Bakıda bu gənc qadınlara yaxınlaşır, yaralayır, qarət edir

Bakıda bu gənc qadınlara yaxınlaşır, yaralayır, qarət edir Paytaxtın Nəsimi rayonu ərazisində 42 yaşlı qadın bıçaqlanıb.

Asiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakının Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində ev kirayələyən Sumqayıt sakini Sevinc Qənimovaya münaqişə zəminində çoxsaylı bıçaq zərbəsi endirilib. Cinayətkar qadını kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb.

Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib.

Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb.

Bir müddət öncə Oxu.Az xəbər vermişdi ki, avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Məlahət Əliyə hücum olunub.

Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb. Qadın həmin şəxsin adının Həsən olduğunu bildirib. Kişi özünü ona elə təqdim edibmiş.

Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib.

Faktla bağlı istintaq davam edir.

Oxşar xəbərlər