Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi

Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi
  • Sosial

  • Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığıyla “Xalqa xidmətdə keçən ömür” adlı tədbir keçirilmişdir.

    Tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin hər il 14 iyul tarixində Xatirə kompleksini ziyarət etməsi bir ənənə halını almışdır.

    Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himnini səsləndirilməsi ilə başlamışdır. Sonra Ulu Öndər haqqında film nümayiş olundu. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

    Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Həmin gün Ulu Öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb.O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.

    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etmişdir ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.

    Rəşad Hacıyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz Lider olaraq gördüyü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdan Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib.

    Rəşad Hacıyev vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında müstəsna xidmərlərini qeyd edərkən Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse Prezidenti, Heydər Əliyev Fondu onun Prezidenti, Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Zabelin Mixail Yuryeviç bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub.

    Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev çıxışında qeyd etmişdir ki, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

    Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc xanım Fətəliyeva qeyd etmişdir ki, Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi, tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Ulu Ödər Heydər Əliyevin xaos və anarxiyadan xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.


    Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi
    Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi
    Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi
    Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edildi
    PAYLAŞ:

    Oxşar xəbərlər