“Qarabağ” bu gün Avroliqanın qrupuna vəsiqə qazana bilər

“Qarabağ”  bu gün Avroliqanın qrupuna vəsiqə qazana bilər "Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.

Asiya.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu "Linfild”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq.

Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. "Qarabağ"a qrupa vəsiqə qazanmaq üçün minimal hesablı də bəs edəcək.

İlk matçı cəza üzündən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdı. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin zədəsi isə davam edir.

"Qarabağ" qrupa vəsiqə qazansa, 6-cı dəfə avrokubokda qrup mərhələsində çıxış edəcək. "Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

29 avqust
20.00 Qarabağ (Azərbaycan) - Linfild (Şimali İrlandiya)

Hakimlər: Sergey İvanov, Roman Usaçov və Valeri Dançenko, Sergey Lapoçkin (Rusiya).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oxşar xəbərlər