Daşkəsəndə başlayıb, Gəncədə qanla bitən olay

Daşkəsəndə başlayıb, Gəncədə qanla bitən olay
  • Hadisə

  • Almalı məktəbinin müəlliməsi Zülfiyyə Qasımovanın qaçırılması və bihuşdarı verilərək zorlanması hüquq-mühafizə orqanları tərəfindən niyə əhəmiyyətsiz qəbul edilib?

    Ötən günlərdə Gəncə şəhərində ölüm hadisəsi ilə nəticələnən cinayət hadisəsi ilə bağlı ətraflı məlumat vermişdik. Həmin məlumatda qeyd olunurdu ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 18 il azadlıqdan məhrum edilən Bahadur Qasımov bacısı qızını qaçırdığı Daşkəsən sakini Asif İsayevlə dava-dalaş edib və nəticədə, İsayevin əlindəki bıçaq ehtiyatsızlıq üzündən elə öz boğazına saplanması nəticəsində ölüb.

    Asiya.az xəbər verir ki, JAMAZ.İNFO bununla bağlı apardığı araşdırmada olduqca maraqlı məqamlar ortaya çıxarıb.

    Qaçırılmış müəllimə, zorlanma və…

    Əslində qətlin baş verməsinin başlıca səbəbi Daşkəsəndə baş vermiş qaçırılma və zorlama olayı olub. Belə ki, Şəmkir rayon sakini Zülfiyyə Telman qızı Qasımova Gəncə Dövlət Universitetini bitirdikdən sonra Daşkəsən rayonu Aalmalı kənd orta məktəbinə təyinat alıb. 2017-ci ilin yanvarından etibarən həmin kənddə müəllimə işləməyə başlayıb.

    Almalıda dərs dediyindən elə həmin kənddə də özünə kirayə ev tutmaq məcburiyyətində qalır. Bunun üçün də onun yaxınları kənd sakini İsayev Gəray Ələsgər oğlunun evini kirayə verdiyini öyrənib, ona müraciət ediblər. Nəhayət, tərəflər razılaşıblar və Zülfiyyə Qasımova da orada kirayəçi kimi qalmağa başlayıb. Ta ki, 2 iyul 2018-ci ilə kimi.

    02 iyul 2018-ci ildə Gəray İsayevin oğlu Asif İsayev bacısı Aygün vasitəsi ilə Zülfiyyəni görüşə çağırır. Səbəb kimi də, nişanlısı ilə aralarında problem yarandığını və bu məsələdə ona kömək etməsini göstərir. Münasibətləri yaxşı olduğundan Zülfiyyə Qasımova Aygünlə Gəncədə görüşə gedir və orada Asifin maşınına zorla basılaraq qaçırılır. Hacıməlikli kəndinə qaçırılan müəllimə Asiflə evlənmək istəmədiyini, oradan çıxıb getməyə çalışdığını, hətta polisə zəng vurmağa cəhd etməsinə rəğmən, buna imkan verilmir.

    Z.Qasımova istintaq verdiyi ifadəsində göstərir ki, o qaçırıldıqdan sonra dəfələrlə evlərinə geri dönmək istədiyini bildirir. Bu vaxt Asif İsayev onu ailəsini, anasını öldürəcəyi ilə hədələyir. Lakin o, bunlara əhəmiyyət vermir. Yenə də israrla geri dönmək istədiyini bildirir. Hətta bir neçə dəfə qaçmağa da cəhd edir. Onu sakitləşdirən Asif İsayevin nənəsi Südabə isə “qızım, hələ bir stakan çay iç, hər şeyi yoluna qoyarıq” deməklə onu sakitləşdirir. “Südabə mənə çay verdikdən sonra halsızlaşdım və özümdən getdim. Səhər ayılanda məlum oldu ki, Asif məni zorlayıb. Baş verənlərdən dəhşətə gəlmişdim. Özümü öldürmək istəyirdim. Çünki mən Asifi nə sevmişdim, nə də onunla evlənmək fikrim vardı. Anamgil polisə müraciət etdiklərindən məndən idafə aldılar. Asif mənə dedi ki, əgər polisə könüllü olaraq gəldiyini deməsən, ananı və yaxınlarını öldürəcəm. Məni zorlayan bir adamın bunu edə biləcəyinə şübhəm yox idi. Qorxumdan belə bir ifadə yazdım”.

    Narahat valideynlər, polisə edilən müraciət…

    Araşdırma zamanı belə məlum olur ki, Zülfiyyə Qasımovanın anası Yeganə qızlarının iki gün ortalıqda olmamasından ciddi narahat olur. Ona görə də, Daşkəsənə, Almalı kəndinə gedir. Güman edir ki, qızı işləri ilə əlaqədar Almalıya getmiş ola bilər. Lakin orada Asif İsayevin valideynlərindən öyrənir ki, qızı qaçırılıb. Və həmin vaxt Asif İsayevin nənəsi deyir ki, onlarda qız qaçırmaq adətdir, əgər istəyirlərsə, qızlarını da götürüb gedə bilərlər.

    Yeganə Qasımova qızı ilə danışmaq istəsə də, buna imkan verilmir. Nəhayət, Zülfiyyənin bacısı Həqiqətlə onu görüşdürürlər. O zaman müəllimə bildirir ki, artıq gecdir, onun evə dönməsi də imkansızdır. Buna baxmayaraq, Yeganə Qasımova Şəmkir polisinə müraciət edərək, qızının qaçırıldığını və zorlandığını bildirir. İşlə bağlı təhqiqat başlanılır, ancaq cinayət işi açılmır. Və bir müddət sonra isə işin bağlandığı məlum olur. Səbəb kimi isə “məişət zəminində baş vermiş hadisə” göstərilir. Halbuki qanuna əsasən belə hallarda hüquq-mühafizə orqanları şikayəti araşdırmalı, CM-in 144-cü maddəsinə əsasən (adam oğurluğu) cinayət işi açmalı, hadisəni törətmiş şəxsi saxlayaraq, onunla bağlı məhkəmə qərarı ilə həbs qərarı çıxarmağa borcluydu. Maraqlıdır ki, Şəmkir, Daşkəsən və Gəncə polis və prokurorluğu bunların heç biri etməyib. Əksinə, Ddaşkəsən polisi və Gəncə Prokurorluğu Zülfiyyə Qasımovanın qaçırılmasında 144-cü maddənin əks olunmadığını, onun zorlanmasını isə 149-cu maddəylə uyğun gəlmədiyini əsas gətirərək, cinayət işlərinə xitam veriblər. Niyəsi isə indiyə qədər müəmmalıdır.

    Geri qaytarılan qız və nəticəsiz qalan barışıq cəhdləri

    9 gündən sonra Asif İsayev və valideynləri Zülfiyyə Qasımovanı evdən qovaraq, atası gilə getməsini tələb edirlər. Çarəsiz qalan müəllimə Şəmkirə qayıtmalı olur. Valideynləri isə İsayevlərin niyə belə etdiyini aydınlaşdırmağa çalışırlar. Hətta onlar arasında görüş də baş tutur. Asif İsayevin atası Gəray İsayev görüşə gəlir. Orada İsayevlər Qasımovları təhqir edərək, onları aşağılamağa başlayırlar. Nəticədə, dava düşür, araya yerli icra nümayəndəsinin girməsi sayəsində dava sakitləşdirilir.

    Zülfiyyə Qasımovanın ailə üzvləri deyirlər ki, onların Gəray İsayev və ailə üzvləri ilə heç bir problemləri olmayıb. Əksinə, qızları onların evlərində qaldığından, həmişə hörmətlərini saxlayıblar. Qqızı qaçırıb, zorladıqdan sonra geri qaytarmaqlarının səbəbini də anlamırlar. Əvvəlcə onlara elə gəlib ki, bu maddi sıxıntı, işsizlik və ya bunda bənzər işlər səbəbindən baş verən olaydır. Hətta bu məqsədlə İsayevlərə deyiblər ki, onlar oğlanı işlə və evlə təmin etməyə hazırdırlar. Təki, aradakı məsələ problemə çevrilməsin. Lakin qarşı tərəf onların təklifini nəniki qəbul etməyib, əksinə, onlara qarşı hörmətsizlik etməyə davam ediblər.

    Hərçənd istintaqa verdiyi ifadəsində Gəray İsayev yazır ki, o, barışığa cəhd edən tərəf olun. Hətta toy günü təyin etmək üçün Qasımovlara müraciət belə edib. Lakin qarşı tərəf bildirir ki, danışıqlar aparmağın tərəfdarı onlar olublar, amma İsayevlər bunu qəbul etməyiblər.

    Qorxusundan işdən çıxan müəllimə

    Baş verən hadisə Daşkəsən rayonun Almalı kəndində dərs deyən Tovuz sakini Aynişan müəllimənin isə öz peşəsindən imtina etməsinə gətirib çıxarıb. Belə ki, Zülfiyyə Qasımova ilə bir gündə Almalı orta məktəbinə təyinat alan Aynişan baş verənlərdən sonra qorxaraq, ərizə ilə direktora müraciət edərək, işdən çıxdığını bildirib. Həmin vaxtdan etibarən doğulduğu, Tovuz rayonuna gedib.

    Qeyd edək ki, Aynişan müəllimə də Zülfiyyə ilə birlikdə Gəray İsayevin evində kirayənişin olaraq qalıb. O, hadisədən sonra qorxuya düşərək, Daşkəsəni tərk edib. Hətta belə məlumatlar var ki, məlum olaydan sonra Almalı kənd orta məktəbində dərs deyən qadın müəllimələr bir müddət məktəbə belə gəlməkdən çəkiniblər. Onların bəziləri qorxduqlarını dilə gətiriblər. Lakin direktorun israrlarından və onlarla etdiyi söhbətlərindən sonra fikirlərini dəyişdirməyə nail olunub.

    ANONS


    - Qətlə aparan yol.

    - Zülfiyyə Qasımovanın dayısı Asif İsayevi öldürübmü?

    - İstintaq materialları içində olan bıçaq kimə məxsusdur?

    - Şahidlər niyə istintaq və məhkəmədə dindirilməyib?

    - Ölən Asif İsayev Bahadur Qasımova nələr deyib?

    - Gəncə Aağır Cinayətlər Məhkəməsi işin xüsusatlarını niyə araşdırmayıb?

    - Gəncə Apellyasiya Məhkəməsinin hakimi hansı qanunsuzluqlara yol verib?

    - Vəkilsiz qalmış şəxsə hökm oxuna bilərmi?

    Bu və maraqlı məqamları növbəti yazımızda oxuya biləcəksiniz…
    PAYLAŞ:

    Oxşar xəbərlər