Qaxın icra başçısı seçki öncəsi səlahiyyətlərini aşır

Qaxın icra başçısı seçki öncəsi səlahiyyətlərini aşır
  • Siyasət / Araşdırma / Manşet

  • Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib...


    Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Samir Nuriyev bir sıra rayonun icra başçılarını sərt tənqid edib. Seçki öncəsi özfəaliyyətlə məşğul olan bir sıra rayon və şəhərlərin icra başçıları barədə PA rəhbərinə ayrıca məruzə olunub. Həmin rayonlar sırasında Qax da var.

    Belə ki, Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bütün yerli idarə və qurumların rəhbər şəxslərindən tutmuş sıravi əməkdaşlarını qəbuluna çağıraraq, kobud surətdə təhqir edir, seçkilərdə hazırkı deputat Azər Kərimliyə səs vermələrini tələb edir ki, bu da kobud qanun pozuntusudur.

    Bundan başqa, Musa Şəkiliyev sosial şəbəkələrdə digər deputatlığa namizədlərin paylaşımlarını bəyənən, həmin namizədlərlə ümumiyyətlə sosial şəbəkələrdə dost olan yerli qurumların nümayəndələrini, orta məktəb müəllimlərini, həkimləri və texniki işlərdə çalışan yerli sakinləri hədə-qorxu yolu ilə təzyiq altında saxlayır. İcra başçısının bucür kobud rəftarına məruz qalan şəxslərin redaksiyamıza verdiyi məlumata görə, icra başçısı Musa Şəkiliyev Facebookda saxta profillə girərək, bütün yerli məmurların paylaşımlarına, kimləri bəyəndiklərinə nəzarət edir və bir-bir həmin yerli məmurlara zənglər edərək, öz əməkdaşlarına ciddi nəzarət etmələrini istəyir.

    Qaxın icra başçısı Musa Şəkiliyevin bu qanunsuz hərəkətləri barədə yerli hüquq-mühafizə orqanları da məlumatlıdır və onlar da öz səlahiyyətləri çərçivəsində müvafiq araşdırmalar aparırlar.

    Zəruri qeyd: Görünən odur ki, Qaxın icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kabinetində saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməllərindən nəticə çıxarmaq istəmir və ölkə başçısı cənab İlham Əliyevin son aylar uğurla həyata keçirdiyi islahatlar dalğasına hər vəchlə mane olmağa çalışır.(qax.org)

    Asiya.az xatırladır ki, 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə dövlət başçısı seçki prosesinə müdaxilə etmiş iki İcra hakimiyyəti başçısını - Zaqatala və Sabirabad rayonlarının İH başçılarını işdən biabıçıcasına qovmuşdu. Hər iki İH başçısı azad olunmaları barədə sərəncamı AzTV-nin efirindən eiştmişdilər. Əslində, bu tələb ATƏT-in müşahidə missiyasından gəlir. Əlavə etsək ki, adı çəkilən icra başçısının adı mediada və sosial şəbəkələrdə yerli sakinlərin incidilməsində, bir sıra korrupsiya qalmaqllarında hallanıb, o zaman seçkidən sonra Musa Şəkiliyevin və seçkiyə müdaxilə edən bir sıra digər icra başçılarının işdən azad edilməsi gözləniləndir.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər