza atdı. O, qitə çempionatı statusu daşıyan Avropa Oyunlarının qalib olmaqla iki titul qazandı. Minskdə boks yarışlarının keçirildiyi “Ureçye Arena”da Azərbaycan himnini səsləndirən idmançımızın çıxışını necə şərh edərdiniz?

    – Azərbaycan çempionatında uduzmasına baxmayaraq, ona inanırdım. Bilirdim ki, Dominqes beynəlxalq səviyyəli yarışlarda özünü göstərə biləcək. Verdiyim qərar da özünü doğrultdu. O, 5 görüş keçirdi. Əsasən ilk 2 döyüşü çox ağır oldu. Startda mübarizədən kənarlaşdırdığı belaruslu Mixail Dolqolevets Azərbaycanın “Baku Fires” klubunda da çıxış edib. Digər rəqib ukraynalı Stefan Hrekul isə Avropa çempionatının mükafatçısı olub. Növbəti qarşılaşmalarını da fərqləndirməzdim. Finalda üz-üzə gəldiyi böyük britaniyalı Bencamin Vittaker çox hissiyyatlı boksçu idi. Amma biz onu taktiki cəhətdən aldatmalıydıq. Düzdür, o da buna səy göstərirdi. Lakin Dominqes bütün taktiki-texniki tapşırıqları düzgün yerinə yetirdi, çempion tituluna sahib oldu. Boksçumuzun potensialı böyükdür. Hələ bəzi çatışmazlıqlarımız var. Funksional və fiziki hazırlığımızın üzərində işləməliyik.

    – Digər boksçumuz – Lorenzo Sotomayor Avropa Oyunlarını bürünc medalla bitirdi. Halbuki yarımfinalın ilk 2 raundunda pis təsir bağışlamırdı. Sizcə, Olimpiya mükafatçımızın finala vəsiqə qazanması üçün nə çatmadı?

    – O, taktikanı düzgün yerinə yetirirdi. Qələbə üçün çox çalışırdı. İki status daşıyan yarışda ardıcıl 3 rəqibinə qalib gəldi. Fikrimcə, Sotomayor üçün yaxşı nəticədir. Amma o, funksional hazırlığını artırmalı, üzərində işləməlidir.

    – Dünya çempionumuz Cavid Çələbiyevin 1/4 finalda məğlubiyyəti birmənalı qarşılanmadı. Hətta digər görüşlərlə müqayisədə hakimlər qərarlarını bir qədər gec açıqladılar. Həmin vaxt nə baş vermişdi?

    – Onun çıxışından çox razı qaldım. Çələbiyev əlindən gələni etdi. Sadəcə hakimlər çox böyük səhvə yol verdilər. 3 referi rəqibin, 2-si Cavidin lehinə qərar verdi. Hesab edirəm ki, orda nəsə “oyun” oldu. Çünki boksçumuz rəqibindən istər taktiki, istərsə də funksional baxımdan üstün döyüş nümayiş etdirmişdi.

    – Rüfət Hüseynovu da medaldan cəmi bir döyüş ayırdı. Həmçinin Tayfur Əliyevin də fəxri kürsüyə qalxmaq şansı yüksək qiymətləndirilirdi. Onların çıxışını necə qiymətləndirərdiniz?

    – Hər ikisi gənc və perspektivli boksçulardır. Onlara böyük ümidlər bəsləyirdik. Deyərdim ki, idman xoşbəxtliyi onların tərəfində olmadı.

    – Avropa Boks Konfederasiyası yarış öncəsi “Avropa Oyunlarında onları izləmək lazımdır” bölməsində Kamran Şahsuvarlının adını xüsusi qeyd etmişdi. Lakin Olimpiya mükafatçımız gözlənilmədən 1/8 finalda məğlub oldu…

    – Onda bir qədər yorğunluq yaranıb. Çox yarışlarda iştirak edib, çox döyüş keçirib. O, həmişə nəticə verib. İlk qarşılaşmasını da ağır keçirdi. İkinci döyüşündə taktiki baxımdan görüşü bir qədər düz qurmadı. Digər liderimiz – Məhəmməd Abdullayev isə ən inandığım, medal qazanmağa real namizəd idi. Özü də qızıl medal. Çünki bütün turnirlərdə gücünü sübut etmişdi. Amma bir qədər gəncdir, ola bilsin, bu amil rol oynadı. Abdullayev bolqarıstanlı ilə olan həmin döyüşü uduzmamışdı.

    – Digər 3 boksçumuz – Məsud Yusifzadə, Bəxtiyar Qazıbəyov və Rahil Məmmədli də mükafatçılar sırasında düşə bilmədilər. Onların məğlubiyyətində hansı amillər rol oynadı?

    – Bəxtiyarın hollandiyalı rəqibi çox güclü idi, medal da qazandı. Bizim boksçu isə gənclərdən ibarət yığmadan böyüklərə yeni gəlib. Burada bir o qədər təcrübəli deyil. Amma uduzsa da, sonadək layiqli mübarizə apardı. Yusifzadənin də rəqibi dünya çempionatının mükafatçısı idi. Mübarizəsi mənə xoş gəldi. Məmmədli isə taktiki cəhətdən döyüşü düz qurmadı. Lakin o da formasını artırmaqdadır.

    – Komandanın Minsk-2019 II Avropa Oyunlarındakı çıxışını necə qiymətləndirərdiniz və yığmanın potensialı barədə nə deyə bilərsiniz?

    – Yarışın yekuna əsasən analizlər aparacağıq. Komandanın potensialı var. Düzdür, biz azı 4 medal qazanacağımızı gözləyirdik. Amma iki mükafatımızın olması qənaətbəxşdir.

    – Bəs bu Oyunlardan sonra yığmanın heyətində hansısa çəki dərəcələrində dəyişikliklər ola bilərmi?

    – 10 çəki dərəcəsi ilə keçirilən son yarış idi. Yeni çəki dərəcələri olacaq. Bu səbəbdən hər çəkidə rəqabət yaranacaq. 49 kq-da olanlar 52-yə keçəcək, 60 kq olanlar ya 63 kq-a qalxacaqlar, ya da 57 kq-a düşəcəklər. Çəki dərəcələri hələ dəqiq bilinmir. Ona görə də indidən nəsə demək olmaz. Çox güman ki, Azərbaycan kuboku təşkil edəcəyik və orda hər şey bilinəcək.

    – Qarşıda boksçularımızı daha ciddi yarışlar gözləyir. Bu ilin sentyabrında dünya çempionatı, yeni ildə Olimpadaya lisenziya xarakterli turnirlər, təxminən bir il sonra Tokio Yay Olimpiya Oyunları olacaq. Planlarınız necədir?

    – Hazırda əsas hədəf Rusiya Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatıdır. Sentyabrın 7-21-də olacaq. Avropa Oyunlarının ardınca bərpaedici məşqlər planlaşdırırıq. Mundaldan sonra diqqətlər Olimpiadaya lisenziya xarakterli turnirlərə yönələcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər