İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb - ŞOK İDDİA

İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb - ŞOK İDDİA Regionların inkişafı proqramı, icra hakimiyyətinin qarşısına qoyulan məsələlər heç biri Lənkəranda lazımınca həll olunmayıb. Bu yerin inkişaf meyarları dükanların çoxluğu ilə ölçülür, alt qatında isə bəlalar gizlənir. Nədən ibarətdir bu yaralar, ağrılar?

Asiya.az xəbər verir ki, bu haqda Lənkərandan reportaj hazırlayan Musavat.com məlumat verib. Yazıda bildirilir ki, əsas dərd narkotikin cavanların həyatını məhv eləməsidir. Lerik, Astaradan daha çox Lənkəranda narkomaniya yayılıb. İndi narkomaniyanın üstünə oğurluq da gəlib. Əvvəlki illərdə narkomanların evləri qarət etmələri bu qədər sürətlə çoxalmamışdı. Camaat evlərində gecələr rahat yata, gündüzlər qapını qıfıllayıb işinə gedə bilmir. Narkotiklə mübarizə aparılmasına baxmayaraq, Lənkəranda "ağ ölüm” geniş yayılıb. Bu da oğurluq hallarının artmasına səbəb olub.

"Evləri yarmaq, qiymətli əşyaları aparmaq hadisələri çoxalıb. Bunu edənlərin əksəriyyəti də narkomanlardır. Qabaq narkomanlar arasında oğurluq az idi. Yəqin ordan-burdan pul tapırdılar. Vəziyyətin ağırlaşdığı görünür”, – deyə Qalayçılar məhəlləsinin sakinlərindən biri narahat şəkildə danışır.

Onun sözlərinə görə, əvvəlki illərdə narkomaniya Lənkəranın şəhərində ayaq açmışdısa, indi kəndləri də cənginə alıb: "Bu yay bərbərxanaya girmişdilər. Təsəvvür elə ki, nə vəziyyətə düşüblər. Axı orda nə ola bilər? Əllərinə nə keçib aparıb dəyər-dəyməzə satırlar”.

Lənkəranın "Daş körpü”, Qalayçılar, Kiçik Bazar məhəllələri, iki mikrorayonda narkomaniya daha geniş vüsət alıb. Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev bu ilin iyununda "Azadlıq” radiosuna demişdi ki, cənub bölgəsində narkomanlıq qocalır. Yerli camaat isə razılaşmır – narkomaniya cavanlaşır. Sakinlərin sözlərinə görə, səbəb sosial vəziyyət, işsizlikdən əlavə gənclər arasında təbliğ olunmasıdır. Təbii ki, bununla ciddi mübarizə aparılır, amma kökünün kəsilməsi üçün daha böyük proqramlar olmalıdır, əks halda, qarət olunmayan ev qalmayacaq…

Lənkəranda nədə irəliləyiş var sualını versəniz, çoxlu geyim mağazaları, restoranlar, otellər açıldığını deyə bilərik. İndi cavanlar üçün yeganə iş yerləri də satıcı, ofisiant vakansiyalarıdır. Bu müddət ərzində şəhərin abadlaşması, inkişafı, quruculuğu üçün yerli icra hakimiyyəti əlini ağdan qaraya vurmayıb. Yollar asfaltlanmayıb, ara məhəllələr Xruşşovun vaxtında asfaltlanıb, dağılıb-tökülmüş, dəlmə-deşik küçələr göz deşir. Lənkəranın mərkəzi yolları və küçələri ən sonuncu dəfə 2004-cü ildə, Zeynal Nağdəliyevin icra başçısı işlədiyi dövrdə nisbətən asfalt olunub. 2015-ci ildə dövlətin büdcəsindən Lənkəranda yolların təmirinə 4 milyon manat ayrılıb, yollar isə bərbad gündədir.

Parklarda oturacaqlar belə yenilənməyib. Hara baxırsan, obyekt tikilib – Rayon Mərkəzi Xəstəxanasının qarşısında, Qala Xiyabanının ortasında… Şəhərin əsas parklarında ticarət obyektləri tikilib.

Əfqanıstanda həlak olmuş lənkəranlıların xatirəsinə ucadılmış heykəlin ərazisində olan yaşıllığı da az qala məhv edəcəkdilər. Son anda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu "İDEA” ətraf mühiti mühafizə təşkilatının bəyanatları nəticəsində orta hissədə iş dayandırıldı, amma ərazinin kənarları satıldı.

Xocalı parkının arxa hissəsi isə tamamilə satılıb, ərazidə müxtəlif iaşə və avtomobillərə servis xidməti yaradılıb. Prezidentin 3 il əvvəl açılışını etdiyi, yenidən qurulan Mərkəzi Xəstəxananın qarşısı satılıb və yol ensiz şəraitə gətirilib, mağazalar artıq fəaliyyət göstərir.

Lənkəranın məşhur "Çay evi” binasının qarşısı park olsa da, bura da satılıb və insanlar üçün kiçik keçid saxlanıb.

Lənkəranın iki tarixi kinoteatrı "Nizami” və "Spartak” artıq tarixin yaddaşına köçürülüb və yerlərində obyektlər tikilib. Əvəzində Lənkəranın simvolu sayılan Dairəvi Qala tam olaraq dağılmış vəziyyətə gəlib.

Bu müddət ərzində Lənkəran İH tərəfindən bir park belə, salınmayıb. Bundan əlavə, bir neçə ilə əvvəl rayon küçələrinin işıqlanmasına vəsait ayrılmışdı. Amma şəhərin ən böyük yaşayış massivində, yəni mikrorayonda insanlar gecələr çölə çıxa bilmir. Çünki tamamilə qaranlıq və zülmətdir. Eyni vəziyyət Səttarxan küçəsində hökm sürür.

Lənkəranda evlərə içməli su çəkilsə də, kanalizasiya problemi həllini tapmayıb. Sakinlər deyir ki, neçə il əvvəl yollar qazıldı, müharibə meydanına çevrildi, kanalizasiya sistemi qurulacağı bildirildi. Şəhəri başdan-başa qazsalar da, sonra torpaqladılar, heç nə olmamış kimi həyat davam elədi. İşin çətinliyini əsas gətirib layihəni icra eləmədilər. Ona görə Lənkəran yeganə şəhərlərdən biridir ki, kanalizasiya sistemi qurulmayıb, xəndəklərin və Xəzər dənizinin ümidinə yaşayır.

Camaat isə şikayətlənir ki, büdcədən bu qədər vəsait ayrıldı, iş görülmədi, maliyyənin hara getdiyinə dair hesabat da verilmədi. İndi əsasən də yay aylarında üfunət küçələri bürüyür, ağcaqanadlar "meydan sulayır”.

Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, "it də getdi, ip də”. Yəni ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da…

Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov bizə müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi "dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni əsl tragikomediya…

Oxşar xəbərlər