Abutalıbovun biznes obyektlərində araşdırmalara başlanıldı

Abutalıbovun biznes obyektlərində araşdırmalara başlanıldı Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən istefa verdikdən dərhal sonra onun nəzarətindəki biznes obyektləri vergi məmurları tərəfindən nəzarətə götürülüb


Asiya.az xəbər verir ki, etibarlı mənbədən Reyting.az-a verilən məlumata görə, Abutalıbovun himayə etdiyi biznes obyektlərinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar başlayıb.

Həmin biznes qurumlarından ən böyüyünün Türkiyənin məşhur “ÖzSüt” restoranlar şəbəkəsinin Bakının müxtəlif ünvanlarındakı obyektlər olduğu bildirilir. Mənbə qeyd edir ki, Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən gedəndən iki gün sonra onun oğluna məxsus olduğu iddia edilən “ÖzSüt” restoranlarına vergi əməkdaşları təşrif buyublar. Bir neçə gündür bu obyektlərdə verginin vaxtlı-vaxtında ödənilib-ödənilməməsi ilə bağlı araşdırma aparılır. Prosesin necə yekunlaşacağı hələ ki məlum deyil. Adıçəkilən restoranlar şəbəkəsində ciddi narahatlığın hökm sürdüyü bildirilir.

Qeyd edək ki, Türkiyənin 44 bölgəsində 200 şöbəsi olan “ÖzSüt” Azərbaycanda ilk dəfə 2014-cü ildə fəaliyyətə başlayıb. Bir çoxlarının fikrincə, “ÖzSüt” restoranları Bakıda daha çox ailəli müştərilərin sevimli məkanı kimi tanınır.

“ÖzSüt” restoranlar şəbəkəsi ilə bağlı yayılan bu məlumatların nə qədər həqiqət olub-olmadığını iddia etmək çətindir. Ona görə də restoranlar şəbəkəsi rəsmilərinin bu məsələ ilə bağlı fikirlərini də yaymağa hazırıq.

Onu da qeyd edək ki, bir neçə ay bundan əvvəl ölkə KİV-ləri Abutalıbova məxsus biznes obyektlərinin siyahısını dərc eləmişdi. Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun nəzarətində "Yaşıl bazar"ın, paytaxtın Füzuli küçəsi, 39 ünvanında yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsində "Klassik-Şəms" obyektinin, "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin, Yasamal rayonunda (köhnə "Ovçular" evinin yerində salınmış parkda) "ÖzSüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində "Sütiş" restoranlarının və s. çoxsaylı biznes obyektlərinin olduğu iddia edilirdi. Hətta oğul Abutalıbovun Türkiyə Respublikasına da sərmayə qoyduğu, İstanbulun Sultanahmet məhəlləsində 20 milyon dollara hotel aldığı bildirilirdi.


Oxşar xəbərlər