Masallıda şəhid adına hörmətsizlik - FOTO

Masallıda şəhid adına hörmətsizlik - FOTO
  • Sosial / Araşdırma / Manşet

  • “Küçənin bir hissəsi kolluq, dərə olduğu üçün sahibsiz itlər, çaqqal və tülkü kimi heyvanların oylağına çevrilib. Bu şəhid adına olan hörmətsizlikdir.” – Şəhid anası.

    Masallının Ərkivan qəsəbəsi nəinki rayonda, Azərbaycanda sayılıb-seçilən, ölkəyə saysız-hesabsız ziyalı bəxş edən qəsəbədir. Amma bu qəsəbənin problemləri bitib-tükənmir. Məsələn, qəsəbənin Abaslı məhəlləsində bir küçə var ki, hətta sovet vaxtı rayonun əksər mərkəzi küçələrində işıqlandırma olmayanda belə Abaslı məhəlləsi par-parıldayırdı. Amma indi... Bu barədə az sonra.

    Masallıda şəhid adına hörmətsizlik - FOTO
    Şəhid Mahir Binyatov

    Ərkivan qəsəbəsi, Abaslı məhəlləsində yerləşən küçə el arasında 1992-ci il də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Mahir Binyatovun adıyla bağlıdır. Mahir Binyatov vaxtı ilə bu küçədə yaşadığı üçün camaat həmin küçəyə “Şəhid Mahir Binyatov küçəsi” deyir.

    Asiya.az-a müraciət edən şəhid Mahir Binyatovun anası Zeynəb Binyatova deyir ki, həmin küçə qəsəbədə 1 saylı və 5 saylı məktəblərin arasında yerləşir və qəsəbənin əsas küçələrindən hesab olunur.

    Masallıda şəhid adına hörmətsizlik - FOTO
    Zeynəb Binyatova (Şəhid anası)

    “Hər gün yüzlərlə məktəbli bu yoldan istifadə edir. İnsanların gediş-gəlişi üçün ən rahat yoldur. Yüzlərlə kənd adamı bu küçədə olan bulaqdan su aparır. 2017-ci ildə işıq dirəkləri Masallı Elektrik Şəbəkəsi tərəfindən yeni dəmir dirəklərlə əvəz edildi. Köhnə işıq dirəkləri isə ona bərkidilmiş işıq plafonları ilə birlikdə çıxarılıb aparıldı. Həmin vaxtdan sonra bu küçə gecələr qaranlığa qərq olur. Küçənin bir hissəsi kolluq, dərə olduğu üçün sahibsiz itlər, çaqqal və tülkü kimi heyvanların oylağına çevrilib. Bu şəhid adına olan hörmətsizlikdir.”, - deyə şəhid anası qeyd edir.

    Zeynəb Binyatova dəfələrlə küçə işıqlarının yenidən bərpa edilməsi üçün Masallı Elektrik Şəbəkəsinə müraciət edib, amma ona “öz hesabınıza edin” cavabını veriblər. İdarədən deyiblər ki, onların işıq dirəklərinə işıq plafonu bağlamağa icazələri yoxdu. Kənd camaatı mərkəzi küçələrin birinin işığa çıxmasını istəyirsə əlini cibinə salmalı və ayrıca işıq dirəkləri almalıdır.

    Şəhid anası bununla bağlı Birinci Vitse-prezident Mehriban Əliyevanın qəbuluna gedib Masallı Elektrik Şəbəkəsinin rəisi Namiz Məhhərrəmovdan şikayət edəcəyini deyir. Çünki edilən müraciətlər qulaq ardına vurulur, heç bir məsələ öz həllini tapmır.

    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər