Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - Ömər Eldarov

Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - Ömər Eldarov
  • Hərb

  • Ölkədə istər yerli, istər beynəlxalq rəsm, heykəltəraşlıq müsabiqəsi elan edilir, nəticədə isə hər zaman eyni adlar, eyni şəxslər seçilir...

    92 yaşım var və bu gün məni narahat edən Akademiyamızda yetişən istedadlı gənclərin kəşf edilməməsidir.

    Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla müsahibəni təqdim edirik:

    - Ömər müəllim, özünüzü necə hiss edirsiniz?

    - Yaşıma görə özümü çox yaxşı hiss edirəm. Bir balaca gözlərim seçmir, amma şükür Allaha, qalan hər şey yaxşdır.

    - Sizinlə, bəlkə də, sizə ən əziz yerlərdən biri olan Rəssamlıq Akademiyasında söhbət edirik.

    - Bəli. Yaradıcı insan üçün, rəssam üçün emalatxanasından sonra ən əziz yer çalışdığı yerdir. Bu binaya o qədər əmək vermişəm ki, onu özümdən daha çox qoruyuram.

    - Akademiyanı nədən və ya kimlərdən qoruyursunuz?

    - Bu akademiyanın yaranması çox zəhmət tələb edib. Çoxları bizim nə qədər çətinlik çəkdiyimizi bilmir. O vaxt hələ Akademiya yox idi. Amma hər bir ölkədə incəsənət sahəsinə xüsusi diqqət və qayğı olmalıdır. O vaxt qərar veriləndə ilk olaraq Mədəniyyət və İncəsənət Universitetinin nəzdində rəssamlıq fakültəsi açıldı. Cəmiyyətdə bu sahəyə olan maraq və tələbat nəzərə alındıqdan sonra qərara gəlindi ki, akademiyanın yaradılmasına ehtiyac var. Bu sahə özündə bir neçə istiqaməti birləşdirdiyi üçün institut yox, məhz akamediya olaraq nəzərə alındı.

    Bu işi ulu öndər Heydər Əliyev mənə həvalə edəndə, etiraz etmədim. Sıfırdan başladıq. Nə maddi-texniki bazamız var idi, nə binamız, nə də hər hansı başqa bir köməyimiz. Yavaş-yavaş bu ərazini tapdıq. Bura, demək olar ki, atılmış, köhnə sexlərin, maşın qarajlarının olduğu ərazi idi. Mərhələli şəkildə buranı təmir etdik, səliqəyə saldıq, otaqları istifadəyə yararlı hala saldıq.

    Ərazini alanda buradan çıxmaq istəməyən insanlar vardı, biz onları uzaqlaşdırana qədər çox əziyyət çəkdik. Məni o qədər tənqid edirdilər, hətta üzümə-üzümə söyənlər də olmuşdu (gülür). Amma bütün çətinliklərə rəğmən, biz onları buradan uzaqlaşdırdıq və Rəssamlıq Akademiyasının binasını hazırlamağa başladıq.

    O vaxt da heç nə qane etmirdi, bu gün də.. İnsanlar hər zaman daha artığını, daha çoxunu tələb edir. Düşünürəm ki, bu gün bu qədər əziyyətlə ərsəyə gələn bu yaradıcılıq ocağını hər kəsdən və hər şeydən qorumaq lazımdır. 20 ildən çoxdur fəaliyyət göstərən kollektivin dağılmasına və ya onları kiminsə incitməsinə göz yuma bilmərəm.

    - Ömər müəllim, Allah sizə ömür versin. Elə danışdınız, sanki harasa gedirsiniz.

    - Zaman bizi gözləmir (gülür). Mən tələsirəm. Hətta şifahi müraciət edərək, rektorluqdan getmək istəyirdim. 92 yaşım var və bu sahəyə istəkli olsam da, yorğunluq, yaş öz sözünü deyir. Kollektivin bu istəyimə verdiyi reaksiya məni inanılmaz dərəcədə kövrəltdi. Onlar mənim getməyimə icazə vermədilər.

    - Ömər Eldarovu kim əvəz edə bilər?

    - Belə cavab verim ki, öz yerimə akademiyada illərdir çalışan prorektorumuzu təklif etdim. Özüm də arada gəlib-gedəcəkdim. Razı olmadılar. Gözlərimdə yaranan problemə görə əməliyyat olunmalıyam. Düzdür, bu, sadəcə, bir qədər yaxşılaşmasına kömək olacaq, amma ona da şükür. Bəzən sənəd gətirirlər imzalamağa, görmürəm. Gözlərim eynəklə də görmür. Hər gün on beş sənədə qol çəkirəm, çox çətindir.

    Kollektivdə illərdir bizimlə çalışan işçilərimizə sonsuz güvənirəm, ancaq yenə də bu, məni narahat edir. Fikrimi dəyişməyimə bir səbəb də bura kənardan kiminsə gətirilməsi və illərdir qurduğumuz səmimi münasibətləri zədələməsi riski idi. Nəticədə, akademiya kollektivi qalib gəldi və mən Allah nə qədər ömür veribsə, onlarla birlikdəyəm.

    - Bayaq dediniz ki, tələsirsiniz. Yaradıcılığınıza zaman ayıra bilirsinizmi?

    - Əvvəl günümün yarısını akademiyada, digər yarısını da emalatxanamda keçirirdim. Amma daha yorulmuşam deyə hər gün saat 12-yə qədər akademiyada oluram. Sonra emalatxanamda işlərimi tamamlamağa çalışıram.

    - Sifarişləriniz çox olur?

    - Təvazökarlıqdan uzaq olsa da, bu yaşımda belə kifayət qədər sifarişlərim var. Hazırda emalatxanamda bir neçə heykəl üzərində işləyirəm. Koroğlu heykəli, tanınmış bəstəkar Arif Məlikovun abidəsi üzərində çalışıram. Bu abidə Fəxri Xiyabanda qəbirüstü olacaq, digəri şəhərdə qoyulacaq. Layihələr hazırdır. Xanımı da baxıb, bəyənib.

    Bundan başqa, hazırda dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin heykəlini işləyirəm. Bu, olduqca böyük və maraqlı konsepsiya olacaq. Heykəlin yerini belə təyin etmişik. Dahi Müslüm Maqomayevin bir heykəlini çoxdan düzəltmişdim, indi isə ikinci üzərində çalışıram. Bu nəhəng heykəl dənizdə ucaldılacaq, Kukla Teatrının arxa hissəsində. Onun dəniz haqqında çox məşhur mahnısı var.

    Görəcəyi işlərdən o qədər sevgi ilə danışırdı ki, gecikmədən masasının üzərində olan eskizi açaraq Koroğlu heykəlinin yekunda hansı formada olacağını göstərir.

    “Bax bu, Koroğludur, atın üstündə, qartallardan belə yüksəkdə uçur. Heykəl Beşbarmaq dağının fonunda ucaldılacaq artıq ərazinin ayrılması məsələsinə də qərar verilib”.

    - Son dövrlərdə ən çox müzakirə edilən əl işlərinizdən biri Lütfi Zadənin heykəli olub.

    - Bilirsiniz, bu gün qoyulan heykəllər, abidələrin çoxunda ssenari yoxdur. Müəllif öz fikrini, əsərini danışdıra bilmir. Mən çox məyus olmuşdum ki, Lütfi Zadənin heykəli bu qədər cılız müzakirə edilib. Amma o əsəri başa düşmək üçün Lütfi Zadənin yaradıcılığı barədə minimal məlumatlara sahib olmaq kifayət idi. Mən orada iki qranit qapı təsvir etmişəm. Təsvirin ssenarisi Lütfi Zadənin zəkanın gücü ilə birinci qapıdan keçərək ikinci bir qapı vasitəsilə başqa bir aləmə - elm aləminə çıxmasıdır. Həmin abidənin əsas mənası budur.

    - Azərbaycan mədəniyyətinə Natəvan, Füzuli, Niyazi, Səttar Bəhlulzadə, Hüseyn Cavid kimi neçə-neçə bənzərsiz heykəltəraşlıq nümunələri bəxş etmisiniz.

    - Bu barədə, ümumiyyətlə, düşünmək və danışmaq istəməzdim. Çünki incəsənət adamı, yaradıcı insanı gərək gördüyü işlərlə yadda qalsın. Bu gün paytaxtda o qədər uğursuz heykəllər var ki, mən sizi əmin edirəm, akademiyamızın tələbələri onlardan daha keyfiyyətli işlər hazırlayırlar. Akademiyanın həyətində tələbələrimizin diplom işləri sərgilənir, ən gözəl əl işləri Fondda saxlanılır.

    - Sizin sahədə əsas problem nədir?

    - Ölkədə istər yerli, istər beynəlxalq rəsm, heykəltəraşlıq müsabiqəsi elan edilir, nəticədə isə hər zaman eyni adlar, eyni şəxslər seçilir. 92 yaşım var və bu gün məni narahat edən akademiyamızda yetişən istedadlı gənclərin kəşf edilməməsidir. Bu, məni çox incidir. İnanın ki, bəzən bu gənclərin illərlə əziyyət çəkməsini, bununla belə, iş problemi ilə qarşılaşdığını görəndə çox üzülürəm.

    İndi elə bir dövrdür ki, istedadlı insan özünə mütləq şəkildə yer edəcək. Lakin aidiyyəti orqanların bu məsələdə mənim səsimə səs verməsini istərdim. Tələbələrimiz arasında elələri var ki, məzun olduqdan sonra biz onları akademiyada pedaqoji fəaliyyətə cəlb etmişik. Hər il yüzlərlə məzun olur və onların fəaliyyət sahəsi çox kiçikdir. Heç olmasa onlar üçün emalatxanaların təşkilinə hər hansı bir şəkildə dəstək verilməsi yaxşı olardı.

    - Müsahibələrinizdən birində H.Z.Tağıyevin heykəlini hazırlamaq istəmədiyinizi demisiniz. Bildiyim qədərilə, sizin də əl işiniz müsabiqəyə təqdim edilən nümunələr arasında olub, bəs nə üçün belə bir fikir söyləmisiniz?

    - Əslində mən “istəmirdim” yox, “onun obrazını yarada bilmirdim” demişəm. Tağıyev Azərbaycan üçün kifayət qədər önəmli işlər görüb. Onun zəhmətini danmaq, şəxsiyyətini qiymətləndirməmək olmaz. Amma bir insanın heykəlini yaratmaq üçün əvvəlcə onu öz beyninizdə, gözünüzdə canlandırmağınız önəmlidir.

    Mən bu canlandırmada çətinlik çəkirdim. Onun fakturası əlimə gəlmirdi. Bax, Səttar Bəhlulzadə, Niyazi, Müslüm Maqomayevin heykəlləri üzərində işləməyə başlayanda heykəlin sonda necə bir obraz alacağını görə bilirdim. Amma bunu heç cür görə bilmirdim. Bütün bunlara baxmayaraq, heykəli hazırladım və müsabiqəyə təqdim etdim. Heykəl üçün ayrılan yer həcminə görə kiçikdir, ona görə də heykəlin hazılanmasında çox detallara yer verən olmamışdı. Ona görə mən onu faytonda təsvir etdim.

    Amma sizə deyim ki, qalib gələn əsər çox sadə idi. Hətta uğursuz idi, deyərdim. Heç bir detal yoxdur, heç bir xüsusi məqam vurğulanmayıb. Sadəcə, dayanıb. Bu müsabiqələrin məni narahat edən ən pis cəhəti də məhz hər dəfə eyni adlar və eyni simaların olmasıdır. Gənclərə şərait yaratmaq nədənsə çətin gəlir, başa düşə bilmirəm.

    - Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli qoyuldu. Doğrudur ki, siz heykəlin inşasında çatışmayan məbləği öz cibinizdən vermisiniz?

    - Bu heykəlin qoyulması məsələsi müzakirə ediləndə mənə müraciət etdilər. Mən onlara dedim ki, heykəli neynirsiniz? Ona gözəl bir abidə qoymaq olar. Tankı təsvir etməklə onu cəbhə bölgəsindəki qəhrəman obrazında canlandırmaq olar. Mən belə bir ideya verdim və onlar bir eskiz hazırladılar. O eskizdə çox cüzi dəyişikliklər etdim. Digər məsələyə qaldıqda, burada böyük bir şey yoxdur, dövlət, təbii ki, bu iş üçün vəsait ayırmışdı. Sadəcə, müəyyən bir hissəsi çatmadı deyə mən də azacıq dəstək olmuşam.

    - Nəticədən razı qaldınızmı?

    - Mənə bu barədə müraciət edən elə Albertin komandiri olmuşdu, onu da qeyd edim. Mən necə demişdimsə, böyük abidə, tank və qayaların fonunda Albertin təsviri elə hazırlanmışdı. Amma o işin hazırlanma prosesinə barmağımı da vurmamışam. İdeya vermişdim, amma müəlliflik iddiasında deyiləm. Mənə lazım idi ki, bizim istedadlı heykəltəraşlarımızın olduğunu hər kəs görsün və qiymətləndirsin.

    - Siz ulu öndər Heydər Əliyevin heykəlini işləyən ilk heykəltəraşsınız. O dövrdə məşhur heykəltəraşlar kifayət qədər çox idi və nəinki yerli, bu işi əcnəbi peşəkarlara da tapşıra bilərdilər. Necə düşünürsünüz, niyə sizi seçdilər?

    - Bu barədə nə desəm, yalan olar. Sadəcə, onu deyə bilərəm ki, Heydər Əliyev bunu özü şəxsən istəmişdi. O deyirdi ki, istəmirəm mənim büstümü başqa bir heykəltəraş hazırlasın. Xatırlayıram, məni o vaxr Kamran Bağırovun kabinetinə dəvət etmişdilər. Otağa daxil olanda qarşımda Heydər Əliyevi gördüm. Onunla üzbəüz söhbət edəndə mənə dedi ki, Moskvadan kifayət qədər təkliflər gəlir, lakin mən bu işi sənin görməyini istərdim. Sağlığında o büstdən başqa heykəli olmamışdı.

    - Allah həyat yoldaşınıza rəhmət eləsin. Onunla bağlı bir əsər işləmisiniz?

    - Bu, mənim üçün çox ağır və üzücü bir məqamdır. Sağlığında həyat yoldaşımın büstünü işləmişdim. Bir neçə gün bundan əvvəl onun ölümünün ildönümü idi. Artıq onun qəbirüstü abidəsi də hazırdır. Mən onu ağ mərmərdən işləmişəm. Təsvirdə onu uzun və şirin bir yuxuda yatmış kimi obrazlaşdırmışam.

    - Mərhum oğlunuz sizin sənətin davamçısı olmuşdu...

    - Bəli, təəssüf ki, həyat vəfa etmədi. O, çox istedadlı insan idi. Siz onun əsərlərini Müasir İncəsənət Muzeyində görə bilərsiniz. Sağlığında tez-tez Bakı İncəsənət Mərkəzində maraqlı sərgilər keçirirdi. Əsərlərinin böyük hissəsi öz emalatxanasında və mənim emalatxanamda saxlanılır. O yerlər mənim oğlumun muzeyi kimi qiymətləndirilir. Təəssüf ki, oğlumu xərçəng xəstəliyindən itirdim. Mən oğlumu, incəsənət isə böyük şəxsiyyəti itirdi.

    - Rüşvət almısınızmı?

    - Nə rektor kimi, nə də bir insan kimi, heç vaxt heç kimin haqqına girməmişəm. Olub ki, fərqli yollarla rüşvət təklif edilib. Dana bilmərəm. Lakin el arasında deyilən o “şirinlik” mənim tərəfimdən heç də şirin şəkildə qarşılanmayıb. Mən həmin insanlara sadəcə olaraq otağın qapısını göstərərək yola salmışam. Bunu birbaşa özümə qarşı təhqir hesab etmişəm.

    - Texnologiyalar sizin sahəni dəyişdirirmi?

    - Əlbəttə, dəyişdirir. Dövr dəyişdikcə onunla uzlaşmaq lazım gəlir. Ancaq rəssamın, heykəltəraşın işi o əsərə toxunmaqdır. Əsəri sığallaya-sığallaya, bəzən sərt, bəzən incə toxunuşlarla yaratmaqdır. Başqa cür, düşünmürəm ki, effekt eyni olsun. Deyirlər, yemək bişirəndə ona sevgimizi qatırıq, dadlı olur. Biz də elə, ruhumuzu, sevgimizi qatmasaq, keyfiyyəti olmaz.

    - Sizin uzun illər birlikdə təhsil aldığınız, ailə yaxınınız olan Tokay Məmmədovla münasibətlərinizin pozulmasına səbəb nə idi?

    - Bilirsiniz, o bu münasibətin pozulması barəsində öz çıxışlarında qeyd edir, hətta məni günahlandırır. Amma mən heç vaxt bu barədə danışmaq istəməmişəm. Qısa olaraq onu deyim ki, Tokayla biz eyni illərdə təhsil almışıq. Eyni ildə instituta daxil olmuşuq və fərqli qiymətlərlə bitirmişik.

    Ondan sonra biz yataqxanada eyni otaqda yaşamışıq. Həyat elə gətirmişdi ki, biz fiziki olaraq nə qədər yaxın idiksə, ruhən bir o qədər də uzaq idik. Yeni ili, doğum günlərimizi bir yerdə qarşılasaq da, heç vaxt ürəkdə yaxın olmamışdıq. Bunu hiss edirdim. Lakin yenə də bu münasibəti pozmağa ilk adddımı mən atmamışdım. Halbuki mənə kifayət qədər səbəb verirdi.

    Bir dəfə o mənə Füzulinin heykəlini birlikdə hazırlamağı təklif etdi. Onun təklifini rədd etmədim. Lakin onun mənə qarşı münasibətinin dəyişməsinin səbəbi də bu deyildi. O vaxt akademiyaya qəbul olmaq çətin idi. Bizim ortaq hazırladığımız Füzuli işində kim daha çox zəhmət çəkib və ya başqa bu kimi məqamlara toxunmuram, etik deyil.

    Lakin onun düncəsinə görə, mənim günahım o idi ki, akademiyaya mən qəbul edildim, o isə yox. Buna yalnız Füzulinin heykəlinə görə yox, bizim fərdi qaydada işlədiyimiz işlərimizə baxdıqdan sonra qərar vermişdilər. Komissiya həm Natavan heykəlinə, həm Üzeyir Hacıbəylinin heykəlinə baxıb qərar vermişdi.

    Mən isə onun qəbul olunmasını akademiyanın rəhbərliyindən xahiş etdim. O, mənim yerimdə olsaydı, heç vaxt mənim üçün bunu etməzdi. Bir müddət sonra onu Akademiyaya qəbul etdilər, özü də bildi ki, bunu mənim xahişimdən sonra etdilər. Amma yenə də öz fikrində qalaraq məni günahkar saydı.

    Nəhayət, Füzuli heykəli ilin ən yaxşı əsəri seçildiyi üçün medal verildi. İki müəllifə bir medal təqdim edildi. Biz təltif mərasimindən çıxıb evə gələndə Tokay medalı özünə götürəcəyini deyərək, qeyri-etik davranış sərgilədi.

    İlahi ədalət! Komissiya yenidən təqdimat keçirdi və iki müəllifə bir medal yox, hərəsinə bir medal verilməli olduğunu deyir. Mənə medal verilməsi isə Tokayın xoşuna gəlmir və mənə qarşı olan əsassız soyuq münasibəti davam edir.

    O, Koroğlu heykəlini düzəldəndə çox adam ona demişdi ki, bu, uğursuz əsərdir. Lakin o, elə düşünürdü ki, hədsiz dərəcədə mükəmməl olduğu üçün hər kəs onu qısqanır. Yəni bu vəziyyətin bir çox tərəfi var və mən daha çox danışmağa lüzum görmürəm.

    Qeyd edək ki, Ömər müəllim müsahibə əsnasında yaratdığı sənət nümunələrinin sayını itirdiyini dedi. Biz isə yazının sonunda oxucularımız üçün Ömər Eldarov yaradıcılığının füsunkar əsərlərindən bir qisminin adlarını qeyd etməyi özümüzə borc bilirik.

    Natəvanın (1960, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Ulu öndər Heydər Əliyevin (1987, Naxçıvan), Sapun dağına hücumun iştirakçıları olmuş 72-ci diviziyanın əsgərləri, “Azərbaycanın qorxmaz oğul və qızlarına” həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara), Heydər Əliyevin (2001, Qars) heykəlləri, bəstəkar Üzeyir Hacıbəylinin (1955, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən Əliyevin (1988, Bakı) xatirə abidələrini, “Elegiya” abidəsi (1989), akademik Zərifə Əliyevanın (1995, Bakı), ümummilli lider Heydər Əliyevin (2004, Bakı), professor Lütfi Zadənin (2018, Bakı) və başqalarının qəbirüstü abidələrini necə, hansı şəraitdə işlədiyini dəqiq bilir.

    Sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin də müəllifidir: “Qızım Lalənin portreti”, “Oğlum Müslümün portreti”, “Analıq”, “İlin dörd fəsli”, “Bacılar” əsərləri, şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri.(oxu.az)

    PAYLAŞ:

    Oxşar xəbərlər