“BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir” (MÜSAHİBƏ)

“BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir” (MÜSAHİBƏ)
  • Müsahibə

  • Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin il yarım ərzində tam istismara verilməsi gözlənilir. "Azərbaycan Dəmir Yolları" QSC bu marşrutla yükdaşımaların həcmini artırmaq üçün bir sıra ölkələr və şirkətlərlə danışıqları davam etdirir. Qurumun Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov "Report”a müsahibəsində görülən işlər barədə məlumat verib.

    - Yaxın aylarda BTQ dəmir yolu xətti ilə hansı ölkələrdən yükdaşımanın həyata keçirilməsi gözlənilir? Bu marşruta hansı ölkələr maraq göstərir?


    - BTQ və ümumiyyətlə Azərbaycan dəmir yollarının potensialının beynəlxalq müstəvidə tanıdılması istiqamətində "Azərbaycan Dəmir Yolları” ardıcıl işlər aparır. Yeni tərəfdaşlar qazanmaq, yeni partnyorluq münasibətlərin yaradılması üçün intensiv danışıqlar aparırıq, tanıtım xarakterli tədbirlərdə iştirak edirik. Ötən il Azərbaycan dəmiryolçuları xarici ölkələrə ezam olunub, danışıqlarda iştirak ediblər. Eyni zamanda, xaricdə təşkil olunan beynəlxalq sərgi, seminar, forum və konfranslara qatılırlar. Bu cür tədbirlər yeni tərəfdaşlar qazanmaq üçün fürsəti yaradır. Son 1 il ərzində Azərbaycan Dəmir Yolları” və onun törəmə müəssisələri - "ADY Express” və "ADY Konteyner” MMC-lərin əməkdaşları 25 dəfə xarici ölkələrə ezam olunaraq, müxtəlif beynəlxalq təbdirlərdə, ikitərəfli görüşlərdə, aparılan danışıqlarda iştirak ediblər. Azərbaycan dəmir yollarının nümayəndələri 2019-cu ildə 3 beynəlxalq sərgi, nəqliyyat və logistika sərgilərində iştirak ediblər. Bütün tədbirlərdə BTQ-nin tanıdılması istiqamətində də ardıcıl fəaliyyət göstəriblər.

    "Azərbaycan Dəmir Yolları" 2018-ci ildən başlayaraq, BTQ ilə vaqonlarla yüklərin nəqlini həyata keçirir. "ADY Express” Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub. Daha sonra 2018-ci ilin iyul ayında "ADY Express”in operatorluğu ilə Rusiyanın Maqnitoqorsk Metallurgiya Kombinatı (MMK) ilə əməkdaşlıq reallaşıb. MMK MDB və Rusiyada fəaliyyət göstərən ən böyük metallurgiya zavodlarından biridir. Rusiyanın ən böyük 200 ixracatçısından biri hesab olunur. Bu vaxta kimi BTQ vasitəsi ilə 26 min ton MMK-ın yükü nəql edilib. Daha 12 min ton 2020-ci il yanvar ayında daşınıb. "Azərbaycan Dəmir Yolları" 2019-cu ilin dekabr ayından Rusiyanın daha bir nəhəngi sayılan "Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu BTQ ilə daşımağa başlayıb. Hazırda "Evraz" şirkətinə məxsus yük yoldadır. Yükün ümumi çəkisi 2 053 tondur. Qeyd edək ki, "Evraz" dünyanın ən iri mettalurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Bu şirkətlə də əməkdaşlığın davamlı olacağı nəzərdə tutulur.

    - "Trans-Sibir" magistralı ilk yüklərin nə vaxt göndərilməsi gözlənilir?


    - 2019-cu il sentyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda "Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” (TDƏŞ) Beynəlxalq Assosiasiyasının plenar iclasında "Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvü seçilib. Məlumat üçün deyək ki, Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü ildə Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Cənubi Koreya, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir. TDƏŞ-ə üzv olmaqla Azərbaycan dəmir yolları, Transsibir magistralı və BTQ dəmir yolu xətti ilə sinerji yaradaraq, Uzaq Şərq regionundan, yüklərin Türkiyə, Balkan, Cənub və Şərqi Avropa və aralıq dənizi ölkələrinə yüklərin daşınması mexanizmini asanlaşdırmış olur. Hazırda Yaponiyaya, Cənubi Koreyaya və Çinə məxsus olan yüklərin Rusiyanın Uzaq Şərqdəki limanları və Trans-Sibir magistralı vasitəsilə hərəkət edərək ölkəmizdən tranzit olaraq daşınması istiqamətində Rusiya, Yaponiya və Cənubi Koreya tərəfi ilə danışıqlar davam edir.

    - Digər xarici ölkələrin BTQ dəmir yolu xətti ilə yükdaşımayaı marağı varmı?

    - BTQ-yə maraq artmaq üzrədir. Belə ki, 2019-cu ilin noyabr ayında "Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi Yaponiyanın paytaxtı Tokioda bu ölkənin biznes dairələrinin və hökümət nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər. Nümayəndələrimiz Yaponiyanın 10-dan artıq iri yük sahibləri və logistik şirkətlərinin rəhbər heyəti ilə danışıqlar aparıblar. Aparılan danışıqlarda Azərbayacanla Yaponiya arasında nəqliyyat, logistika və dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Azərbaycan dəmiryolçularının təklif etdiyi marşrut, Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu, Trassibir magistralının BTQ ilə yaranan sinerji hesabına yaradılan marşrutu Yaponiyanın biznes dairələri maraqla qarşılayıb. Tokioda aparılan danışıqlarda, yüklərin nəqli mexanizmləri, tariflər, tranzit vaxtı və digər mühüm məsələlər müzakirə olunaraq, əlaqələrin yaxın zamanlarda davam etdirilməsinə dair qərarlar qəbul olunub. Əlavə görüşlərdən sonra, Azərbaycanın təklif etdiyi marşrutla yüklərin nəqli həyata keçirilə bilər. BTQ vasitəsi ilə yüklərin daşınmasına Rusiyanın daha bir sıra iri şirkətləri maraq göstərib ki, hazırda yeni layihələrin reallaşması istiqamətində işlər aparılır. BTQ vasitəsi ilə yüklərin nəqlində Çin, Yaponiya, Mərkəzi Asiya ölkələri, Türkiyə və bir sıra Avropa ölkələri (Avstriya, Bolqarıstan, Rumıniya, Çexiya və s.) maraq göstərirlər. Qeyd olunan ölkələrə məxsus yüklərin bir qismi artıq BTQ vasitəsi ilə daşınır.

    - Azərbaycan və Özbəkistan Dəmir Yolları arasında əməkdaşlıq məsələləri müzakirə edilməsi ilə bağlı məlumatlar yayılmışdı. Özbəkistanın BTQ dəmir yolu xətti ilə yükdaşıma ilə bağlı marağı ifadə edilmişdi. Özbəkistandan ilk yüklərin nə zaman gəlməsi gözlənilir?

    - Özbəkistan Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq multimodal marşrutunun fəal iştirakçılarından biridir. Marşrut ümumiyyətlə, Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə/Avropa ölkələri əhatə edir və təbii ki, bu marşrut vasitəsi ilə, Özbəkistana məxsus yüklərin daşınması mümkündür.

    2019-cu il dekabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq multimodal marşrutun inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub. Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub.

    Bundan əvvəl isə, Çinin Şanxay şəhərində keçirilən II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edən, Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev və "Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və digər rəsmi şəxslər Özbəkistanın Baş Nazirinin müavini Elyor Qəniyevin başıçılıq etdiyi Özbəkistan nümayəndə heyəti ilə görüş keçiriblər. Aparılan danışıqlar zamanı, ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə məslələləri də diqqət mərkəzində olub. Görüşdə Özbəkistanın ixrac yüklərinin, eyni zamanda ölkəyə gətirilən idxal mallarının, Azərbaycan ərazisində, BTQ dəmir yolundan istifadə etməklə nəql olunması məsələləri müzakirə edilib. Bundan başqa, Şərq-Qərb nəqliyyat dəhlizində tranzit yüklərinin daşınması da aparılan danışıqlarda diqqət mərkəzində olub.

    - Yükdaşımalarda yük stansiyaların potensialını daha da təkmilləşdirilməsi istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur? Neft və neft məhsulları, taxta və taxta məhsulları və taxıl üzrə məhsulları üzrə tarifləri artırmaq, mineral tikinti materialları, dəmir polad və filiz konteynləşdirilmiş məhsullar üzrə tarifləri azaldılması ilə bağlı bəzi təkliflər var idi. Hazırda bu məsələ ilə əlaqədar hər hansı bir addımların atılması gözlənilirmi?

    - Ölkəmizdə dəmir yolu nəqliyyatı vasitəsilə idxal, ixrac və tranzit yükdaşıma tarifləri, Dəmir Yollarının Beynəlxalq daşımalar üzrə Tarif Razılaşması çərçivəsində, üzv ölkələrin (MDB, Estoniya, Latviya, Litva və Gürcüstan) dəmir yolu administrasiyalarının iştirakı ilə hər il keçirilən Tarif Konfransında dəyişikliklər edilərək formalaşdırılır. Bu Tarif Konfranslarının nəticələri protokol şəklində rəsmiləşdirilir və dəyişikliklər yeni fraxt ili üçün nəzərdə tutularaq, MDB üzvü ölkələrin iqtisadi maraqları nəzərə alınaraq Dəmir Yollarının Beynəlxalq Yükdaşımalar üzrə Tarif Siyasəti hazırlanır. "Azərbaycan Dəmir Yolları” da ölkənin və dəmir yolunun iqtisadi maraqlarının özündə əks etdirən bu sənədi hər yeni fraxt ili üçün hazırlayaraq, öz rəsmi internet səhifəsində yerləşdirir.

    Eyni zamanda, Azərbaycanda dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə ölkə prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı əsasında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. "Azərbaycan Dəmir Yolları” tranzit neft və neft məhsullarının daşınması üçün təyin olunmuş güzəştli tariflərin yuxarı həddi barədə təkliflər hazırlayaraq Şuraya təqdim edib və hazırda bu daşıma tarifləri qüvvədədir.

    "Azərbaycan Dəmir Yolları” tranzit potensialını artırmaq, digər nəqliyyat növlərindən, həmçinin alternativ nəqliyyat dəhlizlərindən yüklərin dəmir yoluna cəlb edilməsi məqsədi ilə müəyyən konteynər və vaqon göndərmələrinə güzəştli tariflər tətbiq edilib. Bundan əlavə, "Azərbaycan Dəmir Yolları” yeni yüklərin cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirir və bu yüklərin daşınması zamanı güzəştli tariflərə yenidən baxır.

    - Yükdaşımada IT texnoligiyaların tətbiqi hansı səviyyədədir və bu istiqamətdə daha hansı təkmilləşdirilmə işlərinin həyata keçirilməsi gözlənilir?
    - Hazırda departamentin Yük və kommersiya xidməti üzrə yük əməliyyatı aparan stansiyalarda yük xəzinədarlarının, yük qəbuledicilərinin avtomatlaşdırılmış iş yerləri yaradılıb, Biləcəri-Yalama sahəsində, Astara, Abşeron, Keşlə stansiyalarında tətbiq olunub. Yük daşıyıcılarından (Ekspeditorlardan) yük daşımaları haqqında sifrişlər ADY SMART vasitəsi ilə qəbul olunur, təsdiqləndikdən sonra bu barədə məlumat həm ekspeditorlara, həm stansiyalara və digər aidiyyatı üzrə qurumlara bu sistem üzərindən avtomatik şəkildə ötürülür. Vaqon təsərrüfatı üzrə Biləcəri, Gəncə, Hacıqabul, Ələt vaqon depolarında və 22 Texniki xidmət mərkəzində (TXM) vaqonların texniki nasazlıq səbəbindən təmirə açılmaları, onların təmirdən çıxması əməliyyatları haqqında məlumatlar və hesabatlar real rejimdə əsas serverə və müvafiq qurumlara ADY SMART əməliyyat sistemi vasitəsi ilə ötürülür.

    Növbəti hədəflər kimi isə bunlar Lokomotiv təsərrüfatının (istismar və təmir sexləri) Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması, Vaqon təsərrüfatının avtomatlaşdırılmasının başa çatdırılması (təmir sexinin işi), Yük və kommersiya xidmətinin Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təkmilləşdirilməsi – "Müştəri xidmətləri” modulunun və "Müştəri kabineti”nin yaradılması və yük daşımaları prosesinin bu modul üzərindən həyata keçirilməsi müəyyənləşdirilib.

    “BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir” (MÜSAHİBƏ)
    “BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir” (MÜSAHİBƏ)
    “BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir” (MÜSAHİBƏ)
    PAYLAŞ:

    Oxşar xəbərlər