Hacı Qalibin adı yenə mülk qalmaqalında – təfərrüat

Hacı Qalibin adı yenə mülk qalmaqalında – təfərrüat
  • Cəmiyyət / Manşet

  • Sabiq deputat vətəndaşın özəl torpağını avtodayanacağa çevirib

    “Hacı Qalib hələ deputat olanda 3 mərtəbəli və 2 mərtəbəli iki mülkümü yerlə bir edib, ərazini özü üçün avtodayanacağa çevirib. Avqustun 4-də Bilgəhdə oldum, gördüm ki, mənim torpağımda düzəltdiyi avtodayacaqda maşınların sayı itib. Birindən 3 manat, o birindən 5 manat alıb əraziyə buraxır, pul qazanırlar. Mən isə özəl torpağıma gedə bilmirəm” – şikayətçi Seymir Quliyev belə deyir.

    Qeyd edir ki, hüquq-mühafizə orqanları sabiq deputat Hacı Qalib Salahzadənin onun əmlakına qəsd etdiyinə görə istintaqa çağırırlar, amma nəticə ortaya çıxmır: “İllərdir ki, polis, məhkəmə, prokurorluq, icra hakimiyyətlərinin qapılarındayam. Əlimdə Hacı Qalib tərəfindən qəsb olunan özəl torpağıma, dağıdılan mülklərimə aid dövlətin verdiyi sənədlər var. Hacı Qalibi istintaqa çağırırlar, hansı qisimdə dindirirlər, bunu bilmirəm. Şahiddir, təqsirləndirilən şəxsdir bilinmir. Mənə deyirlər ki, istintaq gedir. Hacı Qalib də istintaqın getdiyi vaxtda mənim qəsb olunan torpağımdan pul qazanmağındadır. Mənim mülkiyyət hüququm pozulub, mənə qarşı cinayət baş verib”.

    2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.

    Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib. Məktubun az qala ili çıxır, məsələ hələ də həll olunmamış qalıb. Seymur Quliyev deyib ki, onun şikayətləri əsasında Dövlət Reyestr Xidməti nümayəndələri aylar öncə qəsb olunan torpağında müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymur Quliyevin bağ sahələri ilə yanaşı yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüblər.

    “Torpağıma ölçmə aparmağa Dövlət Reyestr Xidmətinin əməkdaşları ilə yanaşı istintaq qrupunun əməkdaşları da getmişdilər. Bir daha gördülər ki, yolu bağlayan, mənim mülkümü qəsb edən Hacı Qalibdir. Həmin vaxt biz əraziyə gedərkən Hacı Qalibin yanında adamlar vardı. Onlara göstəriş verdi, dövlətin yoluna qoyduğu darvazanı açdılar. Dövlət Reyestr Xidməti nümayəndələri orada 4 saat ölçmə işləri apardı. Elə həmin ölçmələr zamanı aydın oldu ki, Hacı Qalib dövlətə məxsus Kardioloji Sanatoriyanın 5 sota yaxın ərazisini də öz torpağına qatıb, qəsb edib. Sanatoriya ilə onun bağının ərazisindəki hasarı götürüb və orada diskoteka düzəldib. Mənim torpağımı həmin restoranı üçün avtodayanacaq kimi istifadə edir. Orada bütün günü dəniz kənarında çal-çağırdır, diskotekada araq, çaxır, pivə verirlər, səhərə qədər çalıb-oynayırlar. Həmin ərazidə soyunma-geyinmə otaqları, duş kabinələri, kölgəliklər düzəltdirib. Məni öz torpağıma, özəl mülkümə yaxın qoymurlar” deyə, o bildirib.

    Seymur Quliyev deyir ki, avqustun 4-də ərazidə 4 saat olub: “ Hacı Qalib nümayişkaranə şəkildə dövlətin yoluna şlaqbaum qoyub və açmır. Bakı Şəhər İcra Hakimiyyəti 1 ilə yaxındır ki, darvazanın yoldan götürülməsini və yolun açılmasını təmin edə bilmir. Onlar da mən vətəndaş kimi baxa-baxa qalıblar. Bir tərəfdə Hacı Qalibdir, bir tərəfdə də dövlət. Bu adam dövlət orqanlarını saymır, güc göstərir”.

    Xatırladaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu – qanunsuz ağac kəsmə və 320-ci – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Yada salaq ki, 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub. İllərdir davam edən prosesin sonu görünmür.
    “Yeni Müsavat”


    Hacı Qalibin adı yenə mülk qalmaqalında – təfərrüat
    Hacı Qalibin adı yenə mülk qalmaqalında – təfərrüat
    Hacı Qalibin adı yenə mülk qalmaqalında – təfərrüat
    PAYLAŞ:

    Oxşar xəbərlər