Deputatların qohumluq əlaqələri: Nazir atası, “qanuni oğrunun” qohumu - ADLAR

Deputatların qohumluq əlaqələri: Nazir atası, “qanuni oğrunun” qohumu - ADLAR
  • Siyasət, Araşdırma, Manşet

  • Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərdə lider namizədlərin adlarını açıqlayıb. Qeyd edək ki, bu, ilkin rəsmi nəticələrdir.

    Asiya.az xəbər verir ki, yeni seçilən deputatların hansı tanınmış şəxslərlə qohum olduğunu araşdırmağa çalışıb.

    İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəylinin atasıdır.

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla qudalıq qohumluğundadır.

    Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzov Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin kürəkənidir. S.Novruzovun xanımı Səbinə Əliyeva isə Ombudsmandır.

    Bitərəf Rasim Musabəyov Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin bacanağıdır.

    Adil Əliyev Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşıdır.

    Ziyad Səmədzadə bəstəkar Aygün Səmədzadənin atasıdır.

    27 saylı Sabunçu İkinci Seçki Dairəsinin lider namizədi Əliabbas Salahzadə eks-deputat Qalib Salahzadənin oğludur. Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

    Oqtay Əsədov Samuxun icra başçısı Alı Qocayevin qudasıdır.

    Fəzail Ağamalı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin qohumudur.

    Yerli mediada yazılanlara görə, F.Ağamalının qardaşı qızı R.Lənkəranskinin qardaşı sabiq Gömrük rəisi Namiq Canıyevin həyat yoldaşıdır.

    65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən parlamentə keçən Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavinidir.

    Malik Həsənov isə Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır.

    Hadi Rəcəbli Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın qudasıdır.

    YAP-çı deputat Cavanşir Paşazadə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşıdır.

    İqbal Məmmədov Şamaxının keçmiş icra başçısı Asif Məmmədovun qardaşıdır.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı ilə evlidir.

    Astara rayonundan deputat seçilmiş ürək-damar cərrahı Rəşad Mahmudov Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudovun qardaşıdır.

    Masallı rayonundan yeni deputat seçilmiş Məşhur Məmmədov Masallının keçmiş icra başçısı Teymur Yəhyayevin qudasıdır. Deputatın qızı T.Yəhyayevin Vergilər Nazirliyində işləyən oğlu Heydər Yəhyayevin həyat yoldaşıdır.

    Bitərəf Çingiz Qənizadənin oğlu Elgiz Qənizadə Binəqədi prokurorunun müavinidir.

    Aqil Abbas mərhum Xalq şairi Məmməd Arazın kürəkənidir. O, M.Arazın qızı İradə Tuncayla ailə həyatı qurub.

    Onların oğlu Tuncay Abbasov yüksəkçinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

    Sabir Hacıyev iş adamı ilə qohumluq əlaqəsindədir. S.Hacıyevin gəlini tanınmış iş adamı Bəylər Məmmədovun qızıdır.

    Qənirə Paşayeva Azərbaycanın Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin qardaşı qızıdır.

    Fəttah Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

    Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

    MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

    Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

    Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər