Daşkəsəndə səyyar qəbul keçirildi

Daşkəsəndə səyyar qəbul keçirildi
  • Sosial

  • İyulun 31-də Əmirvar kənd H.Qasımov adına tam orta məktəbdə keçirilən qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

    Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bildirib ki, dövlət səviyyəsində qəbul edilən proqramların, xüsusən, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının icrası ilə əlaqədar görülən işlər nəticəsində Daşkəsən rayonunda, eləcə də Əmirvar kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Belə ki, 80 şagird yerlik Əmirvar-Əhmədli kənd ümumi orta məktəbi müasir formada yenidən tikilmiş, 360 şagird yerlik Əmirvar kənd H.Qasımov adına tam orta məktəbi isə əsaslı surətdə təmir edilmişdir.

    "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işlərində son tamamlama aparılır. Layihənin icrası nəticəsində ərazidə 2 yeni avtomobil körpüsü inşa edilmiş və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruları tikilmişdir. Yeni yolun çəkilməsi ilə yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən çox vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcəkdir. Bununla yanaşı, ərazidə turizmin inkişafına geniş imkanlar yaratmışdır.

    Əhəd Abıyev son aylarda Prezident cənab İlham Əliyevin sosial sahədə apardığı islahatlardan da danışıb. Rayon rəhbəri qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident cənab İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

    Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.

    Kənd sakinlərindən çıxış edənlər müraciətlərində kəndə təbii qaz xəttinin çəkilməsinin, tibb məntəqəsinin inşasının, EVX-lərinin SİP kabellə əvəz olunmasının və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

    Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib.

    Sakinlər rayonda, o cümlədən Əmirvar kəndində gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, xüsusilə yeni yolun əsaslı təmirinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər