“Başqa kişilərlə görüşürdü deyə, öldürdüm”

“Başqa kişilərlə görüşürdü deyə, öldürdüm”
  • Hadisə

  • Bakının Binəqədi rayonunda 49 yaşlı kişi həyat yoldaşını mətbəx bıçağı ilə 18 zərbə vurub, sonra onun boğazını kəsərək qətlə yetirib. Polisə təslim olan Tufan Qurbanov cinayəti namus üstündə törətdiyini bildirib.

    Asiya.az bizimyol.info-ya istinadən xəbər verir ki, cinayət törətmiş şəxs məhkəmə qarşısına çıxarılıb. Tufan Qurbanov həyat yoldaşı Lalənin müxtəlif kişilərlə görüşdüyünü deyib: "Məhəllədə biabır olmuşdum".

    Mərhumun anası Səmimə İsmayılova kürəkəninin yalan danışdığını bildirib: "Qızım heç vaxt xəyanət eləməyib. Namusu, əziyyəti ilə uşaq böyüdüb. Bu adam isə heç yerdə işləməyib. Həmişə polislə problemi olub. İşlədiyi yerdən oğurluq edib".

    Səmimə İsmayılovanın dediyinə görə, ailənin beş il övladı olmayıb, sonradan üç uşaq dünyaya gəlib. Üçüncü uşaqdan sonra ailədə söz-söhbət yaranıb. Tufan uşağın ondan olmadığını iddia edib. Səmimə İsmayılova deyir ki, kürəkəni qızını tez-tez döyürmüş, bir dəfə hətta çənəsini sındırıb. Onu həmişə güdürmüş: "Qızımı şərləyirlər".

    Səmimə İsmayılovanın fikrincə, qızını boşanmaq istədiyinə görə öldürüblər.

    Tufanın anası Xeyransə Qurbanova məhkəmədə gəlinin günahı olduğuna görə qətlə yetirildiyini bildirib: "Oğlum hadisədən sonra mənə dedi ki, namusumu yudum".

    Xeyransə Qurbanova altı ildir gəlini ilə danışmadığını, qadını anasının öyrətdiyini deyir. Onun fikrincə, Səmimə İsmayılova ailəyə rahatlıq vermirmiş. Adı çəkilən qadın dərhal etiraz edib. Tərəflər məhkəmə salonunda bir-birini ittiham etməyə başlayıb.

    Məhkəmə prosesi davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər