Bu gün Heydər Əliyevin anım günüdür

Bu gün Heydər Əliyevin anım günüdür
  • Cəmiyyət / Manşet

  • Deyirlər hər kəsin adı onu həyatına, həyat yoluna siraət edir. Onun da adı öz həyatına, Azərbaycan adlı bir xalqın həyatına işıq saçır. Söhbət Heydər Əlirza oğlu Əliyevdən gedir.

    Heydər Ərəb dilindən tərcümədə aslan deməkdir. O, siyasi arenalarda göstərdiyi şücaətilə elə aslan kimi hər zaman seçilirdi. Ulu Öndər, yorulmaz siyasi fəaliyyəti ilə istər ölkə, istərsə də dünya arenasında bir fenomenə çevrilməyi bacardı. Heydər Əliyev Azərbaycan adlı bir xalqın var olduğu müddətcə adının Azərbaycanla hər zaman eyni çəkiləcəyi, mahir xalq rəhbəri kimi tarixə qızıl hərflərlə adını yazan, hər bir Azərbaycan vətəndaşı üçün onun lideridir.

    Ölkənin ən çətin bir zamanında xalqın tələb və təkidi ilə Azərbaycan tarixinə qurucu, islahatçı rəhbər kimi daxil olan Heydər Əliyevin hakimiyyəti illərində respublikanın dirçəliş, sürətli inkişaf dövrü başlanmışdır. Azərbaycan qısa zaman ərzində inkişaf, tərəqqi yoluna qədəm qoymuşdur. Kənd təsərrüfatı, sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur.

    Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

    Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

    Fəxri Xiyabanda dəfn olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər